XƏBƏRLƏR

18.02.2019 12:38
“Düşünürlər, direktorluq qaz vurub - qazan doldurmaqdır” – Xanım müdir: “Kaş müəllimləri biz seçərdik...” - MÜSAHİBƏ

“Məktəb elə gözəl yerdir ki... Oradan bir anlıq kənara çıxaq; hər yerdə aqresiya ilə qarşılaşarıq. Bura səmimiyyətin olduğu yeganə məkandır. İnsanın ən saf dönəmi elə məktəb illəridir.

Həmişə deyirəm, nə qədər narazı olsaq da, yenə heç bir müəllim şikayət etməməlidir. Çünki buradan aldığın müsbət enerjini başqa yerdə tapa bilməzsən. Məktəb olmasaydı, bu aqresiyanı necə daşıyardım?”

Gözəl sözlərdir: məktəbi bütöv bir orqanizm kimi ifadə edir. Bakı şəhər 155 saylı orta məktəbin direktoru Ruhiyyə İbrahimova idarəçilik təəssüratlarını məhz belə anladır. 

AzEdu.az Bakı Şəhər Təhsil İdarəsi ilə ortaq layihə olaraq xanım direktorla müsahibəni təqdim edir:

“Mənim üçün hazırda ən çətini müəllimlərlə işdir”

-Ruhiyyə xanım, müsahibəyə elə məktəbə rəhbərlik etdiyiniz ilk illərdən başlayaq...

-Müəllim işləyəndə hiss etdim ki, sinifdə fərqli nələrsə etmək istəyirəm. Amma səlahiyyətim yoxdur. Direktora müraciət edib, mənə sinif rəhbərliyi verməsini xahiş etdim. Sinif rəhbəri olaraq şagirdlərlə birgə işlər görməyə, layihələr həyata keçirməyə başladım.

Sonra gördüm ki, içimdəki enerji sinif rəhbərliyini də aşır və bu işləri məktəb səviyyəsində görmək istəyirəm. Yenə də səlahiyyətim çatmırdı. Düşündüm ki, niyə də məktəb idarə etməyim?! Bilirsiz, bunlar arzudan doğur. Heç kim gecə yatıb yuxuda görmür ki, səhər təlimə gedim və direktor olum. İdeyalarım var idi, nəsə etmək istəyirdim. Buna gedən yol isə direktorluqdan keçirdi.

Artıq 5 aydır ki, bu məktəbə rəhbərlik edirəm. Daha öncə 3 il başqa məktəbdə çalışmış, 2018-ci ildə isə 155 saylı məktəbin direktoru vəzifəsinə təyinat almışam.

Bəlkə də bir gün içimdəki ideyalar direktorluğu da aşacaq, daha çox işlər görmək istəyəcəyəm. Amma hələlik bununla kifayətlənirəm. (gülür)

Bilirsiniz, direktorluğun konkret standartı yoxdur. İdarəetmə, mövcud vəziyyət, şərait, direktorun analiz qabiliyyətindən asılı olaraq dəyişir. Rəhbər məktəbdə necə işləməli, nədən başlamalı olduğunu özü müəyyənləşdirir. Burada müəllim, şagird, valideyn faktoru var. Bütün istiqamətlərdə paralel iş aparmaq lazımdır. Amma təbii ki, əsas olan  təhsilin keyfiyyətidir.

-Sadaladığınız istiqamətlərdən hansının öhdəsindən gəlmək daha çətindir?

-Hamısının! İşini sevirsən, biraz da işinə hakimsənsə, səndə alınacaq. Şəxsən mənim üçün hazırda ən çətini müəllimlərlə iş istiqamətidir. Çünki nazirlik tərəfindən çox mütərəqqi qərarlar verilə, layihələr həyata keçirilə bilər. Amma sinifdə tədrisi həyata keçirən müəllimdir, bütün ağırlıq da onun üzərinə düşür. “Daimi təhsil” deyilən bir şey var. Bugünkü inkişaf edən nəsillə işləyən müəllim yerində saya bilməz. O, daim üzərində işləməli, inkişafa, yeniliklərə açıq olmalıdır. O, rəhbər, valideyn şagirdlərlə münasibətləri düzgün qurmalıdır.

Bəzən monitorinq keçirəndə sinif nəticələrinin zəifliyi aydın olur. Öncə müəllimdən bunun səbəbini soruşuram. Müəllim cavab verir: “oxumurlar”. Əziz, müəllimlər, bu, səbəb deyil, nəticədir. Səbəbini araşdırmaq lazımdır.

Düzdür, “bunun günahkarı sırf müəllimdir” demək də doğru olmaz. Ailənin yanaşmadan da çox şey asılıdır. Amma müəllim “bütün sinif oxumur” deyirsə, problem var. Müəllim soruşur ki, direktor kimi nə təklif edirsiniz? Nə edim ki, uşaq oxusun? Bunun bircə cavabı var: Özünü sevdir! Şagird müəllimi sevsə, problem 90 % həll olunacaq. İnanın, şagird sırf o müəllimi incitməsin, ona xoş olsun deyə oxuyacaq.

-Qeyd etdiniz ki, müəllim yerində saya bilməz. Sizcə, hazırda müəllimlər həqiqətən fasiləsiz öyrənirlərmi?

-Üzərində işləyən müəllimlərimiz də var, işləməyənlər də...

-Daha konkret danışaq. Müqayisə etsək, hansılar çoxluq təşkil edər?

-Belə izah edim: MİQ imtahanı ilə işə götürülən müəllimlərlə çox az problem yaşayırıq. Çünki onların ilk növbədə, savadı yerindədir. İkincisi, gənc olduqlarına görə, gənc nəsli daha tez anlayırlar. Şagirdə sevgi ilə yanaşır, yeniliyə, özünüinkişafameyillidirlər. Düzünü desəm, belə müəllimlər o qədər də çox deyil. Bu yeni nəsil müəllimlər hər məktəbdə 10-20% ola bilər.

Amma yaşlı nəsil içində də kifayət qədər təcrübəli, yenicə başlayan  müəllimlərə istiqamət verəcək gücdə olanlar var. Onların metodikası bu gün bizim üçün məktəbdir.

“Feysbukdakı müəllim suallarına görə birbaşa direktorları günahlandırıram. Sual verməyə obyekti olmayan müəllim cavabı kənarda axtarmağa məcburdur”

-Müəllimin yeniliyə açıq olmasından danışmışkən,qiymətləndirmə qaydalarına edilən dəyişiklər müəllimlərdə xeyli çaşqınlıq yaratdı. Çoxusu direktordan “necə edək?” sualının cavabını gözləyir.  Nə səbəbdən buna asanlıqla uyğunlaşa bilmədilər? Bəlkə, onlar da yeniliyə açıq deyillər?

-Gəlin, sizə problemin haradan qaynaqlandığını deyim. Ən çox sual verənlər hansı müəllimlərdir? - Sual verməyə ünvanı, obyekti olmayanlar. Bəzən, sosial şəbəkələrdə görürəm ki, konkret bir bölgənin müəllimləri daha çox sual verirlər. Onlar arasında elə bəsit suallar olur ki... İnsanın ağlı, səviyyəsi verdiyi cavabda deyil, sualda daha aydın görünür. Müəllim gərək,nəyisə soruşanda ehtiyatlı olsun. Düşünsün ki, bir müəllim olaraq, bu  sualı düzgün qururammı?

Belə sualların yaranmasında birbaşa direktorları günahlandırıram. Sual verməyə obyekti olmayan müəllim cavabı kənarda axtarmağa məcburdur. Ümumiyyətlə, idarəçi tabeliyində olan işçini dəqiq informasiya ilə təmin etməyə borcludur. Etməyəndə işçi digər yerlərdən məlumat almalı olur. Ala bilməyəndə isə onu özündən uydurur. Çünki informasiya bir tələbatdır.

Müəllim direktorun qapısını rahatlıqla döyüb sualını verməlidir. Onun nəyisə yanlış anlaması və ya ümumiyyətlə başa düşməməsi iş prosesinə müxtəlif cür təsir göstərir: Səhv yazılan jurnallar, yanlış yönləndirilən, qiymətləndirilən şagirdlər və s. Bu gün məktəb və valideyn arasındakı münaqişələrin əsas səbəbi qiymətdir. Valideynə elə gəlir ki, müəllim obyektiv deyil. Müəllim isə düşünür ki, valideyn onu düzgün anlamır. İndi görün, direktorun istiqamət verməməsi sonda necə problemlərlə yol açır.

“İdarəçilik kresloda oturub, əmr verib, sənəd imzalamaq demək deyil”.

-Doğru qeyd etdiniz. Müəllimlər də dəfələrlə direktorların məlumatsızlığındangileyləniblər. Sizcə, direktorlar niyə sualları cavablamaqda acizdirlər? Onlara göndərilən təlimatlar yetərli deyil ki?

-Bayaqdan müəllim yaradıcılığından danışır, onun öz üzərində işləməli olduğunu vurğulayırıq. Axı, bu, yalnız müəllimə deyil, direktora da aiddir. Təhsil Nazirliyi bir təlimat verir. Direktor isə qərar qəbul olunan kimi onu araşdırmalı, təhlil etməlidir. Düşünməlidir ki, səhər məktəbə gedəcəyəm, müəllimlər sual verəcək. Direktor bunu cavablamaq iqtidarında deyilsə, artıq həmin baryeri quracaq. “İşim çoxdur” deyib müəllimi qapıdan qaytaracaq. Amma araşdırıbsa, müəllimi qarşılayıb istiqamətləndirəcək. Həmin  müəllim artıq sosial şəbəkələrə üz tutmaq ehtiyacı da hiss etməyəcək.

İdarə etmək kresloda oturub, əmr verib, sənəd imzalamaq demək deyil. O, həmişə müəllim və valideynin yanında olmaq deməkdir. Direktorlar bunu anlasa, kollektivin problemi həll olunacaq.

“Elə bilirlər ki, direktor olmaq “qaz vurub, qazan doldurmaq” deməkdir”

-Direktorların işə qəbul imtahanında iştirak edən bəzi namizədlərin məqsədi də sanki dediyiniz kreslo məsələsi idi. Onlara münasibətiniz necədir?

-Bakıda təyinat alan direktorlar öncə təlim keçirlər. Bunun üstünlükləri çoxdur. Təlimlə onlar psixoloji, pedaqoji, idarəetmə biliklərini öyrənir, işə başlayanda artıq hazır vəziyyətdə olurlar. Məqsədləri də müsbətyönlüolur.

Müşahidə etdiklərimi deyim: Namizəd test mərhələsində yüksək bal toplasa da, müsahibədə kəsilir. Elə narazılıqlar yaranır ki... Namizəd düşünür ki, onun seçilməməyi doğru deyil. Narazı olanlar müsahibədən kəsilənlərdir.

Vəzifəyə sırf  ad, şöhrət üçün gələnlər də var. İstəyir hamı desin ki, bu direktordur. Bu işdə sırf maddiyat güdənlər də var. Kənardan elə bilirlər ki, direktor olmaq “qaz vurub, qazan doldurmaq” deməkdir.

-Ruhiyyə xanım, bu vəzifəyə yeni təyinat alanların gözünü qorxutmaq istəməzdik. Amma onları hansı çətinlikləringözlədiyini bilmələri də pis olmazdı. Yeni direktorlar nələrə hazır olsunlar?

-Onları kifayət qədər çətinlik gözləyir. Mən bu vəzifəyə müəllimlikdən gəlmişdim. Amma gördüm ki, direktorun bir idarəçi rolu var. Onu qorumaq lazımdır. Bəzən bu rolu yanlış olaraq baryer qoymaq kimi anlayırlar.

Nədənsə, mənə ən çox bu irad tutulur: “Müəllim və şagirdlər sizin otağınıza rahat daxil olurlar. Axı, belə olmaz”.Hətta əvvəlki illərin məzunları deyirlər ki, biz direktorun qəbuluna getmək üçün üçpilləli mərhələdən keçməli idik. Düşünürəm ki, idarəçi sərhədi bilməlidir. Baryerlər qoymadan, amma sərhədləri də pozmadan öz idarəçi rolunda qalmalıdır ki, qarşısındakı da bunu anlasın. Başa düşsün ki, bu, mənim rəhbərimdir. Ona istənilən vaxt öz problemlərimlə yaxınlaşa bilərəm. Təbii ki, hansısa sərhədləri pozmamaq şərtiylə... Yeni həmkarlarıma bunları məsləhət görərdim.

“Yaxşı müəllimlər üzdə olmurlar”

-Belə çıxır ki, yaxşı idarəetmə üçün müəyyən məqamlarda sərtliyə də ehtiyac olur...

-Açığı, xaraktercə qətiyyən sərt insan deyiləm. Bəlkə də bu, mənim ziyanımadır və iş prosesində hansısa çətinliklərə gətirib çıxarır. Amma yenə də mən bir müəlliməm, düşünmürəm ki, şagirdlə sərt davranış insana uğur qazandıra bilər. Müəllimin şagird həyatındakı rolu, ona təsiri danılmazdır. Bu, gözardı edilməz faktordu. Həmişə demişəm, heç vaxt pis müəllim ola bilməzdim. Çünki ağlımda yaxşı müəllim modeli var idi. Bu gün şagirdin ağlında yanlış model kimi qalmağa ixtiyarımız yoxdur.

-Bəs,ətrafınızdakı müəllimlər həmin “yaxşı müəllim modeli”nə uyğun ola bilirlər?

-Kifayət qədər yaxşı müəllimlərimiz var.  Xüsusilə də gənclər arasında... Amma sizə bir sirr açım: adətən, yaxşı müəllimlər üzdə olmur, görünmürlər. Çünki o insanın o qədər özgüvəni var ki, nə iş gördüyünü bilir. Onun reklama ehtiyacı yoxdur.

Baxın, sinifdə dərsi pozan kim olur? Oxumayan şagird. Məktəbə aqresiv yanaşan valideyn də məhz oxumayanın valideynidir. Ən çox problem yaradan işi qaydasında olmayan müəllim olur.

Amma bunu rəhbərlərə aid etmə olmaz. Əksinə, problemi, işində çatışmazlığı olan direktor daha sakit və ictimaiyyətə qapalı olur.

“Bir neçə il əvvəl müəllimlər feysbuk üçün məcburən saxta profillərdən istifadə edirdilər”

-Qeyd etdiniz ki, yaxşı müəllim üzdə olmur. İndi bir çox müəllim sosial şəbəkələrdə kifayət qədər aktiv, üzdədir. Belə çıxır ki, onlar yaxşı müəllim deyillər?

-Xeyr. Elə deməzdim. Çünki indi sosial şəbəkələrdə hamı var. Əksinə, mən bu cür aktivliyin tərəfindəyəm. Sosial şəbəkələr informasiyanı ən tez aldığımız yerdi. 5-6 il əvvəl hansısa müəllimi sosial şəbəkədə görəndə, ona  pis baxırdılar. Deyirdilər ki, “müəllimə bax, feysbuka girib”. Buna görə də, bəziləri məcburən saxta profillərdən istifadə edirdilər. Amma bunu doğru qəbul etmirəm. Müəllim hər sahədə aktivlik göstərib, ictimaiyyətə açıq olmaldır.

Bilirsiniz, indi direktor barədə haqlı-haqsız çox şey yazılır. Bəzən, sosial şəbəkədə görürsən ki, gənc bir insan direktor haqqında çox neqativ fikirdədir. O, həmin fikrə necə düşüb? Mütləq gözünün qarşısında pis model olub. Bu səbəbdən yaxşı müəllimlərin aktivliyi vacibdir. Amma səmərəli olmaq şərti ilə.

“Valideyn bəzən elə faktlar deyir ki...”

-Ruhiyyə xanım, “direktor baryerləri”ndən söz açdınız. Çoxları hələ də düşünür ki, direktor zəhmli olmalı, o, dəhlizdə görünəndə hamı gizlənməlidir.  Bəs, bu fikirlərin səbəbini nədə axtaraq?

-Bunlar illərdir yığılan stereotiplərdir və artıq formalaşıblar. Onları dağıtmaq isə bizim əlimizdədir. İndi müsahibə mərhələsində namizədin avtoritar, yoxsa demokratik direktor olacağını müəyyənləşdirə bilirlər.

Düşünmürəm ki, avtoritar idarəetmə ilə nəyəsə nail olmaq olar. Ən azından indiki nəsillə bunu etmək olmaz. Çünki indiki şagirdlər daha açıq fikirlidirlər. Bir də ki, biz cəmiyyət üçün insan yetişdiririk. Qorxaq vətəndaş böyüdüb, ondan sabah hansı nəticəni gözləyə bilərik? Bu, insanı uzağa apara bilməz.

Verilən qərar mütləq kollektiv, hətta şagirdlə də müzakirə olunmalıdır. İdarəetmədə direktora ən çox yardım edən valideyn faktorudur. Onlara açıq olmalısan. Valideynlər bəzən elə faktlar deyir ki, sən bütün günü məktəbdə olsan da, onları eşitməyə bilərsən. Amma valideyn görə bilir. Çünki o, övladı ilə təmasdadır. Şagird valideyninə görmədiyimiz çox şeyi danışır. Bəzən direktor onları görsə də hiss etmir. Çünki alışıb. Amma şagirdin yaradıcı yanaşması var. Hədsiz zəhmli direktor özünü bu yaradıcılıqdan məhrum edir.

Valideyn saatlarla susub, direktoru dinləmək istəyir. Bunu təşkil etdiyim seminarlarda da görmüşəm. Çünki onun çox problemləri var. Valideyn bəzən övladına yanaşmanı, necə kömək edəcəyini bilmir. Amma çırpınır. Çünki övlad onun həssas yeridir. Direktor öncə valideynə həssas yanaşmalıdır. O, haqsız da, əsəbi də ola bilər. Nəticədə övladının təhsilindən başqa heç nə istəmir. Yanaşması, üslubu doğru olmaya bilər. Bəlkə də fikrini düzgün izah etməz. Amma bu insan övladına görə həyəcan keçirir, narahatdır. Bəzən düşünür ki, məktəbdə uşağıma nə edir, başına nə gətirirlər? Bu fikrin haradan yarandığını deyə bilmərəm. Amma çox olur. Valideynə açıq olub onun inamını qazananda şagirdlə problemlər də aradan qalxır. Direktor zəhmi olmaq əvəzinə valideynlə səmimiyyəti seçməlidir.

“Azərbaycan valideyninin ən böyük problemi budur ki, övladı 40 yaşına çatanda da, onu idarə etmək istəyir”

-Azərbaycan valideyninin təfəkküründə övladına qarşı yanlış qəbul etdiyiniz nələr var?

-Ən çox problem yaşadan gənc valideynlərdir. Baxın, indiki valideynlər kimlərdir? 90-cı illərin uşaqları. Onlar məktəblərdə xaos olan, tədris keyfiyyətinin sürətlə aşağı düşdüyü dövrdə oxuyublar. Bu valideynin ağlında özünün məktəb illəri var. Həmin stereotiplərdən çıxa bilmir.

Valideyn adətən arzularını öz övladında görmək istəyir. Azərbaycan valideyninin ən böyük problemi budur ki, övladı 40 yaşına çatanda da, onu idarə etmək istəyir. Bizdə ailə bağları çox güclü olduğuna görə, övladlarımıza imkan vermirik. Uşağını ibtidai sinfə gətirən valideynlərə fikir verirəm. Övladının çantasını daşıyır, pilləkəni çıxana qədər ağzına nəsə yedirməyə çalışır. Yaxşı ana olmaq 8 cür yemək bişirib, axşamacan mətbəxdən çıxmayıb onu uşağın qabağına düzmək deyil. Yaxşı ana olmaq uşağı sabah valideyn yanında olmayanda müstəqil qərar verməyə hazırlamaqdır. “Mənim uşağım kökdür, daha çox yedizdirmişəm”lə olmur. Bunları etmək lazımdır.

“Valideynlər qiymətə hədsiz köklənib, çox şeyi unudublar”

-Bəzən, deyirlər ki, müəllim nə tapşırırsız, əlavə hansı material lazımdırsa alım. Baxıram ki, bu insan övladı üçün hər şeyindən keçməyə hazırdır. Deməli, ona sadəcə istiqamət vermək lazımdır. Gündə 3 dəfə məktəbə gəlib, xahiş edib uşağı yedizdirmək onun xeyrinə deyil. Uşaqla birgə qərar vermək lazımdır. Onlar elə bilirlər ki, daha yaxşı yedirib, geydirməklə sevgilərini vermiş olurlar. Amma uşağın istədiyi vaxt ayırmaq, maraqlanmaqdır. İstəyir valideyn soruşsun ki, “məktəbdə günün necə keçdi?” Soruşmasın ki, “neçə aldın?” “filankəsin qızı neçə aldı?” Valideynlər qiymətə hədsiz köklənib, çox şeyi unudublar. Bu, məlumatsızlıqdan irəli gəlir. Maarifləndirmə işi isə sırf məktəbin üzərinə düşür.

Mən təlimlərə çox önəm verirəm. Çünki öyrədilmiş müəllim minimum  20 valideyn deməkdir. Məktəbdə ilk işim valideyn iclaslarının formatını dəyişməklə bağlı olub. Çağırırlar, valideyn iclasa gəlmir. Bu, nəticədir. Səbəbi nədir? Çünki o, gəlib eşidəcəklərini bilir: “sənin uşağın oxumur”, “səs salır”, “dəcəldir”, “filankəsi vurdu” və s. Axı, bunu o valideyn özü də bilir. Ona istiqamət vermək lazımdır. Deyilməlidir ki, övladında bu problem var, belə etsən, övladında bu irəliləyişlər olacaq.  Problemi demək ən asanıdır, təklif yolu desinlər.

“Direktordan materialşünaslıq, kompüter mühəndisliyi, dənizçilik, aviasiyaya aid – hər biliyi gözləyirlər”

-Bəs, müəllimlər necə, problemləri olanda həll yolu ilə bağlı təklifləri olur, yoxsa hər şeyi direktordan umurlar?

-Yaradıcı olmayan müəllimlər hər şeyi direktordan gözləyirlər. Əslində, mən bunu özümə hörmət əlaməti kimi qəbul edirəm. Bəzi kolleqalarımetiraz edir ki, direktordan bu qədər şey tələb olunması düzgün deyil.  Mən isə bundan qürur duyuram. Deməli, mən müəllim və valideynin gözündə o qədər mükəmmələm ki, onlar məndən materialşünaslıq, kompüter mühəndisliyi, dənizçilik, aviasiyaya aid – hər biliyi gözləyir.(gülür) Düşünürəm ki, insanlar məndən bu məlumatları gözləyirsə, onları yanıltmamaq üçün üzərimdə işləməliyəm. Həftə sonları seminarlarda iştirak edirəm. Bunların çoxu ödənişli olur. Bəzən isə vaxtım çatmır.

Bu, müəllimə də aiddir. O, ya biznesinin ardınca gedib işdən sonra repetitorluq etməli, ya da öz üzərində işləyib irəli getməlidir. Ağıllı müəllim bilir ki, pulu bir yerə qədər qazanacaq. Amma üzərində işlədikcə, ona müraciət edən çoxalacaq.

-Ruhiyyə xanım, bəzən, deyirik ki, şagird  nələrisə araşdırmalı, müəllimin rolu minimuma enməlidir. Maraqlıdır, şagirddən bunu tələb edən müəllim bəs niyə özü araşdırıb direktorun işini minimuma salmır. Əksinə, hər şeyi hazır şəkildə ondan umur...

-İnsanın özünün araşdırıb tapdığı bilik heç vaxt yadından çıxmır və ona stimul verir. Bu, müəllimlərə də aiddir.

Heç cür başa düşə bilmədiyim  bir şey var: Təhsil Nazirliyi qərar verir. Nazirliyi məcbur edirlər ki, bundan sonra tövsiyə də versin, bunu xırdalasın, açıqlasın. Axı, bu, nazirliyin deyil, direktor və ya təhsil şöbələrinin işidir. Bu dəqiqə bütün yük Təhsil Nazirliyinin üzərindədir.

Yeni qiymətləndirməqaydalarından sonra elə məktəblərin direktor və müavinləri mənə zəng vurub məlumat alır ki... Həmin məktəb şəhər səviyyəsində də bizim məktəbdən yuxarıdır. Onlara istiqamət verməyimi xahiş edirlər. Bu, problem deyil. Hər zaman cavablamağa hazırıq, işimiz maarifləndirməkdir. Amma mənə qəribə gəlir və özlərindən də soruşuram ki, bunu niyə direktorunla müzakirə etmirsən? Cavab verir ki, “soruşmuşam, direktor rəsmi qərar olmadan heç nə deyə bilmədiyəcəyini bildirir”. Rəsmi qərar siz nəyə deyirsiniz? Artıq qərar var və onu yerində tətbiq etmək sənin işindir.

İdarəçi mütləq öz yaradıcılığını da tətbiq etməli, qərarı analiz etməlidir.  Standart deyə bir şey yoxdur. Bəli, dövlətin qoyduğu standartlara əməl etməliyik. Amma məktəbi vəziyyətə görə idarəetmək rəhbərin öz işdir.

“O hala gətiriblər ki... Düşünürsən ki,ən yaxşısı, gedim, başqa bir işlə məşğul olum”

-Sizcə, hazırda direktorlar idarəçilikdə hansı nöqsanlara yol verirlər ki, onlar olmasa, məktəblər daha çox inkişaf edər?

-Mən direktorların nöqsanından danışmaq istəmirəm. Çünki direktorlarda kifayət qədər nöqsan axtarırlar.  O hala gətiriblər ki... Düşünürsən ki,ən yaxşısı gedim, başqa bir işlə məşğul olum. Direktorun üstünə sanki bütün təhsil problemlərinin səbəbkarı o imiş kimi gedilməsi düzgün deyil. Direktor məsul şəxsdir. O, məktəbin təlim keyfiyyətləri, təhsilverənlərin peşəkarlıq səviyyəsindən cavabdehdir. Bu gün məktəbdə yaxşı tədris etməyi bacarmayan müəllim görürəmsə,  onu gözardı edə bilmərəm. Onunla danışıqlar aparmalı, təlimlərə cəlb etməliyəm. Bu mənada məsuliyyət direktorun üzərindədir. Amma ondan əlahiddə bacarıqlar gözləmək də doğru deyil. Bu gün direktorlar ən çox əziyyət çəkən vəzifə sahibləridir. Çünki birbaşa işin içindədirlər.

Müəllimlərlə işi qurmaq ən çətinidir. Məsələn, Təhsil Nazirliyi dönə-dönə deyir ki, metodik vəsaitlər tövsiyə xarakterlidir. Amma müəllimlərimiz bunu Quran ayəsiedir, deyirlər ki, metodik vəsaitdə necə yazılıbsa, elə də olmalıdır. Axı, bu, sadəcə tövsiyədir.

Müəllimin minimum yerinə yetirməli olduğu standart var. Tutaq ki, şagird natural ədədləri oxuyub yazmağı bacarmalıdır. Artıq mövzunu dərsliklə və ya metodik vəsaitdəki qayda ilə keçmək müəllimin seçimidir.  Yaradıcı müəllim bu deməkdir. Adətən, müəllimlər bu sözə qıcıq olurlar. Dərsin sonunda müəllim standartı şagirdə mənimsətməlidir. Hədəf budur. Hansı yolla keçməsi öz seçimidir.

Təəssüf ki, bəzən isə müəllimlər bunu göstəriş üçün edirlər. Məsələn, açıq dərslərdə iştirak edirəm. Görürəm ki, bu, artıq dərs şouya çevrilir.

“Şou-biznes yeni inkişaf edəndə Xalq artistlərinə söz deməklə gündəmdə qalmağa çalışan “yenilər” vardı. Müəllimlər də elə...”

-Qeyd etdiniz ki, direktorun üstünə sanki bütün təhsil problemlərinin səbəbkarı o imiş kimi gedirlər. Bəzən, media direktorla bağlı hansısa müsbət məqamı qeyd edəndə də sosial şəbəkələrdə ona neqativ şərhlər gəlir. Sanki müəllimlər direktorların yalnız pis tərəflərini görürlər. Sizcə,müəllimlərdəki bu qıcığın səbəbi nədir?

-Bu, bugünün fikirləri deyil. İllərdir yığılıb, indi büruzə verir. Buna səbəb isə hörmətli kolleqalarımız olub. Onlar buna rəvac veriblər. Əminəm ki, bu müsahibə yayımlananda da kifayət qədər neqativ rəylər gedəcək. Amma mən buna tam hazıram. Çünki bunları gözə alıb burada oturmuşam.

Unutmayın, direktor haqqında şikayət yoxdursa, bu, şübhəli məqamdır.  Deməli, o, hansısa yollarla insanları ələ almağı bacarıb. Amma şikayətin həddindən çox olması da şübhəlidir. Yəni, bir insanın strategiyasını hər kəs bəyənə bilməz. Bu, mümkün deyil. Nə qədər insan varsa, o qədər dünyagörüşü, insan tipləri var. Tənqid, şikayət olan yerdə inkişaf var. Bu gün məni kimsə tənqid edirsə, xoş olsa da, olmasa da bu haqda düşünməliyəm. Özümə bir “dur” deməli, davranışlarımda düzəliş etməliyəm.

Amma mən dediyiniz məqamı həm də mətbuatdan umuram. Bizim mətbuat yaxşıları deyil, pisləri qabartmağa meyllidir. Bəlkə də pis tərəf daha çox oxunduğuna görə belə edirlər. Təbliğatdan çox şey asılıdır. Bəzən insanlar bunu şöhrət xətrinə edirlər. Məsələn, “mən Ruhiyyə müəllimi tənqid edəcəm. Bütün saytlar bunu yayımlayacaq. Sonda da deyəcəm ki, baxın, mən filan məktəbin direktoru ilə döyüşürəm”.

Dediyiniz neqativi qabartmağa, tənqidə meylli insanların arasında 2-3 il iş təcrübəsi olmayanlar var. Onlarla debata girmək olar. Amma əminəm ki, o insanlar üzbəüzdə o qədər aqresiv deyillər. Çünki artıq bir neçəsi ilə görüşmüşəm. Görürəm ki, realda hətta sənə heyranlıqla baxırlar. Amma elə ki, uzaqlaşıb, klaviatura arxasına keçdi, bu insan aqresiyanı müxtəlif tərəflərə yönəltməyə başlayır. Bəlkə də, bu müqayisə doğru deyil. Amma şoubiznes yeni inkişaf edəndə Xalq artistlərinə söz deməklə gündəmdə qalmağa çalışan “yenilər” vardı. Onlar bu yolla da gündəmə gəldilər. Müəllimlər də elə.

“Mülayimlik o demək deyil ki, işini keyfiyyətsiz görən müəllimə töhmət verməməlisən”

-Ruhiyyə xanım, mülayim direktor idarəetmədə nələri itirir?

-Biri var, demokratik, biri də var ki, liberal idarəetmə. Liberallıq xaosa gətirib çıxara bilər.

Mülayimliyin də müəyyən sərhədləri var. Bu mülayimliyin demokratik idarə, yoxsa, liberal idarəetmə üsulu olmasına diqqət etməliyik. Mülayimlik o demək deyil ki, vəzifə səlahiyyətlərini yerinə yetirməyən, işini keyfiyyətsiz görən müəllimə töhmət verməməlisən, valideyn məktəbə qışqıraraq girirsə, ona icazə verməlisən və s. Məktəbdə normal atmosfer, sağlam pedaqoji mühit yaratmaq direktorun birbaşa vəzifə funksiyalarına aiddir. Müəllim məktəbə sevərək gəlməli, işindən zövq almalıdır. O düşünməməlidir ki, direktor yenə otağa girib gündəliyimi yoxlayıb məni danlayacaq.Yəni, direktor sərtliyi də bu həddə olmamalıdır. Müəllim bunlarla yüklənməməli, rahat olmalıdır.

“İstənilən müəllim-şagird mübahisəsində birincinigünahlandırıram”

-Direktor-müəlliməlaqələrindən çox danışdıq. Bir qədər məktəbdəki valideyn-müəllim münasibətlərindən söz açaq: Şagird-müəllim münaqişələrində adətən, hansı tərəf haqlı olur?

-Müəllim-şagird söhbətini kənara qoyaq. Bir uşaq və yaşlı insan mübahisə edəndə adətən yaşlı tərəfi qınayırlar. Deyirlər ki, sən daha təcrübəli, ağıllısan. Tutaq ki, o bir səhv edib. Onu düzgün yola sən çəkməlisən. Bu baxımdan istənilən müəllim şagird mübahisəsində müəllimi günahlandırıram. Çünki istənilən halda həmin  konflikti o həddə çatdıran müəllimdir. Bəzən şagird natamam ailədən olur, problemlərlə üzləşir. Amma müəllim onunla empati qurmalıdır. Özünüzü bir anlıq o uşağın yerinə qoyun: Alkoqolik bir atanın övladı olması onun günahıdırmı? Onun əlindən tutub dəstək olmaq, cəmiyyətə qazandırmaq lazımdır, yoxsa “sənin ailən nədir ki, sən də nə olasan?” demək?

Müəllim istənilən halda konfliktdən qaçmalıdır. Şagird hələ qərar verə bilmir. Yeniyetməlik dövründə onu hər şey qıcıqlandırır, özünü sübut etmək istəyir.

“Kaş mənə belə bir səlahiyyət verilərdi...”

-Son olaraq, direktorlara daha hansı səlahiyyətlərin verilməsiniistərdiniz?

-Əminəm ki, mənim bu fikrim kifayət qədər sərt qarşılanacaq.  Amma çox istərdim ki, mənə kadr seçimi səlahiyyəti verilsin. Gələn kadrlardan bir narazılığımız yoxdur. Demək olar ki bizə heç bir problem yaratmırlar. Bir müddət boşluqlardan istifadə edib yenidənhazırlanma keçib müəllim işləyənlər olub. Adətən problem çıxaran onlardır. Onların da arasında yaxşıları var. Amma onların şagirdlə davranışı, sənədləşmə işi, savadı-çox şeydə problem yaşanır. Onlar arasında da yaxşıları var. Amma çoxu belədir. Direktorlara kadr seçmək səlahiyyəti sırf şəffaflıq naminə verilməyib. Şəxsən mən direktor kimi bunu çox istərdim. Kaş mənə belə bir səlahiyyət verilərdi və öz komandamı qurardım. Çox iddialı istəkdir. Amma sadəcə istəkdir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları