Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 23:50:00
Məktəblilər Bayraq gününü Cocuq Mərcanlıda qeyd etdi

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları və tələbələri Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər. AzEdu.az xəbər verir ki, rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Aİİ heyəti ilk olaraq “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni ziyarət edib, abidənin önünə əklil qoyub. İnstitut kollektivi və tələbələr daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş məktəblə tanış olublar. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Ziyarət zamanı institut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib.

 

Daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

 

Cəbrayıl Rayon İcra Hakimiyyəti müavini Tapdıq Nəsirov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrildiyini xüsusi vurğulayıb.

 

İnstitutun rektoru Ceyhun Məmmədov 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. C.Məmmədov ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Dövlət Bayrağımızın dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalandığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi uzaqgörən siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib.

 

Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, bu gün biz bu bayrağın ətrafında birləşmişik və millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir.

 

Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr vermək olduğunu qeyd edən C.Məmmədov gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün institutda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini bildirib.

 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev və Aİİ-nin tələbələri işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, 9 noyabr – Dövlət Bayrağı Günü ilə haqqında söhbət açıblar.

 

Aİİ-nin heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadət ocağında dindarlar üçün hər cür şərait yaradılıb.