Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 14:46:16
Direktor olmaq istəyənlər müsahibə mərhələsində nələrə diqqət etməlidirlər? – Bu suallar mütləq veriləcək  

Direktorların işə qəbul imtahanının mərhələləri, prosedura ilə bağlı məlumatlar mütəmadi olaraq AzEdu.az portalında yayımlanır.

Aydındır ki, bu vəzifəyə qəbul olunmaq  istəyənlər ərizə qəbulu, test, müsahibə kimi mərhələlərdən keçməlidirlər. Artıq direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edəcək namizədlərin ərizə qəbulu yekunlaşıb və onların şəxsi səhifələrinə imtahan yeri, tarix və saatı barədə müvafiq məlumatlar göndərilib.

AzEdu.az imtahanın üçüncü, müsahibə mərhələsi ilə bağlı vacib məlumatları təqdim edir:

Müsahibəyə çağırılan namizəd hansı sənədləri təqdim etməlidir?

Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini müsabiqə komissiyasına təqdim etməlidir. Şəxsi işə isə bunlar daxildir:

-Elektron ərizənin surəti;

-Diplom və ona əlavə;

-Xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə;

-Şəxsiyyət vəsiqəsi;

-Sağlamlıq haqqında arayış;

-Əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti.

Müsahibə necə keçirilir?

Müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndirilir. Namizəd təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanıldıqdan sonra müsahibəyə buraxılır. Bu mərhələsdə idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkarlıq kompetensiyaları və digər zəruri meyarlar qiymətləndirilir. Yerləşdirməni isə komissiya aparır.

Müsahibədə hansı mövzulara hazır olmaq lazımdır?

Müsahibə zamanı verilən suallar adətən bu istiqamətləri əhatə edir:

-Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri

-Ümumi təhsilin hüquqi əsasları

-Ümumi təhsil sahəsində islahatlar, strateji hədəflər və onların həyata keçirilməsi ilə  bağlı tədbirlər

-Ümumi təhsil müəssisələrinin idarə olunması, məktəb sənədlərinin aparılması

-Tədris prosesinin təşkili, ona rəhbərlik və nəzarət məsələləri

-Ümumi təhsilin iqtisadi məsələləri

-Əmək müqaviləsinin bağlanması, ona xitam verilməsinin əsasları və qaydaları, bu zaman işçilərin təminatları

-İş və istirahət vaxtı, işçilərin məzuniyyət hüquqları

-Əmək və icra intizamının təmin edilməsi, onun pozulmasına görə intizam məsuliyyəti və tətbiqi qaydaları

-Ümumi dünyagörüşü və məlumatlılıq

-Namizədin təhsilin inkişafı ilə bağlı baxışları

-Analitik təhlil aparmaq, problem həll etmək və qərar vermək qabiliyyəti

-Emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı

-Səmimilik, özünü tənqid, özünü qiymətləndirmə, dinləmə və ünsiyyətqurma bacarıqları

Gözlənilən suallar…

Direktorluğa işə qəbul üçün müsahibəyə çağırılan namizəd analitik bacarığı yoxlayan “Bu günkü şagirdlərlə 10 il əvvəlki kimi yanaşma mümkündürmü?” sualından tutmuş, tədrisin təşkili biliklərini yoxlayan “İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimlərinə verilə bilər?” sualına qədər hər şeyə hazır olmalıdır.

Ümumiyyətlə, namizəd müsahibə zamanı aşağıdakı tipdə olan sualları gözlənilməz qarşılamamalı, rahatlıqla cavablamalı, yer gəldikdə kreativ yanaşmağı bacarmalıdır.

-Tabeliyinizdə olan işçi mütəmadi olaraq işə gecikirsə nə edərdiniz?

-Direktor seçilsəniz nədən başlayacaqsınız? 3 əsas məqamı qeyd edin.

-Azərbaycanda hansı irimiqyaslı iqtisadi layihələr həyata keçirilməkdədir?

-İntizam tənbehinin verilməsi şərtləri hansılardır?

-İşəgötürən tərəfindən işçiyə artıq verilmiş əməkhaqı hansı hallarda tutula bilər?

-Müvəqqəti əvəzçilik nədir və necə yerinə yetirilir?

-Bir müəllim neçə sinifdə sinif rəhbəri ola bilər?

-Fərdi təhsil necə təşkil edilir?

Qeyd edək ki, 2014-cü ildən ölkəmizdə direktor vəzifələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada keçirilir.

Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları