Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-04 14:18:00
Qəbul imtahanlarında son ŞANS: Abituriyentlər həyəcanını necə cilovlasın?

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı keçiriləcək. Abituriyentlərin birinci cəhddə iştirak etməsinə baxmayaraq həyəcan və stressləri demək olar ki, eyni dərəcədədir. Bu isə sözsüz ki, nəticələrinə təsir edir.

 

Bəs abituriyentlər nə etməlidirlər ki, birinci imtahanda etdikləri səhvləri təkrarlamasınlar?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Əfsanə Rüstəmova bildirib ki, insanların bilmədiyi mövzulara dair həyəcanının olması çox təbii haldır:

 

“İnsanlar müəyyən mövzuda təcrübəli olduqlarını bildikləri zaman həmin mövzuya rahat yanaşırlar. Əksinə olduğu təqdirdə isə həyəcan və stress yaşamaları normaldır. Əgər bir insan həm təcrübəsiz, həm də rahatdırsa, bu onun patoloji probleminin olduğundan xəbər verir.

 

Bir baxıma qəbul imtahanlarının iki mərhələdən ibarət olması abituriyentlərin xeyrinədir. Bu zaman həyacan yaşadığına görə potensialını ortaya qoya bilməyən, bildikləri nüanslarda səhvlik edən namizədlər ikinci şansda daha rahat şəkildə iştirak edərək, həmin səhvləri təkrarlamaya bilərlər”.

 

Psixoloq qeyd edib ki, həyatımızın hər anında stress var və ondan qaçmaq qeyri-mümkündür:

 

“Nə qədər ki, həyat davam edir stressin, həyəcanın olması normal haldır. Düşünürəm ki, həmin dövrlərdə gərginlik yaşamamaq üçün əvvəlcədən müvafiq tədbirlər görülməlidir. Müşahidələr onu göstərir ki, üzmək həyəcanın idarə olunmasına müsbət təsir göstərir. Abituriyentlər hündürlüyü öz boylarından daha qısa olan hovuzlarda və ya dənizdə üzərək stressi özlərindən kənarlaşdıra bilərlər”.

 

Ə.Rüstəmova son olaraq qeyd edib ki, abituriyentlərin həyacanının azalmasında ailə faktoru böyük rol oynayır. O, qeyd edib ki, valideynlər övladlarını çox sıxmamalı, imtahanlar mövzusunda bir qədər rahatlıq verməlidir.

 

Kəmalə Hüseynova