https://www.zirve.edu.az/
16.04.2020 21:17
Ən qeyri-adi müsbət yenilikləri məktəbdə tətbiq edən direktor:”Şagirdlərimin təbəssümü üçün darıxıram”-MÜSAHİBƏ  
Çap et

 

 

AzEdu.az Bakı Şəhər Təhsil İdarəsi ilə ortaq layihə çərçivəsində orta ümumtəhsil müəssisələrinin   direktorı ilə silsilə  müsahibələrini davam etdirir.

 

Budəfəki müsahibimiz Bakı şəhər 192 nömrəli orta məktəbin direktoru Təhmasib Məmiyevdir.

 

“Əsl idarəçi  əvvəlcə mühiti öyrənib,  öz fəaliyyətini buna uyğun olaraq qurmalıdır”

 

 Təhmasib müəllim haqqında qısa dosye –  Öz dilindən… 

 

-Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətimə Masallı rayon Xırmandalı kəndində başladım. 3 il burada işlədim. Daha sonra ixtisasartırma kursuna qatıldım və  riyaziyyat, informatika fənlərini də tədris etməyə başladım. Bakı Şəhər Təhsil İdarəsinin müsabiqəsindən yararlanaraq,  “Sinifdən xaric və məktəbdən kənar işlər” üzrə direktor müavini təyin olundum. Bundan sonra Sabunçu rayonu 148 saylı orta məktəbdə fəaliyyətimi davam etdirdim. 8 il də burada çalışdım.

 

Direktorluq fəaliyyətim isə  230 saylı məktəbdə başladı. Sonradan Direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edərək, Təhsil nazirinin əmriylə həmin məktəbə müdir təyin olundum. Burada illik, aylıq fəaliyyət planı hazırladım. Buna uyğun işlərimizi qurduq. Təyin olunduğum ildə məktəb reytinq göstəricisində 267-ci yerdə idi. 3 ildən sonra 134-cü yerdə qərarlaşdı. Mən təyin olunana qədər məktəbin olimpiada qalibi yox idi. Direktorluğum dövründə məktəbin şagirdi biologiya fənni üzrə olimpiada qalibi oldu. Məktəbdə tarix muzeyi təşkil etdim.

 

Məktəb Mərdəkan rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Burada içməli su yox idi. Öz vəsaitim hesabına 2 ədəd 8 tonluq çən aldım.

 

“Tənəffüs zəngləri musiqili olur, üverturalar səsləndirilir”

 

-Hazırda çalışdığınız məktəbə cəmi 4 aydır təyin olunmusunuz, bu qısa zamanda hansı işləri həyata keçirə bilmisiniz?

 

-Əsl idarəçi əvvəlcə mühiti öyrənməlidir. Buna uyğun olaraq da öz fəaliyyətini qurmalıdır. Hazırki işlədiyim 192 nömrəli məktəbdə də ilk bunu etdim. Məktəbdə şagird idarə orqanları yaratdım. Hər həftə sonu şagirdlərin davamiyyəti, bilik səviyyəsi haqda məlumatlar verilir. Həftənin 5-ci günləri sinif nümayəndələri ilə iclas keçirirəm. Tənəffüs zəngləri musiqili olur, üverturalar səsləndirilir. Bu şagirdlərin beyninin dincəlməsi üçün atılan addımdır. Bizim əsas məqsəd və marağımız təhsildə yüksək nailiyyətlərin əldə olunmasıdır. Ancaq ilk olaraq məktəbdə nizam-intizam qaydalarına nəzarət edilməlidir. Nizam-intizamın olmadığı məktəbdə təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Məsələn, mən yeni təyin olunan zaman məktəbdə sıra, səhər idmanı yox idi, Dövlət Himni oxunmurdu, növbətçilər yerində deyildi. Ancaq bir direktor kimi hər şeyi öz qaydasına salmaq üçün lazımlı addımları atdım. Məktəb üzrə sinif rəhbərləri tərəfindən “Ayın qalibi” nominasiyası keçirilir. Layihədə qalib olan siniflərə milli qəhrəmanlarımızın adı verilir. Qaliblər bir neçə kateqoriya üzrə müəyyən olunur: ən çox əlaçı olan sinif, nizam-intizam qaydalarına daimi riayət edən şagird, sinifdə təmizlik qaydalarına  riayət olunması, davamiyyətin yüksək olması, geyimlərin səliqəsinə diqqət olunması və s. Artıq qaliblərin siyahısı hazırdır və hər bir sinifdən asılıb. Bu layihə ilə bağlı digər məktəblərdən fərqimiz ondadır ki, siniflərə yalnız milli qəhrəmanların deyil, eyni zamanda onların şəhid olduqları torpaqlarımızın adını verir və həmin rayonumuzun guşəsi hazırlanır.

 

Əvvəlki direktorun təyin etdiyi iki təsərrüfat müdiri məsuliyyətsizlik səbəbi ilə işlərindən azad olundular. Daha sonra 32  sinif otağının qapısı, 500-dən çox stul bərpa edildi və daimi nəzarətim altındadır.  Hazırda məktəbdə 2176 şagird təhsil alır. Pedaqoji kollektivin sayı 111 nəfərdir, 22 texiniki işçimiz var.

 

-Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” nə kimi işlər həyata keçirir?

 

-Bütün fənlər üzrə bu akademiya fəaliyyət göstərir. Akademiyanın üzvləri müxtəlif bilik yarışmalarında iştirak edirlər. Sabunçu rayonu üzrə keçirilən bilik yarışında bütün turların qalibi bizim məktəb oldu. Bu “akademiya” ilə bağlı yeni ideya düşünürük. Lakin hələlik məxfi olaraq saxlanılır.

 

-Şagirdlərin asudə vaxtlarının təşkili üçün məktəb tərəfindən hansı addımlar atılıb?

 

-Məktəbdə kitabxana fəaliyyət göstərir. Burada sərbəst şəkildə mütaliəylə məşğul ola bilirlər. Eyni zamanda müxtəlif muzeylərə ekskursiyalar təşkil olunur.

Bütün şagirdlərin göstəriciləri toplanılır. Valideyn müraciət etdikdə bu göstəricilər əsasında söhbət aparılır. Bu məktəbdə direktorluq fəaliyyətimə başlayanda heç bir şagirdin “2” qiyməti almadığını müşahidə etdim. Bunu araşdırmağa başladım. Nəticədə süni, şişirdilmiş qiymətlərin yazılmasının şahidi oldum. Müəllimlər tənbeh olundu.

 

“45 dəqiqəlik dərs müddətində kiminsə mənlə görüşmək, danışmaq  məsələsinə qadağa qoyuram”

 

-Direktorun pedaqoji fəaliyyətlə məşğul olmasına münasibətiniz necədir?

 

-Mən həm pedaqoji fəaliyyətlə məşğulam, həm də məktəbə rəhbərlik edirəm. Vaxt çatdırmaq çətin olur. Buna baxmayaraq, 45 dəqiqəlik dərs müddətində kiminsə mənlə görüşmək, danışmaq  məsələsinə qadağa qoyuram. Bu vaxt kəsimi yalnız şagirdlərə həsr olunmalıdır. Direktor qanunlara əməl edərək, pedaqoji kollektivə nümunə olmalıdır. Hər kəsdən öncə məktəbə gəlir, otaqları gəzib, tapşırıqlarımı verirəm. Əvvəl işlədiyim məktəblərdə dərs ilinin sonuna yaxın valideynləri toplayıb onlara hesabat verirdim. Şagirdlər bir-birini sual-cavab edirdilər, eyni zamanda valideynlər uşaqlara suallar verirdilər. Bu üsulu hazırki məktəbdə də tətbiq edəcəyəm. Məqsədim şəffaf və obyektiv fəaliyyətdir.

 

-Yeni fəaliyyətə başlayan direktorlara hansı məsləhətləri görürsünüz? Onları hansı çətinliklər gözləyir?

 

-Müəllimləri süni qiymətləndirmədən yayındırmaq, qiymətləndirməyə güclü nəzarəti təmin etmək vacibdir. Qərəzsiz, ədalətli qərarlar qəbul etsinlər. İşlərinin məsuliyyətini anlasınlar. Hər bir sahə üzrə savadlı kadrların yetişməsinə çalışsınlar. Vətənini sevən, dövlət və dövlətçiliyə xidmət göstərəcək vətəndaşlar yetişdirsinlər. Müəllim və şagirdlərə doğruluğu aşılasınlar, neqativ hallara yol verməməyə diqqət etsinlər. Ən əsası məktəbdə şəffaf, obyektiv mühitin qurulmasıdır. Bütün bunlara əməl edilərsə, o zaman təhsildə inkişafa nail olacaqlar.

 

Məktəbimizdə birinci yarımil üzrə oxu texnikasının, ikinci yarımildə isə yazı texnikasının yoxlanması və qiymətləndirilməsi  üzrə müəyyən işlər aparıldı. Test üsulundan keçən uşaqlarda danışıq qabiliyyətini yaxşılaşdırmaq, yazıda olan problemləri aradan qaldırıb qaydaya salmaq  məqsədi ilə bu vasitədən istifadə edilir. Yoxlama  nəticəsində zəif qiymət alan uşaqlarla xüsusi seçilən müəllimlərimiz məşğul olur. Nəticədə bu problemlər nisbətən də olsa aradan qalxır.

 

-Koronavirus səbəbi ilə təlaşlanan valideynləri sakitləşdirməklə bağlı bütün yük direktorun üzərinə düşür. Valideyn-şagirdləri, elə pedaqoji kollektivi də  psixoloji yöndən sakitləşdirmək, stabilliyi qorumaq üçün hansı üsullardan istifadə etdiniz?

 

-Bildiyimiz kimi,  Təhsil Nazirliyi bununla bağlı bir sıra qərarlar qəbul etdi və məktəblərə bu istiqamətdə müəyyən tapşırıqlar göndərdi. Bu tapşırıqlara əsasən təhsil müəssisələrində sanitar təmizlik işlərinə nəzarət gücləndirildi, ciddi şəkildə dezinfeksiya işləri aparıldı. Baş verənlərin valideynlər arasında təşvişə səbəb olmaması üçün ilk olaraq valideyn komitələrinin iclası təşkil olundu. İclasda şəxsən valideynlərə məktəbdə gedən dezinfeksiya işləri, uşaqların sağlamlığında azacıq da olsa problem yaranarsa ilk olaraq nə etməli olduqları ilə bağlı lazımi məlumatları verdim. Şagirdlərin məlumatlı olması üçün məktəbin giriş hissəsində, eyni zamanda bütün mərtəbələrdə koronavirusla bağlı  məlumatlar yerləşdirildi. Bununla yanaşı bütün siniflər tək-tək koronavirusla bağlı məlumatlandırılıb. Üçüncü bir addım isə sinif rəhbərləri ilə iclas keçirərək onların məlumatlandırılması və bu hallarla qarşılaşdıqları zaman nə etmələri olduqlarına dair məlumatlandırılmaları oldu. Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi hər şeyi  nəzarəti altında saxlayır.

 

“Adi vaxtlarda da valideynlərlə münasibətlər nizamlı şəkildə həyata keçirilir. Bunun üçün bir sıra addımlar atılır...”

 

-Az öncə uşaqlarla yanaşı valideynlərin də qiymətləndirildiyini qeyd etdiniz. Bunun valideynlərin arasında rəqabətə səbəb olacağı qaçınılmazdır.  Bu, valideynlərin dərslərdə yüksək nəticələr əldə etsinlər deyə övladlarına qarşı şiddət uyğulamalarına  nə dərəcədə təsir göstərə bilər?

 

-Düşünürəm ki, biz uşaqlarla yanaşı valideynləri də qiymətləndirməliyik. Bununla bağlı bir layihəm var. Hazırda məktəbimizdə 122 şagird əlaçıdır.  Biz hər birinin valideyini üçün xüsusi tərifnamə hazırlayırıq. Çünki savadlı, tərbiyəli uşağın əsas dayağı valideyn olur. Bu səbəblə həm valideyn, həm də uşaq qiymətləndirilir, tərifnaməyə layiq görülür.

 

Məktəbimiz üzrə təhsil alan şagirdlərin 20%-i əlaçıdır. Biz də bu şagirdlərə dəstək olmaq üçün əlimizdən gələni edirik. Biz şagirdlərlə yanaşı valideynləri də maarifləndirməyə və onların övladları ilə münasibətinə diqqət etməyə çalışırıq. Məsələn, bir əlaçı şagirdlə bağlı müəllimdən şikayət gəldikdə dərhal valideyn çağırılır və xəbərdarlıq edilir. Ancaq mən bu halda müəllimə əvvəlcə bu sualı verirəm: “Bu şagird əlaçı olduğu zaman da valideynini çağırıb ona təşəkkür etmisənmi? Əlavə olaraq o valideynlə daimi əlaqə saxlamısanmı?”

 

 Buna görə də deyə bilərəm ki, rəqabət nəticəsində şagirdlərimizə qarşı valideynləri tərəfindən heç bir zorakılıq halı baş verə bilməz. Bir valideynə tərifnamə təqdim edildikdə artıq digər valideyinlər də həvəslənərək övladları üzərində işləməyə, onların təhsilinə  diqqət göstərməyə başlayırlar. Direktor təyin olunduğum  ilk zamanlarda məktəbdə səbəbindən asılı olmayaraq siniflərdən pul yığılmasını qadağan etdim. Məktəblərdə bu cür neqativ hallar yolverilməzdir. Bununla bağlı həm valideynlərdən, həm də sinif rəhbərlərindən yazılı və imzalı  izahat aldım.  Bu cür neqativ hallara yol verənlər sərt şəkildə cəzalandırılacaqlar.  Bu sahədə əsas rolu gənc kadrlar oynayır. Təhsil Nazirliyi tərəfindən təyin edilən gənc kadrlar olaraq, bu addımları atmaqla təhsil müəssələrində fəaliyyəti qaydasına salmağa çalışırıq. Məsələn, Müəllimlər Günündə sadəcə bir gül vermək belə kifayətdir və düşünürəm ki, bu  gözəl təbrikdir.  Digər hallar isə müəllimlərin şagirdlərə obyektiv yanaşmamasına gətirib çıxara bilər.

 

Valideynlərə vizit kartları  təqdim edilir. Müraciət etmək istəyən komitə sədri onu göstərərək müraciətini bildirə bilər. Dərs prosesini dinləmək istəyən valideyinə icazə vərəqi təqdim edilir. Sonda dərslə bağlı öz fikirlərini yazılı şəkildə qeyd edir və biz onların fikirlərini Pedoqoji  Şurada dəyərləndiririk. Bununla yanaşı çağırdığımız xüsusi psixoloqlar vasitəsi ilə müəllimlərin, valideyinlərin və şagirdlərinin hər birinin psixoloji vəziyyətini öyrənirik. Nəticədə məktəbin ümumi psixoloji mühitini örənirik. 

 

Biz şagirdlərin psixoloji mühitini öyrənmək üçün aralarından  500 nəfər seçdik və onlarla sorğular keçirdik. Bununla əlaqədar “2” alan uşaqlar və 5 alan uşaqlar üzrə “Risk qrupları”yaratdıq. Əsas məqsəd  nəticəsi aşağı olan uşaqlarrın təhsilində niyə yüksək keyfiyyət əldə oluna bilməməsini öyrənmək idi. Bunun səbəbini öyrənib o istiqamət üzrə müəyyən işlər görmək zəruridir. Ortaya çıxan əsas səbəb isə  uşaqlar üzərində valideyn diqqətinin olmaması oldu. Şagirdlərin əksəriyyəti ata və analarının bütün günü başlarının telefona qarışmasını, hətta bu səbəblə valideynlərinin çox zaman onları eşitmədiyini qeyd etdilər. Bu səbəblə də oxumaq  istəmədiklərini bildirdilər və nəticə olaraq çıxış yolu kimi biz şagirdlərlə yanaşı valideyinlərin də qiymətləndirilməsinə qərar  verdik.  İstər valideynlər, istərsə də məktəb heyəti uşaqlara diqqət ayırmalı və qayğı ilə yanaşmalıdır. Bu məqsədlə mən şagirdlərimiz arasında olan olimpiada qalibləri, müxtəlif yarışmalarda birinci olan istedadlı şagirdlərimizi daim diqqətdə saxlamağa çalışıram və həvəsləndirmə məqsədi ilə hətta onları  öz vəsaitim hesabına müxtəlif hədiyyələrlə qiymətləndirirəm. Fəaliyyətim vasitəsi ilə valideyn və müəllimlərə rüşvət olmadan təhsil müəssisəsinin idarəsinin mümkün olduğunu göstərməyə çalışıram. Mənim övladım da bu məktəbdə təhsil alır və bir valideyn kimi neqativ hallarla yol verilməsini istəmərəm. Təhsil keyfiyyətinin yüksək olması üçün əsas vəzifə müəllimlərə məxsusdur. Məsələn, məktəbimizdə ingilis dili üzrə keyfiyyətin yüksək olması üçün gənc kadrları cəlb etməyə çalışırıq. Düşünürəm ki, bu sahədə gənc kadrların çoxluq  təşkil etməzi zəruridir.

