Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-02 10:32:00
Repetitorluğun ləğvi mümkündür? – “İmtahanların formatı dəyişməlidir”

“Hesab edirəm ki, qəbul imtahanlarında yalnız 10-11-ci sinfin materiallarından sual salınarsa, ölkədə repetitorluğun qarşısını ala bilərik”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Onun sözlərinə görə, şagirdlərin orta məktəbdə əldə etdiyi biliklə qəbul imtahanlarında uğur qazanması real deyil:

 

“Müəllimin birinci vəzifəsi dərs dediyi sinifdə şagirdlərin minimum bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Amma etiraf edək ki, şagirdlərin orta məktəbdə əldə etdiyi biliklə qəbul imtahanlarında uğur qazanması real deyil.

 

Repetitor sürətli proqramlarla 5-9-cu sinifləri əhatə edən mövzuları təkrarladır, yaddan çıxmış məsələləri xatırladır. Ona görə də repetitorluq orta məktəbdəki heç də təhsilin aşağı keyfiyyəti ilə bilavəsitə bağlı deyil. O həm də qəbul imtahanları ilə də bağlıdır”.

 

Ekspert şagirdlərin repetitor yanına getməyə məcbur edən bugünkü qəbul imtahanları olduğunu dilə gətirib:

 

“Biz ölkədə repetitorluğun qarşısını almaq istəyiriksə, qəbul imtahanlarının formatını dəyişməliyik. Əgər şagird 9-cu sinfi bitirəndə buraxılış imtahanı verib, attestat alırsa, bu o deməkdir ki, o, 9-cu sinfə qədər bütün proqramların imtahanını vermiş olur. Şagird bundan sonra təhsilinə (10-11-ci sinfə) davam edir. Hesab edirəm ki, qəbul imtahanlarında yalnız 10-11-ci sinfin materiallarından sual salınarsa, ölkədə repetitorluğun qarşısını ala bilərik.

 

Həmçinin bu orta məktəblərdə dərsin keyfiyyətinə də öz təsirini göstərər. Bu gün şagirdlərin əksəriyyəti 10-11-ci sinifdə məktəblərə getməyib, repetitor yanına gedirlər.

 

Ona görə də məktəblərdə davamiyyət aşağıdır. Qəbul imtahanlarında şagirdlər yalnız 10-11-ci sinif suallarına cavab versələr, çox rahatlıqla dərsi elə müəllimlərinin yanında öyrənəcəklər. Yəni şagirdlərin repetitor yanına getməyə məcbur edən bugünkü qəbul imtahanlarıdır. Düşünürəm ki, qəbul imtahanın qaydası dəyişərsə, müəllim şagirdinə repetitorluq etməz”,- deyə ekspert fikrini tamamlayıb.