Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 12:25:00
Direktorluq imtahanında ən yüksək bal toplayan müəllim – “Bu nəticəyə görə məyus oldum”  

“Əgər imtahandan 40 baldan aşağı yığacağımı düşünsəydim, müsabiqədə ümumiyyətlə, iştirak etməzdim. Məktəbə rəhbərlik etmək istəyirsənsə, özünə inamın yoxdursa, imtahana qatılmaq doğru deyil”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 22 noyabrda keçirilən direktor vəzifəsinə işə qəbul imtahanlarında 49 balla ən yüksək nəticəni göstərən Bakı şəhər 117 saylı məktəbin Tarix-coğrafiya müəllimi Samir Əzimov deyib. Onun sözlərinə görə, imtahana gündəlik istifadə edilən suallar salınmışdı:

“Mövzuları təkrarlamamışdım deyə, çətinlik çəkdim. Müəllimlərin İşə Qəbulu imtahanlarında məntiqdən 10 sualdan 9-nu yazmışdım. Hazırlaşsaydım, bu imtahanda da  məntiqdən yüksək nəticə əldə edə bilərdim”.

Samir Əzimov direktorların işə qəbulu imtahanlarında aşağı nəticə göstərən namizədlərə də münasibət bildirib:

“İmtahandan 49 balla çıxdığıma  görə  məyus  olmuşdum. Əgər imtahandan  40 baldan aşağı yığacağımı düşünsəydim, müsabiqədə ümumiyyətlə iştirak etməzdim. Məktəbə rəhbərlik etmək istəyirsənsə  və  özünə inamın yoxdursa, imtahana qatılmaq doğru deyil.

İxtisasca Tarix-coğrafiya müəllimiyəm. Hər iki fəndən Diaqnostik Qiymətləndirmədə  50 baldan yuxarı yığmışam. MİQ-də isə tarixdən 56 bal toplamışam”. 

Qeyd edək ki, bu gün dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatır. Bu mərhələdə  1600-dən artıq namizəd iştirak edir.

Namizədlərə əmək və təhsil qanunvericiliyi,  idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunub.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları