Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 11:00:00
Direktor olmaq istəyənlərə təhsil idarəçiliyi ilə bağlı bu suallar mütləq veriləcək - CAVABLARI

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Göstəricilər  elə də ürəkaçan olmasa da, minimum 40%  nəticə  toplayanlar  müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Bu etapda namizədlərə ümumi təhsil hüququ, dünyagörüşündən  tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək.

AzEdu.az müsahibə müsahibədə ümumi təhsilin idarə edilməsi ilə bağlı  gözlənilən suallara cavabları təqdim edir:

-Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilir?

Cavab:

Məktəb direktorunun vəzifə funksiyaları təhsil işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçasına əsasən müəyyənləşdirilir.

-Kimlər ümumi təhsilin idarə edilməsinə  müdaxilə edə bilərlər?

Cavab:

Buna yalnız idarəetmə orqanları müdaxilə edə bilərlər. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsil idarəetmə orqanları istisna olmaqla dövlət və yerli özünüidarəetmə orqanlarının  və digər təşkilatların müdaxiləsinə yol verilmir.

-Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır?

Cavab:

Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

-Ümumi təhsilin dövlət standartlarına görə təhsilin idarə olunması hansı üç prinsip əsasında həyata keçirilir?

Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.

Hesabatlılıq ümumi təhsil müəssisəsində kollektivin hər bir üzvünün tapşırılan iş sahəsində cavabdehliyini təmin edir. Ümumi fəaliyyətin müntəzəm hazırlanan və müzakirə edilən hesabatlarda əks olunması müəssisədə hər fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasında mühüm rol oynayır.

Məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasında demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amildir. O, ümumi fəaliyyətin səmərəli planlaşdırılması və tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.

İnkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsədyönlülük səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyənləşdirir. O,  planlaşdırma və icra sistemində zəruri dəyişikliklər aparılmasını təmin edir.

Qeyd edək ki, müsahibə mərhələsinin dekabrda keçirilməsi, yeni təqvim ilinədək yekunlaşması nəzərdə tutulub. Müsahibədə uğur qazanan şəxslər ya təyinat alacaq, ya da 2 il müddətində ehtiyat siyahıya daxil ediləcəklər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları