XƏBƏRLƏR

02.12.2019 09:00
Kərəm Məmmədov qəbul imtahanındakı  inqilabi yenilikdən danışdı: “Bunları çıxardıq”  

 

“Dərsliklər hazırlananda nəzərə alınmalıdır ki, bu, orta məktəb şagirdləri  üçündür.   Dərslik orta məktəb şagirdlərinə görə hazırlanırsa,  elə yazılmalıdır ki, materiallar şagirdlər üçün ağırlıq yaratmasın.  Bu meyar tam diqqətdə saxlanılmalıdır.  Sonra da bütün məsuliyyəti Dövlət İmtahan Mərkəzinin üzərinə yükləyirlər ki, niyə qəbul proqramından bəzi mövzuları çıxardınız və s.  Dərslik yazılanda  proqram  materialları qəbul imtahanı ilə uyğunlaşdırılmalıdır”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında tarixçi alim, DİM-in tarix fənni üzrə ekspert heyətinin sədri Kərəm Məmmədov qeyd edib.

O, bildirib ki, abituriyentlərə kömək məqsədilə bəzi mövzular qəbul proqramında çıxarılıb:

“Keçən  il qəbul imtahanlarında, sözün açığı, inqilabi dəyişiklik etdik.  Dərslikdəki Yaponiyanın orta əsrlərə aid tarixi materialın  oxuyanda onu başa düşmək mümkün deyildi.  Digər faktları bir kənara qoyaq, elə insan adlarını əzbərləmək çətindir.  Eləcə də Çinin orta əsrlər dövrü, bizim üçün heç bir əhəmiyyəti olmayan Hollandiya burjua inqilabını  qəbul proqramından çıxardıq.  Bu il  isə əlavə olaraq   1920-30-cu illər İngiltərə tarixini çıxardıq, SSRİ 1920-30-cu illərdə mövzusunu əlavə etdik.  Çünki həmin mövzuda Azərbaycan tarixinə aid qısa materiallar  var”.

Kərəm Məmmədov dərsliklərdə olan problemlərə də münasibət bildirib:

“ Keçən il Dövlət İmtahan mərkəzində gənc müəllimlərdən ibarət qrup yaratdıq.  Dərsliklərdə olan boşluqlarla,  səhvlərlə bağlı  xeyli materialllar toplandı. Bu səhvlər  abituriyentlərin günahı deyil. Ona görə də testlər hazırlananda bu problemlərdən maksimum  qaçmağa çalışırıq. Bu işi əslində dərsliklərə rəy verən heyyət həll etməlidir. Dərslikləri oxuyan ekspertlər hara baxırdılar? Və yaxud, dərslikləri yazan adamlar həmkarlarının yazdıqlarına niyə nəzər salmayıb?   Məzmundan əlavə normal şrift qaydaları gözlənilməyib. 10-11-ci sinif dərslikləri elə xırda şriftlərlə yazılıb ki, oxuyanların gözünü məhv edir.  Xırda şriftlə o qədər materialı şagird necə qavrasın?  Bizim orta məktəbdə oxuyan yeniyetməmiz faktlar toplusunu əzbərləməyə ,adları belə bizim dildə səslənməyən lazımsız faktları oxumağa məcburdurmu?  Ona görə  dərsliklərin özünü konkret bir standarta salmaq lazımdır.  Biz istəyirik  ki, şagirdlər  elə 11-ci sinfi qutarana kimi tarixə aid faktların  hamısını bilsin.  Axı bu düzgün deyil.  Şagird gələcəkdə tarix fakültəsinə qəbul olsa, onda nə öyrənəcək?Mən həmişə deyirəm:  Bulağın suyunun təmiz olması üçün o gözündən təmizlənməlidir.   Bulağın da gözünü təmizləmək üçün birinci növbədə  normal dərsliklər  yazılmalıdır”.

Ayşə  Müseyib

İlin gənc müəllimi-Müraciət formu