Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 12:55:00
“Yaxın vaxtlarda bir çox məsələləri direktorun ixtiyarına verəcəklər”- BŞTİ ilə ortaq layihə

 Direktor Zakir Bayramov: -“Bunu etməsəydik, təhsildə çox geri qalardıq”

 “...Bəlli yaş həddinə çatıb, təqaüdə çıxmalı olan  müəllim ən yüksək hörmətə layiqdir. Onun kollektivdən getməsini bir yığıncaqla qeyd etmək, gül verərək yola salmaq olar.

Məktəbimdə bir nəfər belə müəllim var. Həmişə fikirləşmişəm ki, məndən əvvəl təqaüdə çıxsa, onu  tez-tez yad edəcəyəm... Qoy, həmişə düşünsün ki, nə yaxşı elə dəyərli  müəllim olub. Unudulmadığını anlasın. Hiss etsin ki, çəkdiyi zəhmət hədər getməyib...”

313 nömrəli məktəbin direktoru Zakir Bayramov illərin müəlliminin unudulmasından narahatdır. Düşünür ki, müəllim hər zaman diqqətdə olmalı, yad edilməlidir. Elə özü də idarəçiliyini bir detala əsaslanaraq edir: “xoş xatırlanmaq”.

AzEdu.azBakı Şəhəri üzrə Təhsil İdarəsinin ortaq layihəsi olan “Məktəb rəhbəri”nin  budəfəki həmsöhbət 313 nömrəli orta məktəbin direktoru Zakir Bayramovdur. Yalnız pedaqoji sahədə deyil, həyatda da həmişə ədalətin tərəfində olduğunu deyən Zakir müəllim söhbət zamanı məktəbin ədalətlə idarə edilməsinin prinsiplərini ortaya qoyub. Düşünür ki, süni şəkildə kiməsə üstünlük verən insan nə vaxtsa mütləq məğlubiyyətə məhkumdur.

313 nömrəli məktəb 2007-ci ildə tikilib istifadəyə veriləndə Zakir müəllimin pedaqoji təcrübəsinin artıq 32 yaşı var idi. Bu müddət ərzində 5 il Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyəti də olub:

“İşə başlayanda xeyli çətinliklərlə üzləşdim. Amma təcrübəm köməyimə gəldi. O vaxt məktəb binası tikilib istifadəyə verilsə də, burada pedaqoji işçi, müəllim, hətta şagird də yox idi. Az vaxtda - sentyabrın 3-dən 15-ədək şagirdləri məktəbə cəlb etməli, müəllimlərin işə qəbulunu təmin etməli idim. Qısa müddətdə gecə-gündüz bilmədən çalışdıq. Nəhayət, 333 şagirdlə fəaliyyətə başladıq. Sıfırdan formalaşdırılan komandanın devizi belə idi: “Keyfiyyətli təhsil, yüksək tərbiyə”. Artıq 13-cü tədris ilidir ki, fəaliyyət göstəririk. Təvazökarlıqdan kənar olsa da, pis işləmədiyimizi düşünürəm”.

-Zakir müəllim, komandanıza qəbul etdiyiniz müəllimləri bir müddət  nəzərdə saxlamamış olmazsınız. Onlarda  nələri müşahidə edir, ən çox nələrə diqqət edirdiniz?

-Yeni fəaliyyətə başlayanda müəllimlərin sayı az idi. Amma müəyyən işlər bizim üzərimizə düşürdü. Müəllimlərin peşə bacarıqlarını, bilik səviyyəsini müəyyən qədər yoxlamağa çalışırdım. Onların davranış və kommunikativ bacarıqlarına nəzər saldım. Seçimimizdə yanılmadıq. İşə götürdüyümüz müəllimlər özlərini doğrultdular. Məsələn, bir müəllimimiz iki dəfə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi oldu. Şagirdlərin göstəriciləri də müəllim seçimimizin doğruluğunu təsdiq etdi. İlk il məktəbdə XI sinfin yoxluğuna görə, qəbul göstəricisi də olmadı. Amma sonrakı illərdə nəticələr yüksək oldu. Ən yüksək nəticəmiz  isə elə keçən il qeydə alındı: 84 %.

Əksər kadrların təcrübəsi az idi. Ona görə də onların təcrübəsinin düzgün istiqamətdə artmasına fikir verməli idik. Bunun üçün müəllimlərin dərslərini dinləməli, onlara düzgün istiqamət verməli idik.   Müəllimlərdən bir qədər təcrübəli olanını təlim-tərbiyə işləri üzrə direktor müavini götürdüm. Onun da bu işdə çox rolu oldu. Öhdəsindən gələ bildik. Müəllimlərə metodiki tövsiyələr verdik. İndi onların çoxu peşəkar kadrlardır.

“Bu proqramı qəbul etməsəydik, təhsildə çox geri qalardıq”

-Bəs, müəllimlərin kurikulum bacarıqları necə, sizi qane edirmi?  Qəbul edək ki, bəziləri hələ də bu proqramın yalnız  parta birləşdirməkdən ibarət olduğunu düşünürlər. Sizcə, hazırda kurikulumun tətbiqi zamanı hansı yanlışlara yol verilir?

-Yanlış elə buradadır: Düşünürlər ki, kurikulum parta birləşdirməklə başa çatır. Əslində, belə deyil! Kurikulum bir təhsil proqramıdır. Onun qəbulunda məqsəd təhsilin zamanla ayaqlaşmasını təmin etmək idi. Zaman keçdikcə bütün sahələrdə dəyişiklərin baş verməsi təbiidir. Elm inkişaf edir. Təhsil də elm, zaman və həyatdan geri qalmamalıdır. Köhnə təhsil proqramı ilə irəli getmək, yeni bilik vermək, zamanla ayaqlaşmaq mümkün deyil. Buna görə də mütləq yeni təhsil proqramlarının qəbuluna ehtiyac var.

Kurikulum da elə buna xidmət edir. Burada təhsil, şagird və müəllimə yanaşma tam fərqlidir. Məktəbliyə şəxsiyyət kimi baxmaq, onun demokratik mühitdə təhsil almasını təmin etmək, müəllimdən yeni yanaşma tələb edir. Tədrisin necə aparılması əsas istiqamətlərdəndir. Partaların birləşdirilməsi sadəcə, iş formalarından biridir. Bura qruplarla, cütlərlə, fərdi və kollektiv iş də daxildir. Sonra strategiya gəlir. Söhbət müəllimin işi nə şəkildə quracağından gedir. O, müxtəlif təlim üsullarından birini seçməlidir. Dərs motivasiya ilə başlamalı, şagirdlərin marağını artırmalıdır. O, bilməlidir ki, nə öyrənir, nəyə tələbatı var. Buna “problemin qoyuluşu” deyilir. Müəllim dərsi uğurla başlasa, uğurla da bitirəcək. Kurikulum çox uğurlu təhsil proqramıdır. Onu qəbul etməsəydik, təhsildə çox geri qalardıq. Mondella demişkən: “təhsil dünyanı dəyişmək üçün istifadə edə biləcəyin ən güclü silahdır”. Təhsil alan insan çox şeyə qadirdir. Normal təhsil verdiyimiz uşaqlar gələcəyimizdir. Yox, verməmişiksə, burada kurikulumu günahlandırmaq düzgün deyil.

“Üzərində işləməyən müəllim zamandan geri qalır”

-Bəli, zamanla ayaqlaşmaq üçün yeniliyə açıq olmaq lazımdır. Sizcə bizim müəllimlər yeniliyə nə dərəcədə açıqdırlar?

-Bir gün öz üzərində işləməyən, mütaliə etməyən müəllim nəinki, işlədiyi müəssisəsədə geriləyəcək, ümumiyyətlə, zamandan geri qalacaq. Buna görə də müəllim hər gün oxumalı, müsabiqə və layihələrdə iştirak etməlidir. Kollektivimin müsabiqələrdə daimi iştirakı üçün çalışıram.

Məsələn, 2012-ci ildə “İlin ən yaxşı məktəbi” seçilmişik. III qrant müsabiqəsinə də layihə vermişik. Burada təhsil işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı mövzu götürmüşük. Müəllimlərin iştirakına mümkün qədər kömək edirəm. Məktəb və ya müəllim belə layihələrdən kənarda qalırsa, o, zamandan geridir. Bu, bir meydandır. Kim bacarıqlıdırsa, o qalib gələcək.

“Gərək, nəyisə dərindən öyrənib, sonra münasibət bildirəsən”

-Bu müsabiqələrdə iştirak etmək istəməyən müəllimlər  olur?

-“Olmur” desəm, yalan söyləyərəm. Çünki kollektivdə 100-ə qədər pedaqoq var. Düzdür, məktəb rəhbəri kimi onlarla iş aparmaq mənim borcumdur. Amma 100 insanın fikri də müxtəlif olur. Bəziləri rahatlıq istəyir, işləmək istəmir, bəziləri isə çalışqandırlar. Nəinki iştirak edən, hətta öz layihələrini verən peşəkar müəllimlərimiz də var. İştirak etmək istəməyənləri həvəsləndiririk. Onlar da bizi eşidir, qoşulurlar. Hər bir müəllim müxtəlif layihələrdə mütləq iştirak etməlidir.

-Yenilikdən söz açmışkən, yeni qiymətləndirmə qaydalarına müəllimlərin çaşqın münasibətini qeyd etmək istərdim. Bunda məlumatsız direktorları da günahlandıran  oldu, üzərində işləməyən müəllimləri də. Bəs, siz bunun səbəbini nədə görürsünüz?

-Fikrimcə, tənbəl, mühafizəkar olmayan insan istənilən yeniliyə açıqdır. Gərək nəyisə dərindən öyrənib, sonra münasibət bildirəsən. Öyrənmək  istəməyənlər adətən, yeniliyə mühafizəkar yanaşır, mənfi münasibət göstərirlər. Bu qiymətləndirmə təhsil proqramının əsas sütunlarından birini təşkil edir.

Söz yox ki, direktor qiymətləndirməni dərindən bilməli, müəllimlərə izah etməlidir. Müəllimlər də bununla bağlı kurslardan keçiblər və kifayət qədər biliyə malikdirlər. Məktəb rəhbəri bu bilikləri təkmilləşdirməlidir.

Məsələn, məktəbimizdə “Ustad dərsləri” təşkil edirik. Bura valideynlər də, müəllimlər də dəvətlidirlər. Səhnədə sinif qururuq, ustad  müəllim dərs keçir. Hər kəs bunu müşahidə edir. Müəllimlər öyrənir, valideynlərsə razı qalır.

Ən çox məktəbdaxili qiymətləndirmədən istifadə edirik. Dərs ili başlayanda bütün müəllimlər diaqnostik qiymətləndirmə keçirirlər. Bu, sinfin səviyyəsini müəyyənləşdirmək üçündür. Sonra formativ qiymətləndirmə gəlir. Hər keçilən dərsdə o, şagirdləri  formativ qiymətləndirib, irəliləmə və geriləmələrini müşahidə edir. Bu, şagirdin gündəliyində meyarlarla qeyd olunur. Mövzular keçildikcə kiçik, yarımillərin sonunda isə böyük summativ qiymətləndirmə aparılır.

-Bəzi direktorlar isə bu çaşqınlığın səbəbini elə həmkarlarının məlumatsızlığında görürlər. Sizcə, həqiqətənmi bu iddia doğrudur?

-Düşünürəm ki, “Ustad dərsləri” bütün məktəblərdə təşkil olunsa, müəllimlərin sualı qalmaz. Biz  bu dərslərdə, hər hansı mövzunun  bəlkə, 1 saatdan çox müzakirəsini keçirir, dərsin istənilən mərhələsinə toxunuruq. Müəllim bilikli olsa, qiymətləndirmənin  necə aparılmasını dərk etsə, heç bir sual yaranmaz. O, sualını heç kimə deyil, məhz direktora verməlidir. Direktor bu işi mükəmməl formada bilirsə, müavinləri də biləcək. Bilmirsə, böyük qəbahətidir və bu insan orada işləməməlidir. Belə çıxır ki, işi bacarmayanı iş başına qoyublar. Məlumatlı direktor, müəllimləri təlimatlandıracaq. Fənn metodbirləşmələrin rəhbərləri daim müəllimlərlə iş aparır. Müəllimin sualını o da cavablaya bilər.

Amma müəllim üçün çox mübahisəli, hər kəsin fikrinə ehtiyac duyduğu məsələ varsa, onu sosial şəbəkədə də müzakirə edə bilər. Biz həmişə öyrənməyin tərəfindəyik. Özümün də bilmədiyim şeylər var. Təki öyrənməyə həvəs olsun.

Bir  yandan da düşünürəm ki, qiymətləndirmə ilə bağlı bugünəcən kifayət qədər təlim və kurslar keçirilib. Məktəbimizdə elə müəllim yoxdur ki, o kurslarda iştirak etməsin.

-Valideynləri təhsilin sifarişçisi adlandırırlar. Sözsüz ki, hər kəs övladının yaxşılığını istəyər. Amma bəzən, düzgün istiqamət seçə bilmirlər. Sizcə, azərbaycanlı valideyn övladına qarşı hansı yanlışlara yol verir?

-Valideynlər həqiqətən də sifarişçidirlər. Əsas istəkləri odur ki, övladları yaxşı bilik əldə etsin. Məktəb buna borcludur. Bəzən, çox kiçik şeylər olur. Məsələn, bir şagird digərinin kitabını əlindən alır, bu, valideynə xoş gəlmir və s. Bunlar kiçik məsələlərdir və öhdəsindən gələ bilirik. Bu vaxta qədər valideynlərlə aramızda heç bir ciddi narazılıq olmayıb. Nə vaxtsa bunun baş verəcəyini də düşünmürəm. Hər şey işə yanaşmadan asılıdır. Diqqətlə yanaşıb, kiçik bir şeyi vaxtında həll etməsən, o, böyük problemə çevrilir. Şükür, bugünəcən belə bir insidentlə rastlaşmamışam. Çünki vaxtında müdaxilə etmişəm.

-Bəs, valideynlərin müəllim işinə müdaxiləsi necə? Bunu əsasən hansı istiqamətlərdə müşahidə etmisiniz?

-Buna müdaxilə deməzdim. Amma bellə hallar olur. Valideyn uşağın aldığı qiymətlə maraqlanır. Gəlib, soruşur ki, “övladım keçən il Riyaziyyatdan “5” alırdı. Bu il isə qiymətləri “4”dür. Niyə?”

Bəzən valideyni də şagirdi də, müəllimi də dəvət edib birgə müzakirə aparırıq. Bu, şagirdin yaş xüsusiyyətləri, dərsə marağı, ətrafla münasibəti ilə bağlı ola bilər. Öncə səbəbi aydınlaşdırırıq.

Bəzən də görürəm ki, valideyn uşağı ilə maraqlanır, ona görə narahatdır. Amma heç ona evdə nəzarət etmir. Bilmir ki, onun Riyaziyyat müəllimi kimdir. Valideynə məsləhət veririk ki, övladının müəllimi ilə maraqlanmalısan, onun dərsində iştirak etməli, ardıcıl olaraq məktəbə gəlməlisən. Belə olanda, iş düzgün qurulanda ciddi problemlər də yaranmır. Valideynlərlə birgə işləyirik. O, sözünü deyə bilər, biz də dinləyib, məsələnin həlli yolunu tapmalıyıq.

-Qəbulunuz üçün şagird, müəllim, valideyn gözləyirsə, öncə hansını  dinləyərdiniz?

-Hər birinin ayrıca haqqı var və onları dinləməliyik. Problem üçünə də aiddirsə, hamısını birdən qəbul edərəm. Əksidirsə, düşünərəm ki, müəllim həmişə bizim yaxınlığımızdadır. Valideyn isə bəzən işdən icazə alıb gəlir, gözləmək imkanı olmur. Valideynə üstünlük verərdim. Sonra şagird və müəllimi qəbul etmək olar. İşçilərə də deyirəm ki, valideyni heç vaxt gözlətməyin. Onun  problemləri çoxdur, uşaq da onun qayğısındadır.

-Nə vaxtsa məktəbinizdə şagird və müəllim arasında konflikt  yaransa, hansının tərəfində olarsınız?

-Ədalətin tərəfində... Təkcə bu məsələdə deyil, həyatda da həmişə haqqın tərəfində olmaq lazımdır. Süni şəkildə kiməsə üstünlük verən insan məğlubiyyətə məhkumdur. Yalnız pedaqoji sahədə deyil, həyatda da ədalətli insan həmişə öndə olur.

“Pedaqoji işi yaxşı bilməyən müəllim direktor ola bilməz”

-Zakir müəllim, direktorların dərs deməsinə münasibətiniz necədir? Bəzən müəllimlər bunu aqressiya ilə qarşılayırlar. Amma “direktor həm də müəllim olmalı, pedaqoji işi bilməlidir” deyə bir fikir də var...

-Məktəb direktoru müəllimliyi bilməlidir. Pedaqoji işi yaxşı bilməyən müəllim direktor ola bilməz. Bu, mənim şəxsi mülahizəmdir. Fikrimcə, direktorun dərs deməsi yaxşı haldır. Amma bunun üçün mütləq müəyyən şərait olmalıdır. Məsələn, mən direktorluqla yanaşı, uzun illər dərs də demişəm. Sonradan özüm imtina etdim. Çünki müəllimlərin dərs yükü az idi.

Digər tərəfdən, məktəb direktorunun işi həqiqətən çox olur. Bəzən saatlarla valideynlərlə danışmalı oluruq. Valideynlər üçün direktorun başqa işi olub-olmamasının fərqi yoxdur. O, gəlib danışmalı və məmnun qayıtmalıdır. Əks halda, əvvəlki problemlər yenidən ortaya çıxa bilər: Valideyn narazılığı, başqa yerə şikayətə getmələr və s. Direktor məsələni anında həll etsə, valideyn heç yerə getməyəcək. Məktəb rəhbərinin dərs deməsinə normal baxıram, amma şərait əl verir və dərs saatı varsa... Müəllimin saatı azdırsa, direktor deyə bilməz ki, 12 saat da mən dərs götürürəm.

-Zakir müəllim, direktor və müəllimlərin çalışmanın yaş həddi ilə bağlı nə fikirdəsiniz? Bəzən, direktorlar üçün yaş həddinin azaldılmasını, gənc kadrların fəaliyyətini arzulayırlar.  Direktorların işə qəbulunda cəmi 5 il pedaqoji fəaliyyətin tələb olunması da gəncləri rəhbərliyə gətirir...

-Çalışmanın yaş həddi 65-dir. Amma müəllimin peşə bilikləri yaxşı səviyyədədir, dərs saatları onun işləməsinə imkan verirsə, nazirlik onun fəaliyyətinə etiraz etmir. Məsələn, çalışmanın yaş həddinə çatmış bir müəllimimiz var. Onunla birillik müqavilə bağlamışıq. Çünki peşəkarlığı buna imkan verir. Direktor məktəbi düzgün idarə edir və sağlamlığı yol verirsə, fəaliyyəti qəbulolunandır.

“İkinci ölüm”

-Bəzi yaşlı pedaqoqlar isə müəllimin təqaüdə çıxmasını “ikinci ölüm” adlandırır, onun unudulmasından gileylənirlər...

-Çalışmanın yaş həddinə çatmış müəllimi böyük hörmətlə yola salmaq lazımdır. Onun kollektivdən getməsini ən azı bir yığıncaqla qeyd etmək, onu gül verərək yola salmaq olar. Müəllim hiss etsin ki, çəkdiyi zəhmət hədər getməyib, diqqətdədir.

Müxtəlif tədbirlərdə, doğum günündə onu məktəbə dəvət etmək, şagirdləri ilə görüşünü keçirmək də yaxşı fikirdir. Müəllim özünü unudulmuş hiss etməməlidir. Çalışmanın yaş həddinə çatmış bir müəllimimiz var. Nəzərdə tutmuşam ki, həmin müəllim məndən əvvəl getsə, onu tez-tez yad edəcəyəm. Müəllim sözü isə çox dəyərlidir. Qoy, o, düşünsün ki, nə yaxşı ki, elə müəllim olmuşam. Unudulmadığını anlasın.

“Yaxın vaxtlarda bir çox məsələləri direktorun ixtiyarına verəcəklər”

-Zakir müəllim, son olaraq, müsahibimiz olan bütün məktəb rəhbərlərinə ünvanladığımız sual: Direktorun səlahiyyətlərinə daha nələrin daxil olmasını istərdiniz?

-Təhsil islahatları davam edir. Düşünürəm ki, yaxın vaxtlarda bir çox məsələləri direktorun ixtiyarına verəcəklər. Çünki demokratik ölkələrdə idarəçilik aşağıdan yuxarıya istiqamətlənməlidir. Azərbaycan da demokratik ölkədir.

İndi pilot məktəblər kimi bir çox orta təhsil müəssisələrində maliyyə təsərrüfat idarəçiliyi ilə bağlı təcrübələr aparılır. Gələcəkdə çox güman ki, maliyyə idarəçiliyi məktəblərin özünə tapşırılacaq. Bu, məktəbin səlahiyyətlərinin genişlənməsi deməkdir. Son illər təhsilin inkişafı göz önündədir. Bunlar məktəblərə verilən səlahiyyətlərlə birbaşa əlaqəlidir.

Təkliflərim isə çoxdur. Bunlar zamanın təklifləridir. Məsələn, məktəblər arasında əlaqələrin genişləndirilməsini istərdim. Bununla bağlı müəyyən işlər görülür. Məsələn, biz 83 nömrəli orta məktəblə təcrübə mübadiləsi aparırıq. Onlar bizim, bizsə onların dərslərində iştirak edirik. Hesab edirəm ki, mən də, müəllimlər də bu təcrübədən xeyli faydalanırıq. İstərdim ki, bu işlər daha geniş vüsət alsın. Bu, elə də yeni ideya deyil. Amma canlanma yaxşı olardı.

Həmçinin müəllimlər arasındakı sağlam rəqabəti də artırar. İnsan öyrənməyə ehtiyacı olduğunu hiss edir, üzərində işləyirsə, iş yaxşı alınır. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları