Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 13:41:18
“Məktəblərdə ilkin tibbi yardım üçün hər şey olmalıdır, əks halda...” – Görünməz təhlükə  

Orta təhsil müəssisələrində şagirdlərin sağlamlığının qeydinə qalmaq məqsədilə tibb məntəqələri fəaliyyət göstərir. Qanunvericilikdə bütün məktəblərdə şagirdlərə ödənişsiz  tibbi xidmət göstərilməsi qeyd edilsə də, bəzilərində bu formal xarakter daşıyır.

Analoji nöqsan özünü necə büruzə verir və şagirdləri hansı təhlükələrlə üz-üzə qoyur?

Mövzu ilə bağlı AzEdu.az-a danışan pediatr Vaqif Qarayev də məktəbdə tibb bacısı və psixoloqun olmasını mütləq bilib:

“Epidemiya, mövsümi xəstəliklər zamanı aşağı siniflərə xüsusi nəzarət olunmalıdır. Düzdür, bu qədər şagirdə nəzarət etmək qeyri-mümkündür. Amma bir mexanizm düzəltmək olar.

Məktəblərdə kifayət qədər bədbəxt hadisələr baş verir. Bu zaman ilkin tibbi yardımı elə orta təhsil müəssisəsi göstərməlidir. Xəstə şagirdin məktəbdə halı pisləşmə ehtimalını nəzərə alsaq, məktəblərdə təcili yardım komplekti olmalıdır.

Müəllim və rəhbər heyətin ciddi xəstəliyi olan şagirdlər haqda bilgilərə sahiblənməlidirlər. Çünki şəkər, epilepsiya kimi xəstəliklərdə kəskinləşmə ola bilər. Tibb məntəqəsində ilkin tibbi yardım üçün hər şey olmalıdır ki, qəfil bir şey olsa, yardım edə bilsinlər”.

“İkinci növbə tədris ləğv olunmalıdır”

Pediatr onu qeyd edib ki, məktəblərdə bu xidmət olsa, bura işləmək üçün heç kim getməyəcək:

“Çünki maaş həddindən artıq aşağıdır. Cüzi maaş üçün kim bu qədər vaxtını sərf edər? Bu məsələlər tənzimlənməlidir.

Ən ciddi məsələ isə məktəb psixoloqu problemidir. Psixoloq hər gün məktəbdə olmalı, uşaqlarla işləməlidir.

Bizdə məktəblərdə həddindən artıq sıxlıq var. Müəllim bu qədər uşağa nə öyrədəcək? Bu məsələlər həll olunmalı, yeni məktəblər tikilməlidir.

Bundan əlavə, ikinci növbə tədris ləğv olunmalıdır. Dünyanın heç yerində ikinövbəli tədris yoxdur. İkinci növbədə təhsil alan şagird nə oxuyacaq? Səhər yuxudan durub, günortaya qədər nəsə edir ki, günorta dərsə getsin. Məktəblərdəki sıxlıq aradan qalxsa, tibb personalı da, psixoloq da normal xidmət göstərə biləcəklər. Bunlar hamısı təşkilati, həkimə qətiyyən aidiyyatı olmayan məsələlərdir. Amma təcrübə göstərir ki, başqa cür mümkün olmayacaq”.

“Nə məktəb, nə direktor, nə də sinif rəhbərini qınamıram”

Psixoloq məktəbdəki tibbi xidmətdən əlavə, valideynlərin öhdəsinə düşən məsuliyyətdən də söz açıb:

“Bizdə qəribə düşüncə var. Uşağın ciddi xəstəliyini gizlədirlər. Halbuki, I sinfə gedən uşaqlar tibbi komissiyadan keçməlidirlər. Onlara sağlamlıq haqqında arayış verilməlidir. Hansısa xəstəliyi keçirən uşaq sahə poliklinikasından arayışı götürüb məktəbə təhvil verməlidir. Mən nə məktəb, nə direktor, nə də sinif rəhbərini qınamıram. Onlar hər uşağın sağlamlığının nə yerdə olduğunu bilə bilməzlər.

Amma valideyn bunu gizlətməməli, xəstə uşağı məktəbə aparmamalıdır. Məktəbdəki tibb personalı təbii ki, 1500 uşağın hər birinə nəzarət edə bilməz. Bu, qeyri-mümkündür. Əsas yük valideynin üzərinə düşür ki, uşağını məktəbə aparmasın”.

Bərdə rayonu Rəhman Abbasov adına Əmirli kənd orta məktəbinin təşkilatçı məsələlər üzrə direktor  müavini Aslan Qəmbərov isə bildirib ki, məktəblərdə tibbi xidmət pulsuz həyata keçirilməlidir. Bu isə Nazirlər Kabinetinin 218 nömrəli  “Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili” qaydalarında nəzərdə tutulub:

“Qaydaya əsasən, orta ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalıdır. Bu otaq zəruri avadanlıqlarla təmin olunmalı, həmin ərazi üzrə tibb işçiləri bura təyin edilməlidirlər. Onların əməkhaqqısı isə müvafiq icra hakimiyyəti tərəfindən ödənilir.

Bu, qanunla tənzimlənir, amma reallıq da var. Reallıq bundan ibarətdir ki, maddi texniki-bazası yüksək olan şəhər məktəbləri hər şeylə təmin olunduğuna görə, bu işi yüksək səviyyədə təşkil etmək mümkün olur. Amma bəzi region məktəblərində nəinki otaqların təminatı, hətta sinif otaqlarının təşkili ilə bağlı da problemlər mövcuddur.

Uzaq kəndlərdə tibb məntəqəsi məktəbə yaxın ərazidə fəaliyyət göstərir. Tibb otağı olmayan məktəblərə buradan tibb işçiləri cəlb olunur. Yəni, məktəbdə tibbi xidmət təşkil olunmasa da, həmin məntəqədən tibb işçilərinin məktəbə gəlişi baş tutur. Onlar gigiyenik qaydalara nə dərəcədə riayət olunduğunu öyrənir, müxtəlif vaksinasiyanın aparılmasını həyata keçirirlər. Yəni, tibb məntəqəsi olmayan məktəblərdə tibbi xidmət belə reallaşdırılır”.

“Bəzi məktəblərdə heç uşaqlara dərs demək üçün siniflər çatmır, qaldı ki, əlavə tibb otağı ayırmaq”

Aslan müəllim məktəblərin maddi- texniki bazasının əvvəlki illərlə müqayisədə yaxşılaşdığını, müəyyən irəliləyişlərin olduğunu bildirib:

“Real faktlarla müqayisə etsək, çatışmazlıqlar təbiidir. Amma fikrimcə, bunlar bir müddət sonra aradan qaldırılacaq. Bu isə məktəblərin maddi texniki bazasının zəifliyi ilə bağlıdır. Nöqsanlar varsa, onlardan çıxış yolları da var.

Tibb  otaqlarının olmaması məsələsini qabardırlar. Amma bunun üçün öncə məktəbin maddi-texniki bazası normal olmalıdır. Bəzi məktəblərdə uşaqlara dərs demək üçün sinif otaqları çatmır, qaldı ki, əlavə tibb otağı ayırmaq.  Məktəbin özünü  tənzimləməyə gücü çatmasa da, vəziyyətdən müəyyən çıxış yolu tapır. Ən azından ərazidəki həkimləri ora cəlb edir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları