XƏBƏRLƏR

23.05.2019 11:29
Ali məktəbdən qovulan şəxslər təhsilini kollecdə davam etdirə bilərlər -  Yeni qayda

Ali təhsil pilləsinin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) müvafiq ixtisas üzrə normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan şəxs təhsilini orta ixtisas təhsili müəssisəsində bu Qaydaların 4.10-cu bəndinə uyğun seçilmiş ixtisas üzrə davam etdirmək hüququna malikdir.

AzEdu.az-ın  məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların müraciəti əsasında baxılır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisəsindən orta ixtisas təhsili müəssisəsinə köçürülməsi məsələsi də bu Qaydalarla tənzimlənir. Xarici ölkələrin təhsil müəssisələrinin və Azərbaycan Respublikasında fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında, Azərbaycan Respublikasında ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə Nazirlik tərəfindən baxılır. Dövlət orqanlarının (qurumlarının) tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsi məsələsinə baxılan zaman həmin dövlət orqanlarının (qurumlarının) razılığı da tələb olunur.

Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir. Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Tələbə ali təhsil müəssisəsindən orta ixtisas təhsili müəssisəsinə köçürüldüyü halda, onun əvvəllər qazandığı kreditlər (təhsil nəticələri) Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.17-ci yarımbəndinin tələblərinə uyğun olaraq  nəzərə alınır.

Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılır.

Azərbaycan Respublikasında ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi üçün onlar Nazirliyin transfer.edu.az elektron portalı vasitəsilə ərizə ilə müraciət etməli və ərizələrinə təhsil müddətində tədris olunan fənlər üzrə topladıqları kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənədi (bundan sonra – akademik transkript) və təhsil haqqı borclarının olmaması barədə arayışı əlavə etməlidirlər.

Ərizəçinin təqdim etdiyi sənədlərdəki məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemində mövcud olan müvafiq məlumatlarla  tutuşdurulur, sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edilmədikdə, ərizəçinin köçürülməsi ilə bağlı müsbət qərar qəbul olunur və Nazirlik tərəfindən ərizəçinin köçürüldüyü orta ixtisas təhsili müəssisəsinə Nazirliyin razılıq məktubu, ərizəçinin təhsil aldığı ali təhsil müəssisəsinə isə onun şəxsi işinin ərizəçinin köçürüləcəyi təhsil müəssisəsinə göndərilməsi ilə bağlı məktub təqdim edilir.

Ərizəçinin sənədlərində uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə, Nazirlik tərəfindən köçürülmədən imtina barədə qərar qəbul edilir və imtinanın səbəbləri göstərilməklə, bu  barədə ərizəçiyə 3 (üç) iş günü müddətində məlumat verilir.

Xarici ölkələrin təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasında fəaliyyətini dayandırmış ali təhsil müəssisəsində bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin  orta ixtisas təhsili müəssisələrinə köçürülməsi üçün onlar ərizə ilə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsinə müraciət etməli və  ərizələrinə aşağıdakı sənədləri əlavə etməlidirlər:

  4.16.1. akademik transkript;

  4.16.2. Mərkəz tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edib-etməməsi barədə arayış.

Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan şəxslər göstərilən sənədlərlə yanaşı, həmçinin təhsil aldıqları müddətdə onların təhsil aldıqları ölkəyə gedib-gəlmələrinə dair təsdiqləyici sənədləri və akademik transkriptin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də əlavə etməlidirlər.

Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan ərizəçinin müraciət etdiyi orta ixtisas təhsili müəssisəsi onun həqiqətən xarici ölkədə təhsil almasını, onun təhsil aldığı ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olmasını müəyyən etmək üçün təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkənin aidiyyəti qurumlarına sorğu göndərir. Orta ixtisas təhsili müəssisəsi göndərdiyi sorğuya müsbət cavab aldığı halda, ərizəçinin köçürülməsi ilə bağlı Nazirlik qarşısında vəsatət qaldırır.

Xarici ölkələrin təhsil müəssisələrindən, eləcə də ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı orta ixtisas təhsili müəssisəsinin vəsatətinə və ərizəçinin təqdim etdiyi akademik transkriptə əsasən ərizəçinin orta ixtisas təhsili müəssisəsinin vəsatətində və ya ərizəçinin ərizəsində qeyd olunan  ixtisasa  uyğunluğu Nazirlik tərəfindən müəyyən edilir.

Nazirlik xarici ölkələrin təhsil müəssisələrində təhsil alan şəxslərin təhsil aldıqları müddətdə təhsil aldıqları ölkəyə gedib-gəlmələrinə dair təsdiqləyici sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları,məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bu mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Dövlət orqanları (qurumları) Nazirliyin sorğusuna ən geci 7 (yeddi) iş günündə baxaraq cavab verməlidirlər. Nazirlik orta ixtisas təhsili müəssisəsinin və ərizəçinin Qaydaların tələbləri nəzərə alınmaqla təqdim etdikləri sənədlərində uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar etmədikdə, ərizəçinin köçürülməsi ilə bağlı müsbət qərar qəbul edir və 5 (beş) iş günü müddətində orta ixtisas təhsili müəssisəsinə göndərir. Köçürülmə məsələsinə baxılan zaman ərizəçinin akademik göstəriciləri də nəzərə alınır.

Nazirliyin müvafiq məktubu daxil olduqdan sonra ərizəçinin təhsil aldığı ali təhsil müəssisəsinin rəhbəri onun orta ixtisas təhsili müəssisəsinə köçürülməsi ilə bağlı həmin təhsil müəssisəsindən xaric olunması barədə əmr verir və akademik transkriptlə birlikdə tələbənin şəxsi işini 5 (beş) iş günü müddətində onun köçürüldüyü orta ixtisas təhsili müəssisəsinə göndərir.  Ərizəçinin şəxsi işi ali təhsil müəssisəsi tərəfindən onun özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər. Azərbaycan Respublikasında fəaliyyətini dayandırmış təhsil müəssisələrinin  bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin şəxsi işi ərizəçiyə onun müraciəti əsasında Nazirlik tərəfindən və ya “Milli arxiv Fondu haqqında”  Azərbaycan Respublikasının Qanununa əsasən verilir. Xarici ölkələrin təhsil müəssisələrində bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan ərizəçinin şəxsi  işi onun özü tərəfindən orta ixtisas təhsili müəssisəsinə təqdim edilir.

Ərizəçinin köçürüldüyü orta ixtisas təhsili müəssisəsi ərizəçinin şəxsi işi daxil olduqdan sonra 5 (beş) iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir, uyğun olanları nəzərə alır və onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.

Ali təhsil pilləsinin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər.

İlin gənc müəllimi-Müraciət formu