XƏBƏRLƏR

23.05.2019 14:12
Azərbaycan Universitetində ali  təhsilin problem və perspektivləri müzakirə olundu

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” mövzusunda respublika konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, konfransın məqsədi yeni çağırışlar qarşısında olan Azərbaycan ali təhsil sisteminin problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün elmi platforma tətbiq etməkdir.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən ümummilli lideri Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Konfransın açılış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev, Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının müdiri, prof. Ləzifə Qasımova çıxış edərək konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətini vurğulayıb, tədbirin işinə uğurlar arzulayıblar.

Plenar iclasda prof. Yusif Qasımovun “Elm-təhsil-sənaye: müasir çağırışlar” mövzusunda plenar məruzəsi dinlənilib. Yusif Qasımov prezident İlham Əliyev tərəfindən “neft kapitalını insan kapitalına çevirmək” ideyasının irəli sürüldüyünü xatırladaraq keyfiyyətli insan kapitalının yaradılmasının yolunun bütün pillələrdə yüksək səviyyəli təhsildən keçdiyini vurğulayıb. Dünyanın qabaqcıl ölkələri sırasına yüksəlmənin təhsil, elm və sənaye faktorlarının ideal əlaqəsi ilə mümkün olacağını qeyd edən professor, ölkəmizdə və Azərbaycan Universitetində bu istiqamətdə görülən işlər haqqında məlumat verib.  

Fasilənin ardından konfransın işi bölmə iclaslarında davam edib. Bölmələrdə Azərbaycan təhsilində kurikulum çərçivə sənədi və pedaqoji kadr hazırlığı məsələləri, dil kimliyi elm və təhsil kollaborasiyası aspektində, ümumi təhsildə məzmun islahatları, təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulunun tənzimlənməsi və digər bu kimi aktual məsələlər müzakirə olunub.

Konfrans materialları toplu şəklində çap olunub və məruzəçilərə təqdim olunub. 

 

İlin gənc müəllimi-Müraciət formu