Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 09:58:00
Valideynlər bu hallarda   müəllimlərə işləməyə  imkan vermirlər –Görünməz təhsil fəlakəti

“Valideynlərin məktəb – övlad və müəllimə əlaqəsi – ilə bağlı   psixoloji tələbləri tam formalaşmayıb.

“Mənim övladımdan hər gün dərs soruş”, “O, həmişə ilk sırada otursun” kimi iradlarla müəllimin işinə təsir edirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı psixoloq Roza Kazımlı deyib. O, müəllim psixologiyası haqda danışarkən, valideynlərin onlara qarşı etdiyi haqsızlıq, göstərdiyi aqressiyanı qeyd edib:

“Valideynlər bu iradlarla müəllimin motivasiyasına təsir edirlər”

“Müəllim psixologiyası dayanıqlı olmalıdır. Psixoloq pasientlərini sakit qəbul etdiyi kimi, müəllim də valideyn və şagird psixologiyalarını belə qarşılamalı, dözümlü davranmalıdır.

Valideyn nə qədər təzyiq etsə də, müəllim öz yolu ilə getdikdə bu basqı ona birbaşa təsir etmir.

Təbii ki, müəllimin də dərs keçməkdən ötrü motivasiyası olmalıdır. Valideynlərin müəllimin işinə qarışaraq “övladım filan uşaqla bir yerdə oturmasın”, “filan uşaqdan dərs soruşdunuz, amma mənim övladımdan yox” və s. kimi iradları onun motivasiyasına təsir edir.

Amma burada vəziyyətə nəzarət  edən əsas şəxs əsasən müəllim olmalıdır. Çünki o, universitet bitirən, ziyalı insandır. Valideynin isə oxuyanı da, oxumayanı da var. Fərqli ailədən gələnlər var. Valideyn nə desə də, müəllim onu başa salmağı bacarmalıdır. “Mənim övladımdan hər gün dərs soruş”, “o, həmişə ilk sırada otursun” kimi iradlar müəllimin işinə təsir edir. Buna görə də onun psixologiyası davamlı olmalıdır”.

O, müəllimləri valideynlərlə birgə iş görməyə çağırıb:

“Dünən seans zamanı bir valideyn müəllimdən şikayət etdi. Müəllim şagirdə deyib ki, düz oturmasan, direktora şikayət edəcəyəm. Müəllim uşağı bununla qorxutmaqdansa, ana ilə əlbir olub problemi həll edə bilər. Uşaqların psixologiyası öz iradəsi hesabına özünü inkişaf etdirəcək qədər irəliləməyib. Amma valideyn və müəllim uşağa birgə və düzgün təsir etsələr, belə olmaz”.

“Valideyn ona kömək edən insanları düşmən deyil, vasitəçi kimi qəbul etməlidir”

 “Mən heç kimi qınamıram. Çünki hamı fərqli ailə və mühitdən çıxıb. Savadlı valideynlərlə belə problem yaşayırıq. Nəyisə düzgün yolla başa salanda anlamırlar. Başa düşmürlər ki, burada inciyəcək heç nə yoxdur. Artıq III seansdan sonra kobud şəkildə desək, valideyni ram edirik. Oxumaqdan əvvəl valideynin dünyagörüşü güclü olmalıdır. Ona köməyi olan insanları düşmən kimi deyil, sadəcə vasitəçi kimi qəbul etməlidir.

Bəzən psixoloji problemi olan valideyn müəllimi günahlandırır.

Onlar bəzən haqlı, bəzənsə haqsız olurlar. Müəllim şagirdi direktorla qorxudursa, valideyn haqlıdır. Bəzənsə deyirlər ki, müəllim mənim övladımdan hər gün dərs soruşmur. Başa düşmürlər ki, müəllimin hər şagirdə yetəcək qədər bol vaxtı yoxdur. Bu halda valideyn özünü aqressiv aparır. Psixoloq bütün problemlərini onlara tanıtmağa çalışır. O, valideynə övladını düzgün tanıdır ki, uşaq gələcəkdə problemlərlə üzləşməsin. Çünki uşaq da böyüyəndə onun etdiklərini təkrarlamağa başlayacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları