Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 15:30:00
Bakı Dövlət Universiteti BP ilə əməkdaşlıq sazişi imzaladı

Bakı Dövlət Universiteti (BDU) ilə “BP Eksploreyşn (Kaspian Si) Ltd” arasında əməkdaşlıq sazişi imzalanıb. BDU-nun rektoru Elçin Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun imzaladığı saziş ali təhsilə dəstək xarakteri daşıyır.

AzEdu.az xəbər verir ki, əməkdaşlıq sazişində elmi araşdırmaların və akademik fikir mübadiləsinin ictimailəşdirilməsinə dəstək olmaq üçün rəqəmsal texnologiyalara əsaslanan yeni qurumlar yaradılması, rəqəmsal əsasda idarə edilməsi, təhsildə yeni standartların tətbiqi və ya mövcud standartların təkmilləşdirilməsi, elektronlaşdırma və s. kimi məsələlər nəzərdə tutulur.

Rektor Elçin Babayev universitetin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb və əməkdaşlığın faydalı olacağını vurğulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons sazişin əhəmiyyətini qeyd edərək, onun əməkdaşlıq imkanlarını genişləndirəcəyinə əminliyini bildirib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Nano Araşdırmalar Mərkəzi və Elmi Kitabxanası ilə tanış olublar.