Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 15:45:00
Müəllim kollektivinin AzEdu.az-a şikayətinə yerli RTŞ-dən cavab- “Mənasız söhbətlərdir”

AzEdu.az təhsil portalı bir müddət  əvvəl  Goranboy rayon Qızılhacılı qəsəbə 1 saylı orta məktəbin pedaqoji kollektivin şikayətlərini işıqlandırdı.

Kollektivin müraciətində bir sıra məsələlərə toxunulsa da, direktor Qabil Həsənov bu iddialar arasında yalnız məktəbin təmirə ehtiyacı olması ilə bağlı fikirlərin doğru olduğunu bildirmişdi.

AzEdu.az məsələni daha da dəqiqləşdirmək məqsədilə Goranboy Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Rayon Təhsil Şöbəsinin məsələ ilə tanış olduğunu deyən kadrlar üzrə məsləhətçisi Zaur Məmmədli işçilərin vakant yer verilmədən qəbulu ilə bağlı şikayətlərə cavab verib:

“Müəllimlərin işə qəbulunu nazirlik həyata keçirdiyinə görə, Təhsil Şöbəsi ilə əlaqəsi yoxdur. Üstəlik, bu, mümkün deyil. Çünki bu məktəbə müəllim qəbul edilməyib. Metodist ola bilər. Metodist isə istənilən məktəbdə nazirin razılığı ilə müəllimlik edə bilər. O, təhsil şöbəsinin işçisidir və müəllimdir. 3-6 saat dərs verilməlidir ki, onlar da müəllimlik etsinlər. Metodistləri müəllimlikdən təcrid etmək olmaz”.

Şikayətdə ocaqçı vəzifəsi üçün ştat ayrılsa da, bu işi müəllimlərin gördüyü, xadimələrin narazılıq etdiyi göstərilib. Təhsil şöbəsindən isə bu iddiaya cavab olaraq bildirdilər ki, bu ştat xadimələr arasında bölünüb:

“Bu boş-boş şeylərdən bizə də yazmışdılar. Ocaqçı ştatı 3 akladdır. Bu ştatın mövsümü verilib və məktəbin xadimələri arasında paylanıb. İzahatda da göstərilib ki, müəllimlər otağını və digər otaqları hansı işçi yandırır. Rayon təhsil şöbəsi bunların hər birini araşdırıb. Mənasız söhbətlərdir”.

Şagirdlərin dərsdən yayınması ilə bağlı iddialara cavab olaraq isə bildirilib ki, məktəbdə üzrsüz dərsdən yayınan yoxdur. Sadəcə, kimsə zökəm olub icazə ala bilər. Təhsil şöbəsi hər şeyi araşdırıb.

Zaur Məmmədli yalnız məktəbin təmirə ehtiyacı olması ilə bağlı iddialarla razılaşıb. Bununla belə bildirib ki, məktəb qəzalı vəziyyətdə hesab edilmir:

“Rayonumuzda yeni binanın tikilməsinə ehtiyacı olan bir neçə məktəb var. Bununla bağlı Təhsil Nazirliyinə məktub göndərmişik. Yəqin ki, nəzərdə tutulub. Ümid edirik ki, 2019-cu ildə məktəb təmir olunar”.

Məktəbin direktoru Qabil Həsənovun fəaliyyətini isə təhsil şöbəsi belə izah edib:

“Qabil müəllim əvvəl Şəfəq kənd tam orta məktəbində işləyib. Onun dövründə həmin məktəb nəticə və davamiyyətinə görə rayonun 10 ən yaxşı məktəbi siyahısında olub.

Qabil müəllim direktorların işə qəbul imtahanında ən yüksək nəticə göstərib və Təhsil Nazirliyi tərəfindən bura göndərilib. Əvvəlki məktəbdə fəaliyyəti yaxşı olduğuna görə, onu sinif  komplekti  çox  olan məktəbə dəyişiblər. Yəni, bütün bunlar  Təhsil Nazirliyinin əmri ilə olub. Qabil Həsənov məktəbdə nizam-intizamı bərpa edib. Davamiyyət 90%-dən yuxarıdır. Neqativ hallara yol verilmir”.

O, məktəb kollektivi ilə direktor arasında yaranan konfliktin səbəbini belə izah edib:

“Bəziləri deyir ki, Qızılhacılı kollektivində bir nəfər yoxdur ki, direktoru Şəfəq məktəbindən  gətirirlər? Başa düşmürlər ki, bu, nazirliyin əmri ilə olan bir şeydir. Kim harada istəsə, işləyə bilər. Konstitusion hüquqlar, 43, 47-ci maddələr var. Mütləq deyil ki, direktor həmin kənddən olsun. O müsabiqədən keçib və bura təyinat alıb. İşindən də razıyıq”.

Qeyd edək ki, məktəb kollektivinin AzEdu.az-a ünvanladığı müraciətdə bunlar qeyd olunub:

“Məktəbi bit, cücü bürüyüb. Sinif otaqları qəzalı vəziyyətdədir, dağılırlar. Buna görə şagirdlər dərsə də girmək istəmirlər. İdarəçilik zəif olduğuna görə, şagirdlər "zırpaket” partlatmaqla məşğuldurlar.  Elə şagirdlər var ki, adları jurnala yazılıb, özləri dərsə gəlmirlər. Bəzi şagirdlər isə dərsə gəlsələr də tez gedirlər. Bu, davamiyyətə ciddi təsir göstərir.

Qabil Həsənov Mətanət Əliyevanın nöqsanlarını düzəltməyə, yoxsa məktəbi dağıtmağa gəlib? O, direktor olaraq açıq dərslərdə iştirak etməyib, dərs dinləməyib.

Tarix metodisti MİQ imtahanlarında iştirak etməyərək birbaşa tarix müəllimi vəzifəsinə gətirilib. Psixoloq işdən uzaqlaşdırılsa da, hələ də fəaliyyət göstərir. Əməkhaqqılar düzgün verilmir. Biz dərdimizi kimə deyək?”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları