Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 15:45:00
Sağlamlıq məhdudiyyətli şagirdlərə dərs deyən müəllimlərin yol verdiyi xətalar – “Bu ifadələri işlətməsinlər”

“İnkluziv təhsil verən müəllim  belə şagirdlərlə digərlərindən fərqli davranmamalıdır. Çünki bu uşaqlarda “niyə mənə yazıq kimi baxırlar?” fikri formalaşıb. Mən elə müəllimlər tanıyıram ki, inkluziv təhsil proqramını bilmir, amma belə şagirdlərə dərs deyir. Bunun uşaqlar üçün dəhşətli nəticəsi olur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı psixoloq Roza Kazımlı deyib. O, inkluziv təhsil alan şagirdlərin psixologiyasından danışarkən müəllimlərin onlarla necə rəftar etməli olduğunu da deyib.

Psixoloq bildirib ki, inkluziv təhsilə cəlb olunan şagirdlər inkişafdan geri qalan və ya fiziki məhdudiyyətli uşaqlar olurlar. Onların psixologiyası bir-birindən fərqlənir:

“Özgüvəni aşağı olan uşaqlara məktəbdaxili yanaşma düzgün seçilməlidir. Onunla digər şagirdlərdən fərqli davranmamalıdırlar. Çünki bu uşaqlarda “niyə mənə yazıq kimi baxırlar?” fikri formalaşıb. Onlar “Niyə məni digərlərindən fərqləndirirlər?”, “Mənim qüsurum nədir?” kimi düşüncələrə qapılırlar. Onlarda digər uşaqlarla müqayisədə daha çox aqressiya var.

İnkluziv uşaqlara dərs keçəcək müəllimin ilk növbədə öz psixoloji durumu normal olmalıdır. O, psixoloji amillər, həmin uşağa yanaşma tərzindən xəbərdar olmalıdır. Həmin şagirdlərə ayrıca təhsil verilsə belə, xüsusi proqramlar öyrədilməldir. Mən elə müəllimlər tanıyıram ki, inkluziv təhsil proqramını bilmir, amma belə şagirdlərə dərs deyir. Bunun uşaqlar üçün bərbad nəticəsi olur. Bütün müəllimlər ən azı ABA terapiyanı bilməlidirlər. İnkluziv təhsildə uşaqları dəyərləndirmək üçün xüsusi testlərdən istifadə edilməlidir. Test etməklə uşaqda hansısa xüsusi qabiliyyəti üzə çıxarmaq olar.

Bunun üçün xaricdə xüsusi kurs və testlər var. Şagirdin nəyə əsasən fərqlənməsi, nə qədər geri olması, 1 il ərzində hansı irəliləyişin olacağı - hər biri test və kurslar vasitəsilə dəyərləndirilir”.

Onun sözlərinə görə müəllim belə uşaqla əzərək, yazığı gəlirmiş kimi deyil, sıravi şagirdlərlə rəftar etdiyi kimi davranmalıdır. Çünki onsuz da həmin uşaq öz vəziyyətini bilir:

“Evə getdikdə isə onu öyrətmək üçün induvidual yanaşma tətbiq edilə bilər. Tədrisdə də digər uşaqlarla  onun arasında fərq var. Məsələn, o uşaqların dərsdə istədiyi qədər-45 dəqiqə də, 2 saat da, 3 saat da oturmasına icazə var. Onun bütün dərsləri məktəbdə dinləməli olması ilə bağlı heç bir məcburiyyət yoxdur. İnkluziv təhsilin adı üstündədir. O dərs şagirdə evdə də keçirilməlidir”.

İnkluziv təhsil alan şagirdlərin yanında bu ifadələri işlətmək olmaz! Bu, onlarda böyük travma qoyur.

“Onun yanında başqa uşaqlara “Mən bilirəm ki, sən daha yaxşı anlayacaqsan”, “Bilirəm ki, sənin bacarığın var”, “Bilirəm ki, bu misalları sən yaxşı edirsən”, “Dünən filankəs daha yaxşı cavab vermişdi”  kimi ifadələr işlədilməməlidir. Dərsə hazır olmadığı zaman inkluziv təhsil alan şagirdin üzərinə gedilməməlidir.

Onsuz da bütün müəllimlər şagirdin məktəbə hazır olub-olmamasını onun oturuşu, duruşundan hiss edir. Ən azından müəllim uşağın gizləndiyini, başını aşağı salmasını, kiminsə arxasında dayanmasını hiss edirsə, bilir ki, həmin şagird bu gün dərsə hazır deyil. Belədirsə, heç onu üzə vurmaq da lazım deyil. Çünki sağlam uşaqlara təsir edən amillər inkluziv təhsil alanlara daha çox təsir edir. Bu, onlarda böyük taravma qoyur”.

Psixoloqun sözlərinə görə, belə şagirdlərin bir müəllimdən dərs alması da məcburi deyil:

“Hansı müəllim şagirdi daha yaxşı başa salır, anlayır, psixologiyasına bələddirsə valideyn də ona üstünlük verməlidir. Valideyn öz övladına diqqət etməli, onunla dostcasına söhbətlər aparmalı, fikir bölüşməli, ən əsası isə onun fikirlərini nəzərə almalıdır. Uşaq gün ərzində başına gələn hansısa hadisədən valideyninə danışırsa, o, övladı ilə bu barədə müzakirə aparmalıdır. Həmin məsələni müsbət tərəfə qabartmalıdır ki, uşaq özünü lazımlı hiss etsin”.

Roza Kazımlı inklüziv təhsil verən müəllimin yararlanmalı olduğu xüsusi metodlar barədə də məlumat verib:

“Məktəbin ilk vaxtlarından artterapiya önəmli olmalıdır. Bir uşaq 4 dərsin 4-nü də oturub dayanmadan zehni qabiliyyətləri formalaşdırmaqdan əlavə, müəyyən müzakirələrə cəlb olunmalıdır. Məsələn, bizim vaxtımızda şənbə günləri bir dərs olurdu o dərs zamanı hamı istədiyi nağılın müzakirəsini aparır, istədiyi rəsmi çəkir və s. edirdi. İndi rəsm dərsinə boş bir şey kimi baxırlar. İnkluziv təhsilli uşaqlarda bu qabiliyyətlər daha çox inkişaf edir. Məsələn, əli olmayan uşaqlar ayağı ilə rəsm çəkir. Onlarda bu qabiliyyətləri inkişaf etdirmək üçün şərait yarada, müəyyən teatrlara apara bilərlər.

Elə insan yoxdur ki, onun hər hansı qabiliyyəti olmasın. Sadəcə onu qabartmaq müllimlərin əlindədir. Bunu valideynlərə izah və sübut etmək lazımdır. Çünki bizim valideynlər öz övladlarının potensialını dəyərləndirə bilmirlər. Bu sübutla fiziki və ya əqli məhdudiyyətli övladı valideyninə daha yaxşı tanıtmaq olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları