Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 16:47:00
“Şagird dərsə ona görə getmək istəmir ki, müəllim onu döyür”-“Civə” şeirinə şərh

Son vaxtlar Rafiq İsmayıl, Gülşən Orucova və digərlərinin müəllifliyi ilə hazırlanan III sinif Azərbaycan dili dərsliyi sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Onun belə müzakirə olunmasına səbəb isə dərslikdə dərc olunan bir şeirdir. Çoxları bu şeirin şagirdlərə dərsdən yayınmaq və yalanı aşıladığını düşünür.

Təbii ki, bu, orta məktəb dərsliklərində çap olunan, sosial şəbəkələrdə müzakirə edilən ilk şeir deyil.  Bəs, dərsliyin içindəkilər üçün nəzərdə tutulan standartlara əməl olunmamasının səbəbi nədir? Ümumiyyətlə, mətnlər dərsliklərə salınarkən nələrə diqqət edilməlidir?

“Bu şeiri təbliğ etmək düzgün deyil”

Mövzu ilə bağlı AzEdu.az-a danışan pedaqoq Fərrux Rüstəmov bildirib ki, ibtidai sinif dərsliklərinə elmi-kütləvi, bədii mətnlər salınarkən tərbiyəedici istiqamət ilk yerdə durmalıdı. Hətta bu, onun təhsil funksiyasından da öndə gəlməlidir:

“Çünki təhsilin funksiyası tərbiyə etməkdir. Biz bu materiallarla uşaqları formalaşdırmağa çalışırıq. Bütün mətnlər şagirdin əxlaqi, mənəvi və ruhi aləminin  formalaşmasına xidmət etməlidir. Dərslikdəkilərin bunlardan kənara çıxması, dərsdən yayınmanı, kobudluğu və digər mənfi keyfiyyətləri təbliğ etməsinə qətiyyən yol vermək olmaz. Klassik ədəbiyyatda da bu istiqamət gözlənilib.

Bu şeiri təbliğ etmək isə təbii ki, düzgün deyil. Ola bilər ki, şeirin davamı olsun. Davamında isə şagird etdiyi əməldən peşman olsun”.

“İndiki uşaqların çoxu məktəbə getmək istəmir, nəinki o şeirdəki uşaq”

Bəziləri isə düşünür ki, müəllim bu şeiri tənqidi formada tədris etməlidir. Elə keçməlidir ki, şagird dərsdən yayındığına görə peşman olsun. Pedaqoq bu fikrə də münasibət bildirib:

“Axı sən niyə bunu proqrama salırsan? Sən niyə evi pis tikirsən ki, mən də onu düzəldim?

Belə çıxır ki, bu şagirdin dərsə getmədiyinə görə sevinməyə haqqı var. Həmin şeirin müəllifi də onu başqa mənada yazıb. Şagird dərsə ona görə getmək istəmir ki, müəllim onu döyür, təhqir edir, mənəviyyatını tapdalayır. Riyaziyyatı bilmədiyinə görə uşağı ayaq üstə saxlayır. Uşaq məktəbə getməyəcəyinə görə sevinir. Məktəbdə yaxşı mühit olsa, uşaq xəstələnəndə də məktəbə gedər. İndiki uşaqların çoxu məktəbə getmək istəmir, nəinki o şeirdəki uşaq.

Belə çıxır ki, şair şeiri bu məqsədlə yazıb. Demək istəyib ki, məktəbdə yaxşı mühit yoxdur. Bilirsiz, indi müəllimlərin çoxu kobuddur. Riyaziyyatı pis bildiyinə görə şagirdi aşağılamazlar. O digər fənləri yaxşı bilə bilər.

Uşaqlar məktəbi sevirlər. Amma müəyyən müddət sonra buradakı naqislikləri görüb məktəbə getmək istəmirlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları