Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 11:39:00
Məntiq olimpiadasının qalibləri və təhsil işçiləri mükafatlandırıldılar

Dekabrın 28-də Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası qaliblərinin və təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim, şagird və valideynlər iştirak ediblər.

AzEdu.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-liseydə keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat diqqətə çatdırılıb.

BŞTİ-nin müdiri Rəşad Tağıyev bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın əhəmiyyətindən danışıb. O, son illərdə şagirdlərin bilik və bacarıqlarının inkişafı istiqamətində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək, məktəblilər arasında məntiqə olan marağı artırmaq istiqamətində müvafiq addımlar atılıb.

Sonra olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, qazanılmış uğurlardan danışıb. O, təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını bildirib.

Sonda nazir müavini tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim olunub. Həmçinin BŞTİ-nin əməkdaşlarına, pedaqoji mühazirə qaliblərinə diplom və hədiyyələr verilib.

Tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunmuş konsert proqramı ilə davam edib. Konsert proqramı çərçivəsində 4 və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin paytaxt məktəblilərindən ibarət dərnək üzvləri musiqi və rəqs nömrələri nümayiş etdiriblər.