Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 13:26:09
Qəbul imtahanlarında ən aşağı nəticə göstərən Bakı məktəbləri – 20 ilə 2  tələbə “istehsalı”  

Qəbul imtahanlarındakı yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu“mekteb.edu.az” saytına istinadən, Bakı şəhəri və Qaradağ rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Qaradağ rayonu E. Heydərov adına 197 nömrəli tam orta məktəb:

1998-ci ildən 2017-ci ilə qədər məktəbin bir məzunu belə ali məktəbə qəbul oluna bilməyib. 2017-ci ildə isə 1-i oğlan, 1-i qız olmaqla 2 nəfər orta təhsil müəssisəsinin tilsimini qıra bilib.

Xəzər rayonunda yerləşən 185 saylı orta məktəb:

2017 il üzrə məktəbin cəmi 1 məzunu ali məktəbə qəbul olunub. Orta təhsil müəssisəsinin keçmiş göstəriciləri də ürəkaçan deyil. Bütün fənlər üzrə məktəbin göstəriciləri orta respublika səviyəsindən aşağıdır.

Məktəb üzrə orta bal göstəricisi 111-dir.

Sabunçu rayonu 209 saylı orta məktəb:

Bu məktəbdən ötən ilin göstəricilərinə görə cəmi 3 nəfər universitetə daxil ola bilib.  Təhlil edilən dövr ərzində oğlan məzunlarının göstəriciləri qız məzunlarının göstəricilərindən yüksək qiymətləndirilib.

Bütün fənlər üzrə məktəbin göstəriciləri orta respublika səviyəsindən aşağıdır.

Xəzər rayonu 324 saylı orta məktəb:

2017-ci ildə məktəbdən 2 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

Məktəbin məzunlarının ali məktəblərə orta qəbulolma faizi 26.23, qəbulolma göstəriciləri üzrə ümumiləşdirilmiş reytinq isə 0.466 bərabər olmuşdur. Bütün təhlil edilən qəbul kampaniyalarında qəbulolma faizi orta respublika səviyyəsindən aşağıdır.

324 saylı məktəb respublikada ən aşağı  göstəricilərə sahib məktəblərdən biridir. 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 2010-cu ildə paytaxın ən pis nəticə göstərən məktəblər kimi 159 saylı orta məktəbin nəzdindəki qiyabi-axşam məktəbi, 185, 209, 262, 295, 324 saylı orta məktəblər və 197 saylı orta məktəbin adlarını açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları