Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 13:00:00
Şiddətli yağış  Lənkəran məktəblərinə və davamiyyətə belə təsir etdi - RƏSMİ

 

Noyabrın 11-i axşam saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb.

AzEdu.az təbiət hadisəsinin məktəblərdə tədrisə, ümumiyyətlə məktəb binalarına  nə dərəcədə təsir göstərdiyini müəyyənləşdirmək üçün Lənkəran Rayon İcra Hakimiyyətinin Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

Şöbə müdiri Aslan İbrahimov bildirib ki, bu, tədris prosesinə demək olar ki, mənfi təsir göstərməyib. Yağış şagirdlərin davamiyyətinə müəyyən  dərəcədə təsir etsə də, pedaqoji kollektiv hər şeyi yoluna qoyub:

“Valideynlər övladlarını qucaqlarında, avtomobillərlə məktəbə çatdırırdılar.  Bütün bunlar davamiyyətə müəyyən  təsir göstərə bilər. Çünki söhbət şagirdlərin islanmasından  gedir. Amma bütün hallarda təhsil ritminin  pozulmamasına çalışdıq”.

RTŞ-dən bildirilib ki, bəzi məktəblərdə damma baş versə də, ümumilikdə, orta ümumtəhsil müəssisələrində ciddi fəsad  yaranmayıb:

“Artıq yağış da bitib və hər şey qaydasındadır. Bu gün tədris prosesi öz axarı ilə davam edir”.

Qeyd edək ki, normadan artıq yağan yağış səbəbindən rayonun dağətəyi ərazisində yerləşən 7 kəndi sel basıb. Ən kritik vəziyyət isə rayonun Yuxarı Nüvədi, Səpirəkəran, Mamusta, Şağlaküçə, Kərgəlan, Şiləvar və Digah kəndlərində yaşanıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları