Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 13:23:00
“Bu məsələdə ucqar kənd müəllimlərinə niyə güzəştlər olunsun ki?!” -  22 günə görə direktorluq şansını itirən müəllim

Direktor olmaq üçün sənəd qəbulu artıq başa çatıb. Sənəd qəbulundan sonra uyğun namizədləri elektron ərizənin təsdiqi, test və müsahibə mərhələsi gözləyir.

Qaydalara əsasən, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji təcrübəsi olan və hazırda ümumi təhsil müəssisələrində müəllim işləyən şəxslər iştirak edə bilərlər.

Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda isə 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür.

Bəs, 5 illik limitin tamamlanmasına bir neçə günü qalan şəxslərin direktorluğa namizəd ola bilməməsini nəzərə alsaq, bu vaxt məhdudiyyəti nə dərəcədə düzgündür?

 Ümumiyyətlə,  H1 və ya H2  həvəsləndirmələri  ilə ucqarlarda çalışan müəllimlərə bu məsələdə hansı güzəştlər tətbiq olunmalıdırmı?

“18 yaşlı gəncə heç bir təcrübə tələb etmədən vətəni qorumağı etibar ediriksə...”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki,  son 4 ildə orta ümumtəhsil məktəblərində direktorların mərkəzləşdirilmiş qaydada müsabiqə və müsahibə yolu ilə işə qəbulu təhsilin inkişafına müsbət təsir göstərən addımdır. Təəssüf ki, əvvəl bu proses qeyri- şəffaf həyata keçirilirdi. Hazırki qəbul prosesində müəyyən çatışmazlıqlar olsa da, bu, şəffaflıq və əlçatanlığın təmin olunmasında mühüm rol oynayır:

“18 yaşlı vətəndaş deputat olmaq hüququna da malikdir”

“Əlbəttə, hansısa vəzifəni tutmaq üçün iş stajının tələb olunması müəyyən məhdudiyyətlər yaradır. Qanunvericilik aktlarında bu nəzərdə tutulsa da, məncə, dəyişiklik edilməsi vacib olan məqamlardandır.

18 yaşlı gəncə heç bir təcrübə tələb etmədən vətəni qorumağı etibar ediriksə, işə qəbul olunmaq üçün də belə etməliyik. Üstəlik, konstitusiyaya edilən dəyişikliklərə görə, 18 yaşlı vətəndaş deputat olmaq hüququna malikdir. Deməli, orta məktəbdə işçilərinə də tətbiq edilən minimum stajı aradan qaldırılmalıyıq”.

“Onsuz da məktəbdə çalışırsa, deməli, məktəbşünaslıqdan anlayışı var”

Ekspertin sözlərinə görə, bu addım rəqabət mühitinin yaxşılaşmasına, daha gənc, enerjili şəxslərin idarəetmə sisteminə cəlb olunmasına böyük təsir göstərəcək:

“Bir şəxs orta məktəbdə çalışırsa, deməli, onun məktəbşünaslıqdan anlayışı var. Əgər namizəd müsabiqə və müsahibədən uğurla keçirsə, onu 2-3 aylıq məktəb idarəetməsi ilə bağlı təlimlərə cəlb etməklə lazımi bilik və bacarıqlarını formalaşdırmaq mümkündür.

Hesab edirəm ki, bu dəyişikliklər təhsilin inkişafına müsbət təsir edəcək”.

H1, H2 ilə çalışan müəllimlərə xüsusi güzəştlərin tətbiq edilməsi məsələsinə gəldikdə isə ekspert bununla razı olmadığını bildirib:

“Çünki onlar onsuz da əmək haqqı və digər məsələlərdə güzəştli şərtlərə malikdirlər. Eyni zamanda, bu güzəştli müddət bitəndən sonra onların həmin məktəbdə qalıb - qalmayacağı dəqiq deyil. Buna görə də, güzəşti bütün sistemdə çalışan işçilərə şamil etmək lazımdır”.

“Hansısa şəxsin 5 ildən tez vəzifədə işləməsi absurddur”

Gədəbəyin Qızılqaya  kənd orta məktəbində çalışan gənc müəllim Tural Topçuyev isə bildirib ki, direktorluğa namizədliyə 5 il limitinin qoyulmasıını normal qəbul edir:

“Əvvəl düşünürdüm ki,  bunun üçün 2-3 il kifayətdir. İndi isə başa düşürəm ki, rəhbər işləyə bilmək üçün ən azı 5 il təcrübə olmalıdır.

Bir insan ən tez  20-21 yaşında müəllim işləyə bilər. Bu yaşda birdən-birə  təcrübəsiz rəhbər ola bilməz. İlk 1-2 ildə müəllim təcrübəsində də hansısa boşlular olur. Çünki bu adam işə yeni başlayıb və onunla tanış deyil. Rəhbərlikdəki boşluqlar isə daha təhlükəlidir. Məktəbə öyrəşmək, kollektivi tanımaq, tədris planı ilə tanış olmaq, idarəçilik və s. ən azı 5 il çəkir. Məncə, hansısa şəxsin 5 ildən tez vəzifədə işləməsi absurddur”.

“22 günüm çatmadığına görə qeydiyyatdan keçə bilmədim. Niyə etiraz etməliyəm ki?!”

5 il müddətinin tamamlanmasına bir neçə gün qalan müəllimlərin direktorluğuna gəlincə isə Tural müəllim maraqlı müqayisə aparıb:

“Ona qalsa, təqaüd almasına cəmi bir gün qalan insanlar vardı. Amma təqaüd yaşı  6 ay uzadıldı. Bu məsələ də eynidir. Əvvəl məktəbə qəbulda da şagirdlər bir neçə gün səbəbindən bir il gözləməli olurdular.

Bu qanunu  20 gün əvvələ də çəksək kiminsə 20 gün stajı çatmayacaq.  Bu, normal haldır. Şəxsən mən keçən il 22 günüm çatmadığına görə qeydiyyatdan keçə bilmədim. Niyə etiraz etməliyəm ki? Bu, qanundur, belə də olmalıdır”.

“7-8 il təcrübəsi olmayan gəlib şəhər məktəbində rəhbər işləməsin”

Həvəsləndirici tətbiq olunan müəllimlərə beşillik müddətlə bağlı güzəşt edilməsi haqda danışarkən isə məlum olub ki, Tural müəllim özü də 5 il H2 ilə işləyib:

“Lazımi güzəşti dövlət edir. H 2 üçün 160 manat, H 1 üçün isə  60 manat əlavə verilir. Yəni, güzəşt bəri başdan edilir. Direktorluğa qəbulda niyə güzəşt edilsin ki?!

Yalnız zəruri ehtiyac olduğu və məktəbdə kadr çatışmadığı təqdirdə güzəştin tərəfdarıyam. Çünki hazırda ucqar kəndlərdə kadr çatışmazlığı yaşanır.

Məndən olsa, 7-8 il təcrübəsi olmayan şəhər məktəbində rəhbər işləməsin. Çünki orada kollektiv, kontingent böyükdür”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları