Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 13:31:00
Buradakı əksər abituriyentlər 100-dən aşağı bal toplayır, kəndlərdən illərdir, tələbə çıxmır –  Zərdab “təhsili”

Qəbul imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Zərdab rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Y.Məmmədəliyev adına Bəyimli qəsəbə orta məktəbindən1995-2011-ci  illər aralığında və  2017-ci ildə heç kim tələbə adını qazanmayıb.

S.Vurğun adına Qaravəlli kənd orta məktəbi üzrə 2004-cü ildən 2012-ci ilə qədər bir  məzun belə ali təhsil müəssisələrinə qəbul olunmayıb. 2017-ci ildə də bu göstərici sıfıra bərabərdir.

C.Azayev adına Şahhüseynli kənd orta məktəbindən 1995-ci ildən 2011-ci ilə qədər heç kim tələbə olmayıb. 2017-ci ildə isə cəmi 1 nəfər ali məktəbə daxil olaraq tələbə adını qazanıb.

M.Hüseynzadə adına Körpükənd kənd orta məktəbi üzrə 2001-2008 aralığında heç kim, 2017-ci ildə isə cəmi 1 nəfər  ali təhsil müəssisələrinə qəbul olunub.

Şirvanoğlu Sarıqaya kənd orta məktəbindən 2017-ci ildə bir nəfər belə universitetlərə daxil ola bilməyib.

M.Müşfiq adına Dəliquşçu kənd orta məktəbi üzrə 2007-ci ildən 2012-ci ilədək heç bir məzun tələbə olmayıb. Bu göstərici  2017-ci ildə 1 nəfər təşkil edib.

R.Rza adına Əlibəyli kənd orta məktəbinin 2017-ci ilə olan qəbul göstəriciləri sıfıra bərabərdir.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Zərdab rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır. Eyni zamanda məktəblərdə şagird azlığı da müşahidə olunur.

Xatırladaq ki, Zərdab rayonu buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən bölgələrdən biridir. 2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də Zərdab rayonunun abituriyentlərinin qəbulda topladıqları balın 100-dən aşağı olduğunu açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları