https://www.zirve.edu.az/
29.10.2020 14:44
Şükür Həmidovun müəllimi: “Şagirdim olanda mənimlə yemək yemədi, dedi,  ayıb olar”-MÜSAHİBƏ

 

 

 

Milli Qəhrəman, polkovnik  Şükür Həmidov 23 oktyabr tarixində  II Qarabağ Müharibəsində Qubadlının azadlığı uğrunda şəhid oldu.

 

 

Milli Qəhrəmanın müəllimi  Fazil Rüstəmov AzEdu.az-a müsahibəsi zamanı   Şükür Həmidovla bağlı xatirələrini bölüşüb:

 

Qeyd edək ki, Şükür Həmidov  Qubadlının   Armudlu kəndində müəllim ailəsində dünyaya göz açıb, rayonunun Başarat orta məktəbində təhsil alıb.

 

Qubadlı rayon Armudlu kənd orta məktəbinin  Fiziki  tərbiyə müəllimi olan  Fazil Rüstəmov Şükür Həmidovun məktəb illərindən söz açır:

 

 

“Şükürün ölümü çox gözlənilməz və ağır oldu. Mən ona 1987-1990-cı illərdə dərs demişəm. Atası Nəriman Həmidov isə mənim müəllimim olub, bizə kimya dərsini tədris edirdi. Şükürün yaşadığı ərazi təhsil aldığı məktəbdən 3-4 kilometr məsafədə idi və o, hər gün həmin yolu piyada gəlib-gedərdi. Həmçinin, 1-ci sinifdən 8-ci sinifə kimi o yolu heç bir nəqliyyatdan istifadə etmədən gedib-gəlir və gün ərzində 8 kilometr yol qət edirdi.

 

Armudlu kəndi dağlıq ərazidə olduğu üçün buranın yolları da çətin idi. Şükür 1990-cı ildə 8-ci sinifi bitirdikdən sonra  Bakı şəhərinə gələrək  Cəmşid Naxçıvanski adına Hərbi Kollecə daxil oldu. Həmin dövr erməni mənfurlarının torpaqlarımıza ərazi iddialarının başladığı bir zaman idi.

 

Ermənilər o vaxtlardan Dağlıq Qarabağa göz dikmişdilər. Onların törətdikləri vəhşiliklər Şükürün yaddaşında həkk olunurdu. Kəndimizdə ermənilərin törətdikləri özbaşınalıq, terror və heyvanlarımızın güllələnməsi Şükürə pis təsir edirdi. Yaşının az olmasına baxmayaraq,  baş verən hadisələri qiymətləndirmə bacarığına malik idi. Deməli, Şükürün daxilində olan vətənpərvərlik hissləri elə o zamandan qabarmağa başlayıb və qərar verib ki,  Cəmşid Naxçıvanski adına Hərbi Kollecə daxil olsun.

 

Şükür həmişə mənim dərslərimdə iştirak edər və  fəallıq göstərərdi. Bütün idman hərəkətlərini dəqiq yerinə yetirir,   dərslərinə məsuliyyətlə yanaşırdı. Hələ kiçik yaşlarından hər gün səhər 4 kilometr məsafəni qət edərək məktəbə gəlirdi. Elə bunun özü əməlli  idman məşğuliyyəti sayılmalıdır.  C. Naxçıvanski adına Hərbi Kolleci bitirdikdən sonra Hərbi Akademiyaya qəbul olundu. Sonra Şükürü xidmət yeri olaraq Naxçıvana yolladılar. Orada bir neçə il işlədi və uğurlu naliyyətlərinə görə də leytenant, baş leytenant, kapitan və mayor rütbələrinə yüksəldi. Şükür həm də Füzuli və Tərtərdə xidmət etdi”.

 

Müsahibimiz Şükür Həmidovla bağlı maraqlı bir faktı qeyd edir:

 

“Kəndimiz dəniz səviyyəsindən 2011 metr yüksəklikdə yerləşir. Şükür də hər gün  4 kilometr məsafəni qət edərək məktəbə gəlirdi. Kənd qış aylarında çox soyuq olurdu. Sinif otaqlarında odun sobası yanırdı. İsinmək üçün həmin vasitədən istifadə edirdik. Şükür səhər dərsə gəlirdi və ona deyirdim ki,  gəl, sən də sobanın yanında isin. Hamı gəlirdi, amma Şükür gəlmirdi. Deyirdi ki, heç vaxt üşümürəm. Cavab verirdim ki,  sən hələ balacasan, üşüyərsən. Yenə də  deyirdi ki, mənə soyuq olmaz, narahat olmayın. Çox sağlam və möhkəm idi”.

 

Şükür Həmidovun necə seçkin bir insan olacağı hələ o zamandan bəlli olub, müəllimini dinləyək:

 

“O vaxtlar müəllimlə şagird arasında pərdə var idi. Onun atası mənə dərs dediyi üçün Şükürgilin evində çox olurdum. Nəriman müəllimə ot biçimində yardım edirdim. Şükür bir dəqiqə dayanmır, bizə köməklik göstərirdi. Anası deyirdi ki, gəl, yemək ye, o isə iş gördüyünü deyirdi.  Çağırırdım ki, Şükür, gəl, yemək yeyək, o isə - “müəllimin yanında yemək yeyə bilmərəm, bu mənə ayıb olar”- deyirdi. “Eybi yox, sənə icazə verirəm”- deyəndə qayıdıb,  “bizə elə tərbiyə verilməyib ki, müəllimin  yanında   yemək yeyim” cavabladı.  

 

Atası Nəriman müəllim bizə 5  il kimyadan dərs keçmişdi. Başqa fənlərdə  müəllim  çatışmazlığı yaşandığı üçün Nəriman müəllim onları da tədris edirdi”.

 

Şükür Həmidovun ermənilərə nifrəti o zamanlardan başlayıb:

 

“1980-ci illərin sonlarında vəhşi Ermənistan qondarma Qarabağ ideyasını həyata keçirmək üçün bizim rayonumuzu atəşə tuturdu. Şükür də o zamanlarda ermənilərə nifrət edir və hərbçi olmaq arzusu ilə yaşayırdı. Ermənilər bizim mülki əhalini normal yaşamağa qoymur, ot biçini və maldarlıqla məşğul olan insanları narahat edirdilər. Bu hadisələri Şükür Həmidov eşidirdi.  Şükürün hərbçi olmaq istəyi  hələ 5-6-cı sinifdən bəlli olmuşdu. Hiss edirdi ki, erməni hərbi birləşmələri nə zamansa bizim üzərimizə qalxacaq. O, elə bir hərbçi kimi yetişdi və çalışdı ki, Cənab Prezident 2016-cı ildə ona Milli Qəhrəman adını verdi və vaxtından tez polkovnik hərbi rütbəsinə yüksəldi”.

 

Şükürün vətənpərvərliyi məktəb illərindən hiss olunurdu:

 

“O, sovet ideologiyasına da nifrət edirdi. Pianer qalstuku taxmır və kamsomola keçməkdən imtina edirdi. Hətta bəzi müəllimləri onun bu hərəkətini bəyənmir və irad tuturdular. O, da bəhanə edirdi ki, uzaq yol gedirəm və taxmaq istəmirəm. Mən sonradan anladım ki, o, sovet ideologiyasını qəbul etmək istəmir. SSRİ bizim üçün hər zaman saxta fikirlər irəli sürüb.

 

Şükürün babası Həmid kişi Qubadlı və Zəngilanın torpaq məsələlərinə baxırdı. O zaman onun da ermənilərlə torpaq üzərində mübahisəsi düşüb, lakin o torpaqlardan bir qarış da ermənilərə verməyib”.

 

Şükür Həmidov ilə son görüş:

 

“Bizim Qubadlı rayonundan çox vətənpərvər insanlar çıxıb. Hələ 1920-1930-cu illərdə Mircəfər Bağırov  Armudlu kəndinə 3 dəfə gəlib. Kəndimizin qoçaq və vətənpərvər adamları çox olub. Şükür Həmidov isə onların ən önündə gedənlərindən biri idi.

 

Şükür ilə son görüşümü də xatırlayıram. Heç bir il olmazdı,  Bərdəyə yas mərasiminə gəlmişdi. Mən də orada idim. Dedim bəs vəziyyət necədir, o da dedi ki, hər şey yaxşı olacaq və narahatlığa  heç bir əsas yoxdur”.

 

Şükür Həmidovun əhdi

 

“Sonradan eşitdik ki, Şükür Həmidov əhd edib ki, Qubadlı alınsın və orada olan ziyarətgaha baş çəksin.  Çox istəyirdi ki, oraya nəzir verib, qurban kəssin. Qubadlı alındıqdan sonra  Amma Şükür elə Qubadlıda da şəhid oldu. Prezidentimizin qərarına əsasən onun adı Qubadlıda əbədiləşdiriləcək.

 

İnşallah, Laçın, Şuşa , Ağdam və Kəlbəcər alınsın bizim böyük sevincimiz o zaman olacaq.  Şükür Həmidovun xatirəsi əbədiləşdiriləcək, haqqında sənədli filmlər çəkiləcək.

Allah Şükür Həmidov və digər bütün şəhidlərimizə rəhmət eləsin!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları