Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 12:41:22
Bakı məktəbləri üçün 2018-ci il necə yadda qaldı?    

2018-ci ildə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 47 637 uşaq qəbul olunub.  

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2018-ci ilin yekunlarına dair hesabatında bildirilir.

2018-ci ildə tətbiq edilən yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul edilib.

BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq təhsil alır.


 44 məzun qızıl və gümüş medala layiq görülüb


BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 768, tam orta təhsil səviyyəsi üzrə isə 1075 nəfər fərqlənmə attestatı ilə bitirib.

Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq  qızıl və gümüş medalla təltif ediliblər.


10 məktəbli maksimum nəticə əldə edib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 10 məzunu ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

Belə ki,  I və IV ixtisas qrupları üzrə 297, 109, 169, 58, 29 və 129 nömrəli tam orta məktəblərin məzunları, II və III ixtisas qrupları üzrə Texniki Humanitar Liseyin, 45, 89, 214 nömrəli tam orta məktəblərin məzunları maksimum nəticə göstərərək 700 bal toplayıblar.

Təmayülləşmənin miqyası genişlənib

2018-ci ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

52 şagird inklüziv təhsilə cəlb edilib


Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.


İşə qəbul üzrə 1145 vakansiya təqdim olunub


Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1145 vakansiya təqdim olunub.


Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 525 nəfər daimi əsaslarla işə qəbul olunub.

2018-ci ildə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1036 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib


Müəllimlər təltif edilib

2018-ci  ildə ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 6 müəllim “Tərəqqi” medalına, 10 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 24 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

Eləcə də 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.

BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1226 işçidən 651 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.


 280 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib

2018-ci ildə təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 31 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 13 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 27 nəfər psixoloq vəzifəsinə, 20 nəfər kitabxanaçı vəzifəsinə, 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 33 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 130 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Ümumilikdə, 280 nəfərin işə qəbulu həyata keçirilib.


 22 nəfər direktor vəzifəsinə işə qəbul olunub 


Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-ci il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 


 Orta aylıq əmək haqqı 552 manat təşkil edir


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir.

 
Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib


Azərbaycan müəllimlərinin XV qurultayında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib. Həmçinin ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılıb.


 Məktəblərin reytinq cədvəli hazırlanıb


BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə IX və XI sinif şagirdlərinin buraxılış imtahanı göstəriciləri təhlil edilib. Məktəblərin ümumi göstəriciləri əsasında reytinq cədvəli hazırlanıb.


 Paytaxtda 13 məktəb əsaslı təmir olunub, 4 yeni təhsil ocağı inşa edilib


2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun yenidən tikintisi həyata keçirilib.

1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi, 25 məktəbdə isə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.  

Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

 Paytaxt məktəbliləri intellektual teleoyunda iştirak edib

BŞTİ və Azərbaycan Dövlət Televiziyasının birgə layihəsi olan “Hazırcavablar” intellektual oyununda ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edib.