Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-30 16:05:00
Çoxdan gözlənilən təyinatlar, müavinət alan alimlər,  ilin yekun rəqəmləri – Həftənin təhsil icmalı

 

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız  həftədə  təhsil sahəsində  nələrin baş verdiyinə  qısa nəzər  salaq:

Prezident xanımı ilə məktəb açılışında olub

Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Yaşayış kompleksində tikilən Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 792 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında olub

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib. 

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib. 

Qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.

Paytaxt məktəbliləri beynəlxalq olimpiadalarda uğur qazandılar

Belarusun paytaxtı Minsk şəhərində keçirilən 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdi Nəriman Mirişov olimpiadanın gümüş medalına layiq görülüb.

Bakı şəhər üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə əldə edib.

Qeyd edək ki, İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.

 HƏFTƏNİN  İNFORMASİYALARI

Bu il 50-dən çox azərbaycanlı dünyanın aparıcı universitetlərini bitirib

Bu il ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinə müraciət edən məzunlar sırasında dünyanın ən nüfuzlu ali məktəblərini bitirən Azərbaycan vətəndaşları  da  var.

Cari ildə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kembric Universiteti, Oksford Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Şərq Texniki Universiteti, Bilkent Universiteti və dünyanın digər aparıcı ali təhsil müəssisələri tərəfindən verilən diplomların nostrifikasiyası üzrə Təhsil Nazirliyinə 50-dən çox müraciət daxil olub.

 Bu il 52 veteran alimə birdəfəlik müavinət ödənilib

AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.

Əvvəlcə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun veteranlar şurasının sədri olmuş Paşa Zamanovun xatirəsi bir dəqiqəlik  sükutla  yad  edilib.

 

İclası şuranın sədri Eldar Quliyev açaraq  BVŞ-nin 2018-ci ildə gördüyü işlərə dair çıxış edib. O, cari ildə BVŞ tərəfindən əməyin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, elmi müəssisələrdə veteran şuralarının işinin təkmilləşdirilməsi məqsədilə tədbirlər planının hazırlandığını və icra olunduğunu söyləyib.

Diqqətə çatdırıb ki, 2018-ci ildə BVŞ-nin seçki iclası keçirilib, yeni sədr və sədr müavini, eləcə də şura üzvləri seçilib. Hazırda akademiyada 1633 veteranın çalışdığını deyən E.Quliyev onlardan 29-nun akademik, 37-nin AMEA-nın müxbir üzvü, 224-nün elmlər, 553 nəfərinin isə fəlsəfə doktoru olduğunu bildirib. Bundan əlavə, AMEA-da 1 nəfər Böyük Vətən müharibəsi, 16 nəfər Əfqanıstan müharibəsi və 4 nəfər Silahlı Qüvvələr veteranının çalışdığını söyləyib.

BVŞ-nin sədri bildirib ki, hesabat ilində 52 veterana birdəfəlik müavinət ödənilib, 24 veterana yemək güzəşti edilib, 47 veteran isə tibbi sanatoriyalara göndərilib. 2018-ci ildə "Əmək veteranı" adı və vəsiqəsini almaq üçün elmi müəssisə və təşkilatlardan BVŞ-yə 123 sənədin daxil olduğunu deyən E.Quliyev bunlardan 88-nə müsbət cavabın verildiyini diqqətə çatdırıb.

İclasda, həmçinin Şamaxı Astrofizika Rəsədxanası, Neft-Kimya Prosesləri və Coğrafiya institutlarının veteranlar şuralarının sədrləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

 

Bu il Bakı məktəblərinə təyin olunan direktorların sayı AÇIQLANDI

 Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-ci il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Qeyd edək ki, test imtahanı mərhələsində minimum 40% sualı cavablayan namizədlər müsahibədə iştirak hüququ qazanıblar. Müsahibə nəticəsində namizədlər təyinat alır və ya ehtiyat kadr siyahısına salınırlar. Ehtiyat siyahıda qalma müddəti isə 2 ildir. 2 il ərzində yaranan vakansiyalar həmin namizədlərə təqdim olunur

 

Bu il Bakıdakı 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 2018-ci ildə paytaxtdakı 30 ümumtəhsil məktəbində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində həmin məktəblərin informatika müəllimləri üçün seminar təşkil edilib. Həmçinin 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb.

Bundan əlavə, 4 ümumtəhsil məktəbində ingilis dili resurs mərkəzləri təsis edilib. Mərkəzlərin fəaliyyəti çərçivəsində 20 müəllim Böyük Britaniyada 5 günlük təkmilləşdirmə təlimində iştirak edib. Həmçinin 17 ingilis dili müəllimi Bakıda “British Council” təşkilatının təlimçiləri tərəfindən keçirilən təlimlərə qatılıb. İl ərzində mərkəzlərin fəaliyyətindən 600-dən artıq şagird yararlanıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları