Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 10:36:00
Rektor: “Orta məktəblər üçün proqram layihəsi üzərində çalışırıq”-ANONS

“Məktəblərdə informatika fənninin yükünü daha da artırmaq lazımdır”.

Bu sözləri AzEdu.az-a özəl açıqlamasında Azərbaycan Dövlət Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev söyləyib.

O, qeyd  edib ki, ali məktəblər və orta təhsil müəssisələri paralel olaraq inkişaf etməlidir.

“Universitetlərin orta məktəblərə təsiri geniş şəkildə artırılmalıdır. Belə olmasa, Azərbaycan Texniki Universiteti və digər təhsil müəssisələrində  yüksək nəticələr əldə etmək mümkün olmayacaq.

Universitetimiz orta məktəblərlə yeni proqram layihəsi üzərində işləyir. Düşünürük ki, Azərbaycanda olan məktəblərin texniki imkanlarını inkişaf etdirmək və riyaziyyat , informatika fənlərinin ağırlığını daha da artırmaq lazımdır. Bununla bağlı bizim xüsusi bir proqram layihəmiz formalaşır. Yaxın gələcəkdə bu layihəni təqdim etməyi planlayırıq. Bu layihə internet lisey formatında təşəkkül tapacaq. Bununla da bizim orta məktəblərə təsir imkanlarımız geniş şəkildə artacaq.

Günümüzdə mövcud olan texniki təhsil 20,30 il əvvəlki  təhsildən xeyli dərəcədə fərqlənir. Çünki zaman dəyişdikcə tədrisdə yeniliklər özünü göstərir və fərqli ideya və formalar yaranmağa başlayır. Bu gün informasiya texnologiyaları və kompüter elmlərinin tələbələrə təsiri olduqca böyükdür.

Məktəblərdə informatika fənninin yükünü daha da artırmaq lazımdır. Şagirdlər proqram təminatını sadə şəkildə öyrənə bilsələr, digər texniki üsulları da qavraya biləcəklər. Ona görə də məktəblərdə şagirdlərə texniki fənləri sadə üsulla öyrətmək lazımdır ki, onların tətbiq istiqamətləri daha da genişlənsin.

Orta məktəb şagirdləri 8-ci sinifdən etibarən kiçik də olsa, proqram yazmaq qabiliyyətinə yiyələnməlidilər. Əgər bunu orta məktəblərdə təbliğ edə bilsək, ATU və digər universitetlər ciddi kadr bazasına malik ola biləcəklər. Şagirdlər də gələcəyin ixtiraçıları və innovatrları olacaqlar”.

Qeyd edək ki, Azərbaycan Dövlət Texniki Universitetinin rektoru Vilayət Vəliyevlə geniş müsahibə yaxın günlərdə AzEdu.az-da yayımlanacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları