Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 12:02:00
Universitetlərimizdəki idman imkanları: Birində alpinizm alətləri var, o birində zal belə yoxdu  

Gənclərin  asudə vaxtlarını keçirdikləri, eyni zamanda, sağlamlıqları üçün əhəmiyyətli olan məkanlardan biri də idman zallarıdır.

AzEdu.az tələbələr arasında sorğu keçirərək universitetlərin nəzdindəki  idman komplekslərinin durumunu, faydalı iş əmsalını öyrənməyə çalışıb. 

Bəzi ali məktəblərin idman komplekslərində hətta dağa dırmanmaq üçün avadanlıqlar olduğu halda, bəzilərində ümumiyyətlə, zal  belə  yoxdur. 

Azərbaycan Neft və Sənaye Universitetinin Geologiya fakültəsi IV kurs tələbəsi Əmrah  Göyüşov güləşlə məşğul olur. Lakin universitetlərində idman zalı yoxdu: 

“Bildiyim qədəri ilə, universitetimizdə idman kompleksi,  idman zalı yoxdu. Mən güləşlə məşğul olmaq üçün bu barədə keçən il maraqlanmışdım. Amma zalın olmadığını öyrəndim”. 

Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Hüseynov Elvin  idmanla çox maraqlanmasa da, universitetlərində bu yöndə hər şəraitin olduğunu deyir: 

“Düzü,  idmanla o qədər də maraqlanan deyiləm. Amma bildiyim qədər, universitetimizdə idman üçün lazım olan şərait var”. 

Bakı Dövlət Universitetinin III kurs tələbəsi Qənbər Babayev deyir ki, universitetlərində istənilən idman növü  müxtəlif klublar var: 

“BDU-da idman üçün hər şərait yaradılıb. İdman zalı da yaxşı vəziyyətdədir. Kim hansı idman növü üzrə  istəyirsə, burada  məşğul ola bilir. Bunun üçün müxtəlif idman klubları var”. 

Xəzər Universiteti İqtisadiyyat fakültəsi III kurs tələbəsi Adil Mustafayev oxuduğu ali məktəbdə idman kompleksi, idman zalı ilə  çox da maraqlanmasa da, burada keçirilən futbol çempionatlarından xəbərdardır: 

“Universitetdə  idman zalı görməmişəm.  Bizdə bildiyimə görə, ancaq futbol çempionatları keçirilir. Bundan başqa elə bir məlumatım yoxdur”. 

Milli Aviasiya Akademiyası İqtisadiyyat fakültəsi IV kurs tələbəsi Səttar Məmmədov deyir ki, MAA idman kompleksi ölkədəki universitetlər arasında ən  yaxşılardandır: 

“Milli Aviasiya Akademiyasındakı  idman kompleksi, deyərdim ki, Azərbaycan universitetləri içində ən yaxşıları sırasında ilk yerlərdədir. İçində. hər cür şəraiti var. Zaldakı avadanlıqlardan rahat istifadə edə bilirik. Hətta birinci kursda bəzi dərsləri orda keçmişik”. 

Qərbi Kaspi Universiteti Siyasi və ictimai elmlər fakültəsinin  II kurs tələbəsi Vasif Hüseynov  Milanda keçirilən  Dünya Döyüş çempionatında II yeri tutub. Peşəkar idmançı olan  Vasif universitetlərindəki  idman kompleksindən tam razıdır: 

“Bizdə idmana dəstək kifayət qədərdir. Özüm eyni zamanda dünya ikincisiyəm. Universitetin internet səhifəsində idman nailiyyətləri yerləşdirilir.   İdman cəmiyyətimiz də var. İdman zalımız yaxşı vəziyyətdədir. Futbol, Dağa dırmanmaqla bağlı avadanlıqlar da işlək vəziyyətdədir”.

Rəna Nəbi