Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 15:33:00
Hansı universitetlərimizdə ikili diplom proqramları tətbiq olunur? - SİYAHI

Azərbaycanın bəzi ali məktəblərində beynəlxalq ikili diplom proqramı tətbiq olunur.

Beynəlxalq ikili diplom proqramının tətbiqi ilə tədris dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun təşkil edilir və tələbə hər iki universitetin diplomunu əldə etmək imkanına sahib olur.

AzEdu.az Azərbaycanda beynəlxalq ikili diplom proqramları tətbiq olunan ali məktəbləri təqdim edir:

Bakı Ali Neft Məktəbi magistratura səviyyəsində Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə ikilli diplom əməkdaşlığı edir. Bundan başqa, Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və Qaz Menecmenti üzrə yeni MBA proqramı tədris ediləcək. Tədris proqramı Bakı Ali Neft Məktəbinin Cenevrə Biznes Məktəbi (GBS) ilə yenicə imzaladığı Əməkdaşlıq Razılaşmasına əsaslanıb. Yeni MBA Proqramı 2019-cu ilin sentyabrında ilk tələbələrini qəbul edəcək və tədrisin sonunda tələbələr hər iki universitetin diplomlarını alacaqlar.

Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr səviyyəsi üzrə Fransanın Montpellier Universiteti, magistratura səviyyəsi üzrə Türkiyənin Uludağ Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramları həyata keçirilir.

MBA proqramı üzrə İsveçrənin UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) və ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı tətbiq olunur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransanın Strazburg və Renn 1 Universitetləri ilə ikili diplom proqramları həyata keçirilir.

Hazırda ADNSU Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti(Almaniya), Ploeşti Neft və Qaz Universiteti (Rumıniya), Tronheym Şəhər Elm və Texnologiya Universiteti (Norveç), Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya), Genuya Universiteti (İtaliya), Nitsa Sofiya-Antipolis Universiteti (Fransa), Afina Milli Texniki Universiteti (Yunanıstan), Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan) kimi xarici ali məktəblərlə sıx əməkdaşlıq edir. Eyni zamanda Almaniyanın Zigen Universiteti ilə Biznesin təşkili üzrə birgə bakalavr (BBA), ABŞ-ın Corciya Dövlət Universiteti ilə Biznesin təşkili üzrə birgə magistr proqramları da (MBA) xüsusi qeyd oluna bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları