Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 10:00:00
“Orta məktəbdə keçdiyimiz bəzi şeylər artıq dünyada yanlış qəbul olunur” - Bürünc medalçı

“Bizdə orta məktəb təhsili güclü olsa da, dərsliklər olimpiadada qızıl medal qazanmaq üçün yetərli deyil. Universitet dərsliklərinə də ehtiyac olur. Bəzi şeyləri səhv yazırlar. Üstəlik bizim orta məktəbdə keçdiyimiz bəzi şeylər dünya səviyyəsində artıq yanlış kimi qəbul olunur”.

Bu sözləri AzEdu.az-a dekabrın 13-də Bostvanada keçirilən “Yeniyetmələrin XV Beynəlxalq olimpiadasında Azərbaycana bürünc medal qazandıran Kimya Biologiya Təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Sədiyar Qafarov deyib.

“Medala baxanda elə bildim, yalançı bürüncdür”

Olimpiada üçüncüsü  təəssüratlarını bölüşərkən bildirib ki, bu müsabiqə onda Fizika, Kimya və Biologiyaya qarşı böyük maraq yaradıb:

“Olimpiada sayəsində bu fənləri daha dərindən öyrəndim. Daha sonra məktəbə gələndə özümdə xeyli inkişaf  hiss edirdim.

Özümü həmişə  bioloq kimi düşünmüşəm. Buna görə də olimpiada zamanı kimya və fizikadan hər sualı cavabladıqca sevinirdim ki, nə yaxşı bacardım.

İlk imtahanı verəndən sonra artıq özümüzdən əmin idik. Yekun nəticələr gələndə bilirdik ki, gümüş olmasa da bürünc medal artıq əlimizdədir. Buna görə də bürünc medal alanda o qədər də təəccüblənmədim. Medala baxanda elə bildim, yalançı bürüncdür. Amma müəllimlərim dedi ki, bu, həqiqidir. Sən əsl bürünc almısan”.

“Olimpiadadan sonra bütün müəllimlər mənə daha çox hörmət etməyə başlayıblar”

O, olimpiadadan sonra məktəb kollektivinin reaksiyası barədə də məlumat verib. Bildirib ki, sinif yoldaşları və müəllimlər onu hava imanında qarşılayıblar:

“Təyyarədən enəndə sinif yoldaşlarımla görüşəcəyimə görə həyəcanlandım. Hamı məni təbrik edirdi. Hamının qarşısında təqdim olundum. Lisey mənə təşəkkür etdi. Hiss edirəm ki, olimpiadadan sonra bütün müəllimlər mənə daha çox hörmət etməyə başlayıblar.

Valideynlərim isə təsəlli verib, deyirdilər, qızıl medal almasan da olar, əsas can sağlığıdır”.

Olimpiadaçı beynəlxalq olimpiadanın şərtləri barədə də məlumat verib:

“Olimpiada  3 fənni əhatə edir və Bostvanada keçirilib. Əvvəlcə seçim imtahanları oldu. Əslində, 20 nəfər seçilməli idi. Amma bu il 35 nəfər seçildi. Daha sonra seçilən şagirdlərə 3 həftə ərzində bazar günü istinsta olmaqla, hər gün xüsusi dərslər keçirildi. 

28 oktyabrda ikinci seçim turu oldu.  Burada isə ən yüksək nəticə göstərən 6 nəfər seçildi. Onları Bostvanaya göndərdilər. Sonra isə praktiki imtahanlar verməli olduq.

Bütün mərhələlər eyni fənlər üzrə idi: Kimya, Biologiya və Fizika.

Beynəlxalq turda isə əvvəlcə telefonlar yığıldı və olimpiada rəhbərlərimizlə əlaqəmiz kəsildi. Öncə 30 qapalı sualdan ibarət imtahan oldu. Hər sual 0,25 balı aparırdı. Yəni, 4 sual 1 düz cavabı silirdi. Açıq suallar isə ikinci mərhələdə idi. Burada səhv cavab düz cavabları silmirdi. Bu mərhələdə hər fənnə aid 2 sual verilirdi. Onların da bəndləri və hər bəndin ayrı şərti var idi. Hər bənd isə ayrıca bal qazandırırdı”.

Amerikanın  ali məktəb kitablarını oxuyan IX sinif şagirdi

Onun sözlərinə görə, xaricdə bizim orta məktəb dərsliklərində yazılmayan bilikləri də tələb edirlər:

“Buna görə də Fizika və Kimyadan orta məktəbdən əlavə, universitet dərsliyini də oxuyurduq. Çünki o, daha dərindən yazılıb. Biologiyadan orta məktəb kitabı ilə kifayətlənsək, nisbətən daha aşağı bal toplayardıq. Fizikadan Türkiyə ədəbiyyatından istifadə etmişdik.

Bizdə ali məktəb kitablarında keçirilən xaricdə demək olar ki, orta məktəbdə keçirilir. Çünki xaricdə bunu proqrama daha dərin formada salırlar.

Məsələn, Biologiya olimpiadası üçün olan kitab Amerikada universitet tələbələrinə keçirilir. Bizdə onu keçən ildən olimpiada şagirdlərinə  tədris etməyə başlayıblar. Bu dərsliyi mövzular üzrə slaydlarla keçirik”.

“Bizim orta məktəbdə keçdiyimiz bəzi şeylər dünya səviyyəsində artıq yanlış kimi qəbul olunur”

“Olimpiada şagirdə nə qazandırır?” sualına isə o belə cavab verib:

“Beynəlxalq olimpiada şagirddə əsasən, təbiət fənlərinə maraq yaradır. İnsan başa düşür ki, hər şey yalnız orta məktəbdə keçirilənlərdən ibarət deyil,  xeyli əlavələr varmış. Təbiət fənlərinə marağı olanlar daha çox maraqlanmağa başlayırlar. Artıq insan rəqabətə girmək istəyir. Buna görə də oradakı sualları daha yaxşı cavablayır.

Ümumiyyətlə, istədiyim ixtisaslar IV fənn blokundadır. Amma bioloq, yoxsa həkim olacağımı hələ bilmirəm. Növbəti dəfə dünya olimpiadasının qalibi olsam istədiyim universitetə imtahansız qəbul oluna bilərəm. Belə bir şansım var. Mən xaricdə təhsil almaq istəyirəm, amma bürünc medal bunun üçün kifayət etmir. Gərək xaricdə təhsil üçün İELTS imtahanı verim və ingilis dili bacarıqları sübut edim”.

Beynəlxalq arenada, müxtəlif ölkələrdən şagirdlərlə tanış olan Sədiyar Qafarov xarici və azərbaycanlı şagirdlər arasındakı fərqləri izah edib:

“Xarici şagirdlər bildiyim qədəri ilə çox güclü təhsil görüblər. Buna görə də Koreya komandasında hamı qızıl medal aldı. Bizdə orta məktəb təhsili güclü olsa da, dərsliklər olimpiadada qızıl medal qazanmaq üçün yetərli deyil. Universitet dərsliklərinə də ehtiyac olur. Əslində, kurikulum pis sistem deyil. Sadəcə kitab özü yetərli məlumat vermir. Bəzi şeyləri səhv yazırlar. Üstəlik bizim orta məktəbdə keçdiyimiz bəzi şeylər dünya səviyyəsində artıq yalan qəbul olunur”.

“Belə olmasaydı, bizdən 1-2 nəfər gümüş medal ala bilərdi”

O qeyd edib ki, əslində komanda daha yüksək bal toplayacağını gözləyirdi:

“Sadəcə bu il çox bal kəsdilər. 30 ballıq imtahanda 12-15 bal topladıq. Amma bu, yalnız bizdə deyildi, digər komandalarda da belə idi. 

Müəllimlər balı artırmaq üçün apelyasiya verirdilər. Bizə verilən apelyasiya müddəti isə çox qısa idi. Açıq və qapalı suallardan balı artırsalar da, praktiki imtahandan bunu edə bilmədilər. Çünki vaxt çatmadı. Yenidən apelyasiya, əlavə vaxt istədik.

Belə olmasaydı, bizdən 1-2 nəfər gümüş medal ala bilərdi.  Bəzən müəllimlər deyirdi ki, bu şagird bunu düz yazıb. Amma onlar düz qəbul etmirdilər”.

İlk dəfə dünya olimpiadasına qatıldığını deyən Sədiyar Qafarov  uğurunda əməyi olan hər kəsə təşəkkür edib:

“Kimya, Fizika, Biologiyadan mənə dərs deyən müəllimlərimə təşəkkür edirəm. Orta məktəbdə mənə yaxşı dərs deməsəydilər, heç seçim turlarından keçə bilməzdim. Yaxşı ki, onları tanımışam”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları