Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 17:55:14
Məktəblilər balaca Zəhranın məzarını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil edib.

Fonddan AzEdu.az-a bildirilib ki, tədbir çərçivəsində Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Fondun baş məsləhətçisi Ceyhun Musayev və aparıcı məsləhətçi Elvin Hətəmovun iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyan Saatlı məktəbliləri Fizuliyə yola düşüblər. Qonaqları rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazova və Fondun Füzuli rayonu üzrə nümayəndəsi, Horadiz şəhər T.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva qarşılayıblar. Məktəblilər Bilik Fondunun Saatlı rayonu üzrə nümayəndəsi Mehriban Ağayevanın təşəbbüsü ilə ötən il iyulun 4-də erməni qəsbkarları tərəfindən qətlə yetirilmiş Füzuli rayonu Alxanlı qəsəbəsinin 2 yaşlı sakini Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət ediblər.

Səfər çərçivəsində Saatlı rayonu Hacıqasımlı kənd tam orta məktəbi ilə Füzuli rayonu Alxanlı kənd tam orta məktəbi arasında “Qardaşlaşma sazişi” imzalanıb.

Rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Qabil Əliyev tədbiri açaraq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını, imzaladıqları sazişdə əksini tapan tövsiyə və tapşırıqlara həvəslə əməl edəcəklərinə əmin olduğunu bildirib.

Rayon təhsil şöbəsinin müdir müavini Rafiq Səmədov, Alxanlı kənd tam orta məktəbinin direktor müavini Pənah Hüseynov çıxış edərək Bilik Fondunun maarifləndirici layihələrini mütəmadi izlədiklərini və gənclərin hərtərəfli inkişafında bu layihələrin rolunu vurğulayıblar.

Fondun mətbuat katibi Ceyhun Musayev Azərbaycanın bütün sahələrdə işğalçı Ermənistandan güclü olduğunu, hər bir vətəndaşın torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu diqqətə çatdırıb. Bildirib ki, Zəhranı, sərhədyanı bölgələrdə yüzlərlə dinc sakini qətlə yetirən qəsbkarlar tezliklə cəzalarını alacaqlar.

Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət nəticəsində torpaqlarımızın bir qisminin işğaldan azad olunması böyük qələbənin qazanılacağı günün uzaqda olmadığını bir daha təsdiqləyib. Fondun ümumilikdə 65 məktəbi qardaşlaşdırdığını vurğulayan C.Musayev məktəbliləri bir-biri ilə daim ünsiyyətdə olmağa, bilik mübadiləsi aparmağa, dövlətə sədaqət, Vətənə sevgi hissi ilə yaşamağa çağırıb.

Saatlı məktəbliləri Tarix-Diyarşünaşlıq Muzeyi, Qəhrəmanlar Parkı, Bayraq Meydanı ilə tanış olub, Xocalı faciəsi, 31 mart – azərbaycanlıların soyqırımı qurbanlarının, Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidələri ziyarət ediblər.