Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 13:30:00
Məktəblilər narkomaniyanın fəsadlarına dair maarifləndirici səhnəciklər göstəriblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

İdarədən AzEdu.az-a bildirilib ki, Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunmuş “Sən şəxsiyyətsən, hədəf deyilsən” adlı tədbirin əsas məqsədi iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək olub. 170 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə TDM-in və Sabunçu Rayon Polis İdarəsinin nümayəndələri, 67, 68, 75, 78, 128, 142, 148, 155, 169, 198, 310, 311, 313 nömrəli tam orta məktəblərin, 72 nömrəli məktəb-liseyin psixoloqları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər məktəblilər arasında zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyəti barədə danışıb, bu işdə məktəb psixoloqlarının üzərinə düşən vacib məsələlərə toxunublar. Zərərli vərdişdən uzaq olmaq və bu sosial bəlaya qarşı mübarizə aparmaq üçün zəruri tövsiyələr verilib. Bildirilib ki, narkomaniya təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır. Eyni zamanda, narkomaniyanın cəmiyyətə və ümumilikdə bəşəriyyətə vurduğu ziyanın qarşısının alınması üçün bütün vasitələrdən istifadə edərək, lazımi tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Daha sonra 170 nömrəli tam orta məktəbin şagirdləri “Sən şəxsiyyətsən, hədəf deyilsən” adlı maarifləndirici səhnəciklər nümayiş etdiriblər. Məktəblilər müxtəlif obrazlara girərərək narkomaniyanın fəsadları, narkomanlığın və digər zərərli vərdişlərin dövlətə, cəmiyyətə, insanların sağlamlığına vurduğu ziyanları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.