Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 09:31:00
Şagirdlərə yanğın hadisələri zamanı düzgün davranış vərdişləri aşılanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yardımlı rayon Çayüzü kənd orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Alıbəyli kənd orta məktəbində,

Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul şəhər 4 nömrəli orta məktəbində maarifləndirmə tədbirləri keçirib.

Bu tədbirlər Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Zərdab Tarix Diyarşünaslıq Muzeyində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən isə Oğuz rayon Şirvanlı kənd orta məktəbində davam etdirilib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xəttinə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib.

Həmin müəssisələrdə şagirdlərə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, bu hadisələr zamanı düzgün davranış vərdişləri aşılanıb.

Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb.

Pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Eyni zamanda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.