 

““ Təkrar biliyin anasıdır” - Bu cümlə  bizə səhv öyrədilib”

 

-Tətil müddətindən sonra şagirdlərin dərsə adaptasiya ola bilməsi ilə bağlı problemlər yara bilər. Pedaqoq olaraq bunu nece qarşılayacaq və qarşısını alacaqsınız?

 

-Təcrübəmə əsasən deyə bilərəm ki, adaptasiya problemi şagirdlərdə maksimum bir-iki gün çəkir. Bu müddətdən sonra artıq şagirdlər yavaş-yavaş diqqətlərini dərslərinə yönləndirməyi bacarırlar. Bu zaman təhsil müəssisələrində əlverişli emosional-sosial mühitin yaradılması, şagirdlərə bununla bağlı hər cür təhsildə psixoloji xidmətin göstərilməsi vacib amildir. Şəxsən özüm  şagirdlərlə həmsöhbət olarkən təhsilin onların gələcəyi üçün nə qədər vacib rol oynadığını izah edərək onlarıruhlandırmağa çalışıram. SSRİ dövründə bizə belə bir cümlə bizlərə öyrədirdilər - “Oxumaq,oxumaq  yenə də oxumaq!”, ancaq ruslar bu cümləni belə əleyhimizə olaraq səhv şəkildə öyrədirdilər. Onlarda bu cümlə əslində belədir: ”Oxuyub öyrənmək, oxuyub öyrənmək, yenə də oxuyub öyrənmək”.  Biz kitabı oxuya bilərik, ancaq əsas o məlumatı örənmək, dərk edib mənimsəməkdir. İkinci bir cümlə -“ Təkrar biliyin anasıdır”. Əslində bu cümlə də bizə səhv öyrədilib. Ruslarda bu cümlə belədir: “Təkrar və tətbiq biliyin anasıdır”. Bildiklərini təkrar edərək onları tətbiq edə bilmirsənsə o təhsil, o məlumat artıq sənin üçün əhəmiyyətsizdir. Biz şagirdlərimiz üçün bunları əsas götürməliyik.

 

-Hazırda virusdan müdafiə məqsədi ilə məktəbinizdə tətildir. Şagirdləriniz üçün darıxırsınız ?

 

-Əlbəttə! Səhər məktəbə gələrkən şagirdlərimizin üzlərində gördüyümüz təbəssüm hər zaman  bizim əhval-ruhiyyəmizi yüksəldirdi. Mənim üçün də ən vacib məsələ şagirdlərimizin təhsildə keyfiyyətinin, eyni zamanda əhvali-ruhiyyəsinin yüksək olmasıdır. Məsələn, bir şagirdimiz həm keçən il, həm də bu il olimpiada da uğurlu nəticə əldə etdi.Ancaq onun uğuru keçən il qiymətləndirilməmişdi. Mən isə o şagirdimizin uğurunun yüksək dərəcədə qiymətləndirilməsi üçün əlimdən gələni edirəm. Keçən il bürünc medala layiq görüldü, ancaq bu il gümüş və ya qızıl medal qazanacağına inanaraq bizə söz verdi. Biz o şagirdlə mütəmadi əlaqə saxlayır və dəstək olmağa çalışırıq. Növbəti bir layihəmiz siniflərdə hər ayın bir fənnə həsr olunması və onu əhatə etməsidir. Məsələn, sentyabr-idman, oktyabr-ingilis dili, noyabr-informatika, dekabr-tarix, yanvar-riyaziyyat  indi isə azərbaycan dili və ədəbiyyat ayıdır. Bununla bağlı  “Azərbaycan dili-şirin dilimizdir” mövzusunda şeir müsabiqəsi təşkil edilir.  Nəticədə qalib gələcək uşaqlar diplomlarla təltif ediləcəklər.Eyni zamanda təhsildə yeniliklər məqsədi ilə mövcud olan bir sıra planlarımızı həyata keçirməyə hazırlaşırıq və buna nail olacağımıza ümid edirəm. Əsas  məqsəd  cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirməkdir. Əgər bizə güvənib bu vəzifəyə təuin ediblərsə biz bu etimadı nəyin bahasına olursa-olsun doğrultmalıyıq. Biz gənc kadrlar olaraq daim məktəb direktorları ilə yığışıb məktəbin fəaliyyət planı ilə bağlı müzakirələr aparırıq. Təhsildə keyfiyyət əldə etmək üçün tək deyil, qrup şəklində hər birimiz əlimizdən gələni edirik.

 

“Babam 1941-1945 ci illərdə tədris üçün məktəb olmadığına görə öz evini məktəb olaraq  istifadəyə vermişdi”

 

-Təhmasib müəllim sizdə bu müqəddəs  peşəyə maraq necə yarandı?

 

-Bu müqəddəs peşəyə maraq  mənə babalarımdan miras qalıb deyə bilərəm. Bizim ailəmiz ziyalı ailədir. Əvvəl məqsədim iqtisadçı olmaq idi  və bunun üçün də ikinci ixtisas qrupuna hazırlaşırdım. Ancaq bizim kənddə 40 ildir ki, heç kimin fizika fakültəsinə qəbul olunmadığını gördüm. Qəbul imtahanına altı ay qalmış qrupumu dəyişdim və nəticədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olundum. Ancaq məndə bu peşəyə  əsas maraq  babamın sayəsində yarandı. Babam da məktəb direktoru kimi fəaliyyət göstərib. Belə deyim, babam 1941-1945 ci illərdə tədris üçün məktəb olmadığına görə öz evini məktəb olaraq  vermişdir. Həmin dövrdə fənər, şam işığı ilə o məktəbdə təhsil alanlar  dayım da daxil olmaqla  gələcəyin öndəgələn ziyalıları oldular. Düşündüm ki, bizim nəslin nümayəndəsi təhsilə bu qədər önəm verərək evini bu uğurda verə bilirsə biz də əlimizdən gələni etməliyik. Təbi ki, mən də işlədiyim dövrdə bir çox çətinliklərlə üzləşdim. Ancaq mübariz omağa, geri çəkilməməyə çalışdım. Bizim ailəmiz böyük idi və evdə bircə atamız  işləyirdi.  O dövrdə oxumaq üçün indiki kimi imkanlar  yox idi. Müəllim üçün odun qıraraq dərsdən kənar təhsilimizlə məşğul olub qəbula hazırlaşırdıq. Tələbəliyim zamanı həm oxuyub, həm işləyirdim. Hətta işlədiyim dövrdə də bir çox əziyyətlə qarşılaşdım. Ancaq  hər birinin öhdəsindən gələrək bu günlərə çatdım. Buna görə bütün şagirdlərimə əziyyətlərlə qarşılaşmamaları üçün çox çalışmalı, təhsilə yiyələnməli olduqlarını daim başa salıram. Bir direktor kimi qapım birinci sinifdən on birinci sinfə kimi hər bir şagirdimə daim açıqdır.

 Firayə ALLAHVERDİYEVA

  Ayşə MUSTAFAYEVA

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları