Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 09:48:00
Məzuniyyətdən imtina edib, iş başında olan rektorlar -SORĞU

 

Yay fəslinin gəlməsi ilə əksəriyyət tətilə yollandır. Bəs bu dövrü universitet rəhbərləri necə dəyərləndirirlər?

Mövzu ilə bağlı AzEdu.az olaraq, müxtəlif universitetlərlə əlaqə saxladıq. Bəzi rektorlar artıq istirahətə yollansa da, bəziləri yaya boyu işinin başında olacaq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəcibə Mirzəyeva AZMİU rektoru professor Gülçöhrə Məmmədovanın avqustun əvvəlindən məzuniyyətə yollanacağını deyir:

“Rektorun məzuniyyəti şöbə müdirləri ilə  eyni vaxtda - iyul ayının sonundan sonra başlayır.  Avqustun birindən etibarən isə məzuniyyətə yollanacağıq. Rektor bəzən, işlə bağlı elmi məzuniyyətə də getməli olur”.

Bakı Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Avılbəylinin sözlərinə görə, rektor Nazim Hüseynli bir neçə gün əvvəl məzuniyyətə çıxsa da, işlə bağlı sualları daim cavablandırır:

“Universitetin işinə mane olmamaq üçün heyət müxtəlif vaxtlarda məzuniyyətə çıxır. Rektor iyulun 16-dan istirahətdə olsa belə, mühüm məsələlərlə bağlı sualları cavablandırır”.

Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova rektor Səadət Əliyevanın məzuniyyətdə olsa da daim əməkdaşlarla əlaqədə olduğunu deyir:

“İxtisas seçimi bitənə qədər, rektorumuz iş başındadır. Məzuniyyətdə olsa da daim əməkdaşlarla əlaqədə olur. Nə rektor, nə də ictimaiyyətlə əlaqələr şöbəsinə bir növ istirahət olmur”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli rektor, akademik, Xalq yazıçısı Kamal Abdullanın məzuniyyət müddətində də daim işinin başında olduğunu bildirib:

“Kamal Abdulla iyul ayı ərzində məzuniyyət götürsə də vaxtının çoxunu universitetdə keçirib. O, Slavyan Universitetində çalışdığı 15 il müddətində də, burada da məzuniyyət müddətində işinin başında olur. Rektorun məzuniyyəti dövründə onun vəzifəsini başqası icra etsə də Kamal müəllim qeyri-rəsmi formada da olsa işinin başında olur”.

Bakı Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə İbrahimova rektor Elçin Babayevin yay boyu işinin başında olacağını deyir:

“Əmək Məcəlləsinə görə  məzuniyyət üçün 6 ay çalışmaq lazımdır. Elçin Babayev vəzifəsinə yeni təyin olunduğu üçün bildiyim qədəriylə, yay boyu işinin başında olacaq”.