Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 09:48:25
“Qazax Müəllimlər Seminariyası” imdad diləyir - Direktor GİLEYLƏNDİ

“Sinif otaqları birbaşa həyətə açılır. Belə olduqda soyuq daha tez hiss olunur və şagirdlər xəstələnirlər. Qapıların köhnə olması da soyuq havanın içəri tez daxil olmasına səbəb olur. Məktəbin döşəməsi köhnəlib. Cəmi bir kompüterimiz var”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Qazax rayonu Əskipara kənd orta məktəbininm direktoru Saleh Vəliyev deyib.

O məktəb ki, bir vaxtlar həmin binada Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərib və xeyli pedaqoq yetişdirib. İndi də məktəbdə bir zamanların məşhur seminariyanın xatirələri qorunur. Üstəlik, bu xatirələri itirəcək təmir-bərpa işləri də aparılmayıb.

Qeyd:

1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi Qazax şəhərinə köçürülüb. Sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Tədris ocağının buraya köçürülməsində görkəmli maarifçi, pedaqoq  Firidun bəy Köçərlinin  böyük rolu olub.

“Məktəbdə cəmi bir kompüterimiz var. Onunla da lazımı sənədləri hazırlayırıq”

Direktor qeyd edib ki, məktəbdə çatışmazlıq çoxdur. Ən mühümü isə istilik sistemi ilə bağlıdır:

“Sinifləri odun sobası ilə qızdırmalı oluruq. Ümumiyyətlə, məktəbin təmirə ehtiyacı var. İcra başçısı Prezident Administrasiyasının kuratoru ilə birgə bir dəfə məktəbdə olub. Yəqin ki, bir tədbir görərlər.

Başa düşürəm, məktəbimiz qapalı formada deyil, təmirə ehtiyacı var. Amma istilik sistemi olsa, yaxşı olar. Başqa məktəblər qapalıdır. Bizdə isə sinif otaqları birbaşa həyətə açılır. Belə olduqda soyuq daha tez hiss olunur və şagirdlər xəstələnirlər. Bu isə onların davamiyyətinə təsir edir. Şagirdlər qonşu məktəbin necə təmirli olmasını görürlər. Onlar da belə yerdə təhsil almaq istəyərlər. Hər halda şagirdlərin arzusu daha çoxdur və mən onların adından danışa bilmərəm. Amma bilirəm ki, onlar üçün istilik vacibdir. Şagirdlər özləri dilə gətirirlər ki, avtobusda üstümüzdən odun sobasının ətri gəlir. Bu, onlara narahatlıq yaradır.

Məktəbin avadanlıqları da keçmişdən qalıb. Təchizata ehtiyac var. Qapılar köhnə olduğuna görə, soyuq hava içəri tez daxil olur. Məktəbin döşəməsi köhnəlib. Xırda işləri öz hesabımıza həll etməyə çalışırıq. Məsələn, pəncərələri özümüz təmir etmişik.

Məktəbdə internet yoxdur. Cəmi bir kompüterimiz var. Onunla məktəb üçün  lazımı sənədlərimi hazırlayırıq. Amma şagirdlər kompütersiz qalır. Riyaziyyat, Fizikaya aid bəzi avadanlıqları isə təhsil şöbəsi verib. Müəllimlərimiz bunlardan istifadə edirlər”.

“Bir vaxtlar Səməd Vurğunun əyləşdiyi partanı illərdir ki, saxlayırıq”

O bildirib ki, vəziyyət 1992-ci ildən belədir. Qazax Müəllimlər Seminariyasından sonra burada tibb texnikumu da fəaliyyət göstərib. 2004-cü ildə bu ərazidə 4 nömrəli şəhər məktəbi fəaliyyətə başlayıb. Amma yeni qəsəbə salındıqdan sonra məktəb tikilərək, ora köçürülüb. Əskipara məktəbi isə 2016-cı ildən bu məktəbdə fəaliyyət göstərir.


Direktorun sözlərinə görə, məktəbdə Qazax Müəllimlər Seminariyasının xatirələri indi də qalıb:

“Nə də olmasa, həmin otaqlarda dərs keçirik. Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsinin bütün müəllimlərinin şəkilləri, köhnə dövrün partaları hələ də qalmaqdadır. Seminariya siniflərinin də şəkli var. Bir vaxtlar Səməd Vurğunun əyləşdiyi parta illərdir ki, yeni partalar olan sinfin qurtaracağında saxlanılır. Seminariyadan məzun olan dahi şəxsiyyətlərin hər birinin şəkli qalıb”.

Saleh müəllim bildirib ki, seminariyadan sonrakı dövrdə də məktəbin nəticələri yaxşı olub. Seminariya məzunlarından sağ olanları da var:

“Təsəvvür edin, Azərbaycanda ilk  universitet 1919-cu ildə açılıb. Qazax Müəllimlər Seminariyası isə ondan əvvəl də müəllim yetişdirib, ali təhsil verib.  Bu gün Azərbaycanın universitetlərində dərs deyənlərin çoxu birvaxtlar burada təhsil alanlardır.

Bizim kənd ermənilərin əsarəti altında idi. Azadlığa çıxandan sonra da kənd müəyyən qədər parçalandı. Məsələn, yeni qəsəbələr tikildi və əhali orada məskunlaşdı. Hazırda məktəbdə məcburi köçkün olan 102 şagird təhsil alır. Yaşlanıb rəhmətə gedən müəllimlərimiz də var. Onların yerinə də şəhərdən yeni müəllimlər gəlib”.

“Məktəbin acınacaqlı şəraitdə olmasına baxmayaraq, göstəriciləri yaxşıdır”

Saleh müəllimin verdiyi məlumata görə, keçən il məzun olan 10 nəfərdən 7-si ali məktəbə qəbul olub:

“Qəbul faizi yaxşıdır. Valideynlər də müəllim potensialını nəzərə alıb övladını bura qoyur. Üstəlik, qanuna görə, məcburi  köçkün şagirdlər istədikləri məktəbdə oxuya bilərlər. Amma başqa uşaqların məcburi köçkün məktəbində oxumasına icazə yoxdur. Buna görə də, şəhər şagirdlərinə məktəbə gəlmək üçün razılıq vermirik. Uzaq məsafədən məktəbə gələn şagirdlər də az deyil. Valideynlər bu müəllimlərə güvənirlər. Diaqnostik qiymətləndirmədə 20 müəllimdən cəmi 2-si aşağı bal topladı. Var olsunlar, yaxşı müəllimlərimiz var. Rayonun ən samballı müəllimləri bizim məktəbdədir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları