Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 15:23:00
Məktəblərdə müəllim-valideyn DAVASI: “Bayram şənliklərinə pul yığılanda hamısı razılaşırlar” - QALMAQAL

Valideyn iclasları məktəb həyatının vacib atributlarından hesab olunur.

Uşaqların təlim-tərbiyəsində valideynlər də müəllimlərlə birgə məsuliyyət daşıdıqları üçün belə iclasların təşkili zəruridir.

Statistikaya əsasən, dünyada hər valideyn övladının məktəbdə oxuduğu dövr ərzində təxminən 30-40 iclasda iştirak edir. Bu da, ortalama,  bir valideyn üçün 70-80 saat vaxt deməkdir.

Bəs, maraqlıdır valideynlər bu vaxt ərzində - iclaslarda əsasən nələrdən etiraz edirlər?

AzEdu.az problemi araşdırmağa çalışıb.

Fransız dili müəllimi Şamil Nasirov qeyd edir ki, valideyn iclaslarında ən çox məktəbli forması və summativ qiymətləndirmə ilə bağlı şikayətlər olur. Onun sözlərinə görə, valideynlər uşaqlarını, adətən, məktəbli forması geyinmədikləri üçün müdafiə edirlər:

“Onlara uşaqlarınızı dərsə məktəbli formasında göndərməyi tapşıranda, razılaşmırlar.

“Elə bu forma yaxşıdır, məgər indi hansı zamandı ki?” deyirlər.  Və ya bəhanə edirlər ki, hava məktəbli forması üçün uyğun deyil. Yəni valideyn iclaslarında daha çox bu mövzu müzakirə olunur. Həqiqətən ən böyük problemimiz valideyn və uşaqları məktəbli formasına alışdırmaqdır.

Bir də ki, şagirdlər summativlərdə aşağı qiymət aldıqda valideynlər övladlarının müdafiəsinə qalxır. Aşağı qiymət alanda narazılıq edirlər ki, mənim uşağıma düzgün qiymət yazmamısız.  Halbuki, şagird summativi özü yazır. Və hətta 10 sualdan 3 sual belə düz cavablandırılanda biz onlara qiymət yazırıq ki, geridə qalmasınlar. Ümumiyyətlə, valideynlər uşaqlarını tənbeh etmək əvəzinə, gəlib müəllimi günahkar çıxarırlar”.

İbtidai sinif müəllimi Aysel Alıcanova deyir ki, valideynlərin əksəriyyəti müəllimlərin şagirdləri yüksək qiymətləndirməsini istəyirlər:

“Lakin reallıq budur ki, aralarında uşaqlarına qarşı  məsulliyyətsiz davranan valideynlər də az deyil. Biz dərs zamanı şagird fənn üzrə hansı meyarlara cavab verirsə, ona uyğun qiymətləndiririk. Lakin, təəssüf ki, valideynler iclaslarda bunu qəbul etmir və yalnız yüksək qiymət tələb edirlər. 

Ən pisi isə, bəziləri ümumən "kurikulum" anlayışından xəbərsizdirlər. Beləcə, gündəlik qiymətləndirmənin "4","5"-lə aparılmasını tələb edirlər. Yəni, iclaslarda yaranan narazılıqlar daha çox qiymətləndirmə ilə bağlı olur.

Təhsil sistemində "müəllim-şagird-valideyn" üçbucağı var. Əgər bu üçbucaqda hansısa biri çatışmırsa, o zaman şagirdlərin yüksək nəticə əldə etməsi çətin haldır. Xüsusilə, ibtidai siniflərdə”.

Tarix müəllimi Araz Hacıyevin sözlərinə görə, valideynlərin əsas tələbi müəllimlərin şagirdlərlə dərsdən əlavə məşğul olması ilə bağlıdır:

“Məktəbdə ayda ən azı bir dəfə valideyn iclası təşkil olunur. Sinif rəhbərlərinin xahişi ilə hətta məktəbdənkənar və sinifdənxaric  işlər üzrə direktor müavini məktəbin giriş hissəsində divara açıq qapı günlərinin cədvəlini də asıb.

Belə iclaslarda çox vaxt şikayət xarakterli söhbətlər olmur. Adətən, dərsdənkənar məşğələlərdən də əlavə sagirdlərlə müəllimlərin əlavə məşğul olmaları barədə direktordan xahiş edirlər”.

Övladı III sinifdə təhsil alan valideyn Səidə Mahmudova bildirib ki, iclaslarda valideynlərin müəllimlərdən mənasız şikayətləri onları əsəbləşdirir:

“Bəzən şahidi oluram ki, bir qisim valdeyn haqsız davranır,

Belə ki, elə valdeiynlər var ki, uşağı çox nadinc, dərsdə sinif yoldaşlarına dərsi dinləməyə imkan vermir.

Amma həmin valideynlər müəllimin narazılığını qəbul etmir, onun xoşuna gəlmir. Gərək valideynlər də uşaqların tərbiyəsi ilə ciddi məşğul olsunlar. Şəxsən mənə övladım barədə şikayət gələndə təşəkkürümü bildirirəm. Əksinə deyirəm:

“Siz lazım gələrsə, uşağı tənbeh edə bilərsiniz.  Davamlı şəkildə bayram şənliklərinə pul yığılanda isə valideynlərin səsi çıxmır, hamısı razılaşırlar”.