XƏBƏRLƏR

13.03.2019 09:39
DİM magistraturaya qəbulun I mərhələsindən kəsilənlərə əlavə şans verdi    

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Qeyd edək ki, 40 - 66 intervalında (toplanıla biləcək maksimal bal 100 baldır) bal toplayan 414 (30 - 66 intervalında bal toplayan 1058) bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməyib.

Onlardan bir çoxu Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş edib. Müraciətlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixində keçirilən iclasında Şura üzvləri tərəfindən müzakirə olunub və gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün I mərhələdəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub.

İlin gənc müəllimi-Müraciət formu