Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 23:59:00
Şəkidə Uşaq-gənclər İnkişaf Mərkəzi açıldı

Şəkidə Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzi açılıb. AzEdu.az xəbər verir ki, tədbirdə Rasim Ocaqovun ailə üzvləri, tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Onlar arasında məşhur aktyor və kinematoqrafçılar Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Hacı İsmayılov, Cəmil Quliyev, Şeyx Əbdül Mahmudbəyov, Ayaz Salayev, Müşfiq Hətəmov, Nadir Əliyev, Baba Vəziroğlu, Rafiq Qəmbərov, eləcə də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki ziyalıları yer almışdı. Xatirə barelyefinə çiçək qoyuldu, Rasim Ocaqovun xatirəsi anıldı.

Tədbirdə çıxış edən Şəki şəhər icra başçısının humanitar məsələlər üzrə müavini Zərinə Cavadova görkəmli rejissor və operator Rasim Ocaqovun 85 illiyinin onun vətəni Şəkidə qeyd olunmasının region üçün əhəmiyyətli hadisə olduğunu qeyd edib: "Şəki bir çox məşhur mədəniyyət və incəsənət xadiminin doğma torpağıdır və Rasim Ocaqovun adı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. O, Şəkinin fəxridir. Rasim Ocaqov təkcə milli kinematoqrafın inkişafı üçün böyük töhfələr vermiş görkəmli kino xadimi deyildi, o həm də yüksək mənəvi dəyərlərə malik, öz doğma yurduna bağlı olan, öz işlərində gözəlliyi, şəkililərin adət və ənənələrini göstərən bir şəxs idi. Biz şəkililər Rasim Ocaqovu həmişə sevmişik və onun əziz xatirəsini yad edirik. Onun ruhu həmişə bizimlədir, onun ustalığı işlərində yaşayır və bu gün Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin açılışı hər zaman ürəklərimizdə yaşayacaq bu şəxsiyyətin böyüklüyünə bir töhfədir".

Təhsil Nazirliyinin sektor müdiri Vasif Məmmədov vurğuladı ki, dövlət təhsil sahəsində maddi-texniki bazanın təkmilləşdirilməsi, islahatlar və yeni layihələrin reallaşdırılmasına böyük diqqət ayırır: "Şəkidə Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin açılışı təhsil və mədəniyyət sahəsində vacib hadisədir. Biz əminik ki, bu mərkəz Azərbaycana kinematoqrafiya, rəsm, fotoqrafiya və digər sahələrdə yeni adlar verəcək. Rasim Ocaqovun həyatı və yaradıcılığı gənclərimiz üçün tədqiqat mənbəyi və gələcək nəsillər üçün parlaq nümunədir".