Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 12:40:00
Ekspertdən  tədris ocaqlarındakı əxlaqi problemlərə reaksiya – “Artıq bağçalarda da...”

“Təlimə “ifrat” aludəliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təlim tərbiyəni üstələyir. Tərbiyə işi, bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, əvvəllər orta məktəblərdə təlim və tərbiyə vəzifələrini vəhdət halında həyata keçirmək, hərtərəfli vətəndaş yetişdirmək üçün savadla yanaşı, uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmağa da böyük diqqət yetirilib:

“Müasir dövrümüzdə tərbiyə məsələləri əvvəlki mahiyyətini hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə, təlimə “ifrat” aludəliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təlim tərbiyəni üstələyir. Tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.

Orta və yaşlı nəslin təhsil aldığı dövrlərdə davranışla əlaqədar ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik, hərbi-vətənpərvərlik, beynəlmiləlçilik, fiziki, əmək tərbiyəsi, estetik tərbiyə, hüquq tərbiyəsi, iqtisadi, ekoloji və əqli tərbiyə belə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi”.

Ekspert qeyd edir ki, hər məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılırdı:

“Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı, yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi.

Orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun davranışına dair, o zaman daha çox “xarakteristika” adlandırdığımız möhürlü xasiyyətnamə də verilirdi. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvi aspektli mətnlər salınırdı. Tərbiyə işində şəxsi nümunə başlıca şərt hesab edilirdi. Tərbiyə olunan ona tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya və yaş fiziologiyasının əsaslarına, didaktikaya xüsusi yer ayrılırdı. Desək ki, son zamanlar pedaqogika və psixologiya pedaqoji prosesdən ayrı düşüb, əsla yanılmarıq.

Baxmayaraq ki, 1990-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyi bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur”.

Müsahib uşaq birliyinin rəhbərlərinin tərbiyə sahəsindəki işinin bir zamanlar “pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayisəedilməz dərəcədə fərqli olduğunu vurğulayıb:

“İndiki birlik rəhbərlərinin çoxu uşaqların tərbiyə işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır. Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədris işlərinə baxan müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir.

Pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Məktəblərimizdə və bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz təzahürlər belə bir qənaətə gəlməyə əsas verir.

Qədim Roma filosofu və dövlət xadimi Senekanın  “əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları