XƏBƏRLƏR

10.04.2019 15:05
Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq - RƏSMİ   

Martın 3-ü, 10-u və 17-də cari ilin məzunları, martın 31-də isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, 4 istiqamət üzrə keçirilən imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib.

Bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilib. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə, hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır və şagirdlər yalnız bu qapalı tapşırıqların bir hissəsinə cavab verməklə də müsabiqə şərtlərini ödəyərək orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər.

Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb.

Yazı işlərinin markerlər tərəfindən yoxlanılmasına qədər materialların emalı bir neçə mərhələdən keçir. İlk növbədə tikilmiş və kitabça formasında olan cavab vərəqləri kəsilərək “scan” olunmaq üçün hazırlanır. Daha sonra hər bir yazı işi “scan” edilir və elektron təsvirləri əldə olunur. Bu mərhələdə proqram vasitəsilə şagirdi identifikasiya edə biləcək məlumatlar da vərəqlərdən silinərək şifrələnmə aparılır. Növbəti mərhələdə isə xüsusi proqram vasitəsilə yazı işlərinin tapşırıqlar üzrə elektron kəsilməsi həyata keçirilir və markerlərə təqdim olunur.

4 zona üzrə keçirilən (3, 10, 17 və 31 mart) imtahanlarda ümumi yazı işi sayı:

Fənn

Ümumi yazı  işi sayı

Azərbaycan dili

1094670

Riyaziyyat

1179390

Rus dili (təlim dili kimi)

80590

İngilis dili

583470

Alman dili

8232

Fransız dili

13962

Rus dili (xarici dil kimi)

101010

Ərəb dili

336

Gürcü dili (təlim dili kimi)

880

Fars dili

6

Ümumi

3062546

Ümumi yazı işlərinin sayı 3062546 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6125092 yoxlama işi həyata keçirilir.

Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Göründüyü kimi imtahan materiallarının emalı kifayət qədər mürəkkəb və uzun müddət tələb edən bir prosesdir. Müxtəlif təyinatlı beynəlxalq imtahanlar zamanı da iştirakçılar tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların yoxlanılması və nəticələrin elan edilməsinə 1 ay və daha çox vaxt sərf olunur.

Hazırda DİM-də qeyd olunan imtahanların materiallarının emalı prosesi (yoxlama prosesi mütəmadi olaraq DİM-in saytı vasitəsilə canlı yayımlanır) davam etdirilir və nəticələr əvvəlcədən elan olunduğu kimi ay yarım müddətində məlum olacaq. Nəzərə almaq lazımdır ki, bu növ sonuncu imtahan bir neçə gün əvvəl martın 31-də keçirilib. Nəticələr aprel ayının 25-dən etibarən imtahan keçirilən zonaların ardıcıllığına uyğun mərhələ-mərhələ elan olunacaq.

İlin gənc müəllimi-Müraciət formu