Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 14:55:00
Direktor olmaq istəyənlərə xüsusi təhsil növü ilə bağlı verilən suallar – Cavablar AzEdu.az-da

Direktorların işə qəbulu üzrə müsabiqənin  test imtahanları artıq yekunlaşıb. Test imtahanlarında 40%-dən yuxarı nəticə göstərənlər, yəni, minimum 24 sualı cavablaya bilənlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Dekabrda baş tutacağı planlaşdırılan müsahibə mərhələsində iştirak edənlər isə təyinat alacaq. Və ya ehtiyat kadr siyahısına salınacaqlar.

Müsahibə mərhələsində namizəd  ümumi dünyagörüşündən tutmuş, təhsil qanunvericiliyi, məktəbin idarəetməsi ilə bağlı sualların hər birinə hazır olmalıdır.

AzEdu.az müsahibədə iştirak edəcək namizədlər üçün verilə biləcək sualları və onların cavabını təqdim edir:

-Evdə təhsilin əsas məqsədi nədir?

Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdir.

-Evdə təhsilə kimlər cəlb olunur?

Qanunvericiliyə uyğun olaraq evdə təhsilə aşağıdakı şəxslər cəlb edilə bilərlər:

-Karlar və zəif eşidənlər;

-Korlar və zəif görənlər;

-Ağır nitq qüsurları olanlar;

-Dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;

-Əqli cəhətdən geri qalanlar;

-Emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;

-Psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;

-Mürəkkəb çatışmazlıqları olanlar.

-Evdə təhsil  necə təşkil olunur?

Evdə təhsil “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları“na uyğun təşkil edilir.

Sağlamlıq imkanları məhdud uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Evdə təhsilə cəlb edilən şagirdin valideynlərindən birinə, yaxud onu əvəz edən şəxsə qanunvericiliklə müəyyən edilən qaydada maddi təminat və güzəştlər verilir. Belə uşağa qulluq vaxtı əmək stajına daxil edilir.

Qaydalara əsasən, hər rayon (şəhər) təhsil şöbəsinin nəzdində psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir.  Şagirdlər evdə təhsilə məhz psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında qəbul edilirlər.

Sağlamlıq imkanları məhdud uşaqlar evdə təhsilə xəstəliyinə uyğun olaraq ümumtəhsil məktəbinin və ya xüsusi təhsil məktəbinin proqramı ilə cəlb olunurlar. Belə şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunurlar. Onların təlim-tərbiyəsinin təşkili də məhz həmin məktəbə həvalə edilir.

Evdə dərs məşğələlərinin müddəti ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə isə 40 dəqiqə olur. Gündəlik dərslər I-IV siniflərdə 2, V-XI siniflərdə 3 saatdan çox ola bilməz.

Sağlamlıq imkanları məhdud buraxılış sinif şagirdləri imtahanlardan  psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə azad olunurlar.

-Evdə təhsil almaq üçün nə etməli?

Bunun üçün valideyn məktəb direktoruna ərizə yazmalı, doğum haqqında şəhadətnamənin surəti, müvəffəqiyyət cədvəli, şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisnadır), yaşayış yerindən arayış, psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişini məktəbə təqdim etməlidir.

-Evdə təhsil ödənişlidir?

Xeyr! Evdə təhsil üçün heç bir ödəniş tələb olunmur.  Əksinə, 2015-ci ildən evdə təhsilə cəlb olunanların valideyn və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə, tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat müavinət verilir.

Xüsusi təhsil müəssisə və ya bölməsində, eləcə də psixoloji-tibbi-pedaqoji komissiyalarda çalışan şəxslərin əmək haqlarına 50 % əlavə edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları