Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 12:57:00
“700-lük” tələbələrdən reaksiya: ”Rus bölməsinin şagirdləri dərslərə yetəri qədər meyilli olmurlar” -MÜBAHİSƏ  

Jurnalist Azər Həsrətin “Facebook” sosial şəbəkəsində etdiyi paylaşım geniş müzakirələrə səbəb olub. AzərHəsrət rus bölməsində təhsil alan şagirdlərin əyləncə məkanlarına və pis vərdişlərə qurşandığını, üstəlik, bu bölmədə oxuyanların təhsildə aşağı nəticə göstərdiklərini qeyd edib. 

Jurnalist, rus bölməsi üzrə 700 bal toplayan abituriyentə rast gəlmədiyini də diqqətə çatdırıb. 

AzEdu.az mövzuyla bağlı qəbul imtahanlarında maksimum nəticə göstərən tələbələrin fikirlərini öyrənib. 

ADA Universitetinin tələbəsi Jalə Rəcəbova: 

“Orta təhsilimi rayonda başa vurmuşam.Xaçmazda rus bölməsində təhsilalanların içərisində savadlı şagirdlər olsa da, ümumilikdə bu bölmədə təhsilin səviyyəsi o qədər də güclü olmur. Rus bölməsində oxumamağımın əsas səbəbi də bu idi.

Bakı məktəblərində isə məncə, elə bir problem yoxdur. Bakıda rus bölməsini bitirən tanışlarımın əksəriyyətinin təhsil səviyyələri yüksəkdir. Həm Azərbaycan, həm rus bölməsində savadlı və nisbətən zəif şagirdlər olur. Bakı məktəblərində  rus bölməsində oxumaq dil baxımından üstünlükdür. Ən azından, dili bizim kimi sonradan öyrənmək məcburiyyətində qalmırlar”. 

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi (UNEC) Rəmzi Abıyev

“Oxuyub, yaxşı bal toplamaq istəyənlər, istənilən şəraitdə bunu  bacarırlar. Pis vərdişlər isə mühitdən və ailədən gələ bilər. Rus bölməsində oxuyanların bir qismi rusdilli ölkələrdə yaşayıb, sonradan Azərbaycana köçənlərdir. Amma təhsil göstəriciləri bölmələrə görə fərqlənməməlidir. Yüksək bal toplamaq istəyən insan harada olmasından, hansı dildə oxumasından asılı olmayaraq, hər şeyin öhdəsindən gələ bilər”. 

ADA Universitetinin tələbəsi Selcan Əhmədli: 

“Məncə, problem rus bölməsiylə bağlı deyil. Təhsilin keyfiyyəti baxımından Azərbaycan bölməsi daha üstündür. Bəlkə də rus bölməsinin şagirdləri dərslərə yetəri qədər meyilli olmurlar. Təbii ki, istisnalar da var. Lakin bu mövzuda bir dostumla mübahisəmiz olmuşdu. Dostum deyirdi ki, rus bölməsində təhsil alanlar dərslərə ciddi yanaşmasalar da, daha dünyagörüşlü olurlar.Dünyagörüşü deyəndə nəyi nəzərdə tutduğunu isə bilmirəm. Qısası, fikrimcə, azyaşlıların içkiyə, siqaretə meyillənməsi ümumi problemdir, bölmələr arasında təhsilin keyfiyyətindəki fərq isə yox”. 

Bakı Dövlət Universitetinin tələbəsi Elvin Kərimli: 

“Ümumiyyətlə, həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlər arasında elmə, təhsilə meyilli olanlarla yanaşı, maraq göstərməyənlər də var. Yəni, mənfi hallar təkcə rus bölməsində yox, həmçinin, Azərbaycan bölməsində oxuyan şagirdlər arasında da baş verir. Əlbəttə, istərdik, bu cür mənfi hallar baş verməsin. Ümid edirəm, gələcəkdə belə halların sayı sıfıra enəcək.

700 bal toplamaq məsələsinə gəldikdə, 2016-cı ildə rus bölməsinin məzunu Şahbaba Məmmədov 700 bal toplayaraq UNEC-ə qəbul olunub. Hazırda da təhsilini uğurla davam etdirir. Deməli, rus bölməsində də savadlı, dünyagörüşlü şagirdlər var. 700 bal toplamaq əlbəttə, hər şagirdin həyatında böyük uğurlardan biridir. Ancaq şagirdlərin bilik, təhsil, dünyagörüş dərəcəsini 700 bal ilə ölçmək düzgün deyil. Həmçinin, 700 bal toplamaq həyatda daim sənə yaşıl işıq yandıracaq  mənasına da gəlmir. Bu səbəbdən, rus bölməsində təhsil alanlarla bağlı səsləndirilən fikirlərlə razı deyiləm”. 

Azər Həsrətin qeyd olunanpaylaşımını olduğu kimi təqdim edirik: 

“Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da rus məktəblərinin şagirdləridir.Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədin, bilən varsa, lütfən paylaşın, bilgimiz olsun”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları