Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 09:20:00
Valideynlər məktəb tətilində bu  xətalarla övladını yorur – “Fasilə”ni dəyərləndirmə qaydaları  

“Tətildə dərsə vaxt ayırmağın müsbət təsir edəcəyini düşünmürəm. Tətildə şagird maksimum dincəlməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  psixoloq Roza Kazımlı deyib. O, sonradan məktəbə  adaptasiya problemi ilə üzləşməmək üçün tətili necə dəyərləndirmək  haqda danışarkən bildirib ki, tətil bir uşağa ayrılan ən gözəl vaxt olmalıdır:

“Valideyn bilməlidir ki, uşağı nə sakitləşdirir. Tətil zamanı da məhz onları tətbiq etməlidir. Şagirdi tətil zamanı ən sevdiyi yerlərə aparmaq, şəhərdən kənara səyahət etməklə vaxtı dəyərləndirmək olar. Buralar uşağın vaxtını yaxşı dəyərləndirəcəyi, ən əsası isə yorğunluğunu ata biləcəyi yerlər olmalıdır. Tətil müddətində təmiz hava əsasdır.  Tətildən sonrakı müddətlərdə daha gümrah olmaları üçün şagirdlərin təmiz havada vaxt keçirmələri daha məqsədəuyğundur.

Dünya ölkələrində məktəblilər üçün bir aydan bir tətillər nəzərdə tutulub.  Bizim tətillər isə təəssüf  ki, çox qısadır. Uşaqlar bu az vaxtı çox yaxşı dəyərləndirməlidirlər”.

Keçirilən mövzuları unutmamaq üçün tətildə dərs oxumağa gəlincə isə müəllim bildirib ki, də ümumiyyətlə, tətildə dərsə vaxt ayırmağın adaptasiyaya müsbət təsir edəcəyini düşünmür. Tətildə şagird maksimum dincəlməlidir. Onlar yalnız müxtəlif nağıl kitabları və bədii ədəbiyyatdan yararlana bilərlər:

“Bunlar isə dərs deyil, dincəlmək üçün vasitələrdir. Bu vasitələri valideyn şagirdə sevdirməlidir.  Şagird cizgi filminə baxaraq dincəldiyi kimi onu oxuyanda da dincəlməlidir.  Şifahi ədəbiyyat şagirdə xüsusilə kömək edir. Həm uşağın nitqi,  həm də rahat vaxt keçirməsi üçün yardımçı vasitədir”.

 I siniflər arasında hələ də məktəbə uyğunlaşa bilməyən uşaqlar var. Tətil belə şagirdlərin məktəbdən daha da soyumasına səbəb ola bilər.

Psixoloq bununla bağlı danışarkən bildirib ki, I sinif şagirdi hələ də məktəbə uyğunlaşa bilməyibsə, valideyn artıq gecikib:

“O, mütləq psixoloqa müraciət etməli idi. Həmin şagirdlə məktəbin psixoloqu da məşğul ola bilər. Təsəvvür edin, o uşaq neçə aydır ki, məktəbə sevməyərək gedir.  Artıq  3 aydır ki, sevmədiyi dərsləri oxuyur. Bu uşaq demək olar ki, travma alıb. Bu zaman psixoloji korreksiya mütləqdir”.

Qeyd edək ki,  məktəblilərin payız tətili 16-20 noyabr aralığındadır. Bu gün tətilin ilk günüdür.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. Həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətili (1-5 may) nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları