Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 10:06:00
“Məktəbdaxili qiymətləndirmədə ciddi qüsurlar olsa da, onu ləğv edə bilmərik” – Şəmil Sadıqın təklifinə “yox”

Pedaqoqlar arasında orta məktəblərdəki qiymətləndirmə sistemi ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Hədəf şirkətlər qrupunun baş direktoru  Şəmil Sadiqin “Fikircəm” layihəsində qiymətləndirmənin ləğvi ilə bağlı fikirləri isə çoxlarında maraq  doğurur.

“Yeni qiymətləndirmə üsul və formaları  tətbiq  edilməlidir. Həyata keçirilməli ilk dəyişiklik məktəbdaxili qiymətləndirmənin nəticəsi olaraq,  şagird  biliyinin “5” ballıq şkala ilə dəyərləndirilməsidir”.

AzEdu.az məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikrini öyrənib. O bildirib ki, 2008-2009-cu tədris ilindən məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır:

“Qiymətləndirmə şagird nailiyyətləri, irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Qiymətləndirmə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, məktəb, qrup və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır.

Amma hazırda  diaqnostik, formativ, summativ növlər üzrə həyata keçirilən məktəbdaxili qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarının tam şəkildə ortaya çıxarılmasına xidmət etmir. Məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi qüsur və problemlər var. Biz bunu DİM-in keçirdiyi IX siniflərin buraxılış imtahanlarının nəticələrinə əsaslanıb deyirik”.

Ekspertin sözlərinə görə, hazırda 4472 orta məktəbdə şagirdlərin ilkin bilik və bacarıqlarının, onların formalaşma səviyyəsinin, yarımilin və ilin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsi dövlətin tələb etdiyi standartlara uyğun həyata keçirilmir:

“Ona görə də fikrimcə, yeni qiymətləndirilmə üsul və formaları tətbiq edilməlidir.

Həyata keçrilməli olan ilk dəyişiklik məktəbdaxili qiymətləndirmənin nəticəsi olaraq şagird  biliyinin “5” ballıq şkala ilə dəyərləndirilməsidir.

Etiraf edək ki, uzun müddət qiymətləndirmə yalnız şagirdə müəyyən bal yazmaq kimi qəbul olunurdu. Buna görə də məktəbli yalnız qiymət xətrinə oxuyurdu.

Düşünürəm ki, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməli və onu idarə edən vacib amil kimi meydana çıxmalıdır”.

Kamran Əsədov bildirib ki,  yeni məktəbdaxili qiymətləndirmə vasitəsilə şagirdlərin təkcə biliklərini deyil, həm də bacarıqlarını qiymətləndirmək lazımdır:

“Qiymətləndirmə zamanı fərdi yanaşma tətbiq edilməlidir.

Təəssüf ki, 151 min müəllimin məktəbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır. Təhsil Nazirliyi ilk növbədə müəllimlərin peşəkarlıq səviyyəsi və  qiymətləndirmə bacarıqlarının yüksəldilməsi istiqamətində ciddi işlər görməlidir”.

Qeyd edək ki, Şəmil Sadıq şagirdlərin qiymət, rəqabət olmadan da oxumasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, müəllim şagirdini həvəsləndirmək üçün ona “5” yazırsa, ədalətsizlik etmiş olur. Dolayısı ilə qiymətləndirmə müəllimləri ədalətsiz olmağa vadar edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları