Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 13:10:00
“Dərslik bəzək kitabı deyil ki,  üstündə xüsusi işləsinlər” – Azərbaycan dili kitablarının şablonluq bəlası

“Kitabın üz qabığında dillə bağlı hansısa simvol və ya aforizmə ehtiyac yoxdur. Bütün siniflər üzrə dərsliklər standart formada olmalıdır. Dərsliyin üstündə hansısa şəkillər çəkmək olmaz. Bu nəyə lazımdır axı?! Rəsmiyyət olmalıdır”

AzEdu.az ayrı-ayrı fənlərə aid dərsliklərinin üz qabığını araşdırmaqda davam edir.

Bu dəfə isə Azərbaycan dili dərsliklərinin üz qabığı, burada yol verilən yanlışlar araşdırılıb:

Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bu dərsliklərin üz qabığında mütləq dil ilə bağlı simvollara yer verilməlidir.

“Məsələn,  Bəxtiyar Vahabzadənin  “Ana dili” şeiri, Heydər Əliyevin Azərbaycan dili haqqında fikirləri  və s.  kitabın üz qabığında əks oluna bilər. Burada milli  ornamentlər, dillə bağlı aforizmlərdən də yararlanmaq olar.

Dərsliklərin üz qabığında nəyin olması isə siniflərə görə dəyişir. Təbii ki, aşağı və yuxarı sinif kitabları bir birindən fərqlənəcək”.

“Kitabın üz qabığında  dillə bağlı hansısa simvol və ya aforizmə ehtiyac yoxdur”

Filologiya elmləri doktoru Sayalı Sadıqovanın fikrincə isə Azərbaycan dili dərsliklərini hazırlayarkən standart olmaq, üzərində dövlət rəmzləri ilə kifayətlənmək lazımdır:

“Azərbaycanca  dövlət dili olduğuna görə bu fənn dərsliklərinin üz qabığına yalnız dövlət rəmzlərini vermək olar. İndiyədək Azərbaycan dili dərsliklərini ümumi formada dərc etdiriblər. Akademiyanın “Müasir Azərbaycan dili qrammatikası” dərc olunub. Burada dövlət rəmzləri kitabın üz qabığında deyil, içində əks olunub.

Hazırda dərsliklərin üz qabığı  şagirdə xüsusi nəsə aşılamır.

Yalnız ümumi formada dərc olunub, üstündə də sadəcə, “Azərbaycan dili” yazılıb. Fizika, Riyaziyyat dərslikləri necə tərtib olunursa, bu da elə olmalıdır. Dərsliklər üçün ümumi qaydalar var. Təhsil Nazirliyi ümumi forma hazırlamalı, bütün dərsliklər bu formada olmalıdır. Amma ilk səhifədə dövlət dili haqqında qanunun olması mütləqdir”.

“Dərsliklərin üz qabığında bir rəsmiyyət olmalıdır”

Onun sözlərinə görə, dərsliklərin üz qabığında bayağılıq, xüsusi şəkillər yolverilməzdir:

“Məncə, kitabın üz qabığında dillə bağlı hansısa simvol və ya aforizmə ehtiyac yoxdur. Azərbaycan dili haqda  yazan görkəmli klassiklərimiz var. Onların şəklini vermək nə dərəcədə düzgündür? Axı dərsliyin tələbi var. Bunlar şagirdin diqqətini yayındırmır, amma dərsliklərin üz qabığında bir rəsmiyyət olmalıdır. Dilin təbliği dərsliyin içərisində öz əksini tapmalıdır, nəinki üz qabığında .

Rəsmi şəkildə dərsliyin adı və müəllifi yazılmalıdır. Ümumi qaydamız var. Bütün siniflər üzrə dərsliklər standart formada olmalıdır. Bayağılığa yol vermək olmaz. Dərsliyin üstündə hansısa şəkillər çəkmək olmaz. Bu nəyə lazımdır axı? Dillə bağlı lazımlı məlumat kitabın içində əksini tapmalıdır. Amma üz qabığı ümumi qaydalara uyğun hazırlanmalıdır”.

“Dərslik bəzək kitabı deyil ki,  üstündə xüsusi işləsinlər”

Hədəf kurslarının direktoru Şəmil Sadıq isə bildirib ki, bizdə və xaricdə dərsliklərin üz qabığına fərqli yanaşılır:

“Biz daha çox klassik, milli-mənəvi köklərimizlə bağlı ornament və şəkillərə üstünlük veririk.

Məncə, dil dərsliyi deyəndə əsasən əlifba, hərflər nəzərdə tutulur. Milli Azərbaycan manatının üstündə Orxon yenisey abidələrindən əlifbamız var. Mən Azərbaycan dili dərsliyi hazırlasam, onun vasitəsilə fonda bir yerdə gizlətmə edərdim. Azərbaycan dili sözünü daha kreativ formada, mili naxışlarla ifadə etmək olar.

Amma son vaxtlar dizaynda daha çox sadəliyə önəm verilir. Çox bəzəkdən şagird yorulmamalıdır.  Amma  bu dərslikdir. Dərslik bəzək kitabı deyil ki,  üstündə xüsusi işləsinlər. Məncə dərslikdə sadə dizayn daha önəmlidir. Bir neçə rənglə dərsliyin adını yazıb, bir-iki kiçik ornament əlavə etmək  olar. Üz qabığı çox bəzəkli olanda da dərslik nağıl,əlifba kitabına bənzəyir. Sadəliyə üstünlük vermək, amma fonda Orxon -Yenisey əlifbalarını göstərmək lazımdır”.

Dərsliyin üz qabığı içindəkilər ilə nə dərəcədə uzlaşır sualına isə Şəmil Sadıq belə cavab verib:

“Dərsliyin içində Azərbaycan dilinin qrammatikası yer alıbsa, mən onun içindəkiləri üz qabığında necə ifadə edə bilərəm. Bəzən dərsliyin üzündə millət, Azərbaycan olur. İçində isə tam fərqli, yad bir adam obrazı ortaya çıxır. Və ya dil tam qorunmur.

Mən  Rafiq  müəllimin  kitabları ilə maraqlandım. Gördüm ki, kitabda eyni zamnada həm əyləncə, həm də ciddilik var. İbtidai siniflər üçün ana dili dərsliklərini nəzərdə tuturam. Orada diqqətimi çəkən hansısa qəbahət görmədim.

Dərsliklərdə bu millətin kimliyi, keçmişi, sabahı sətiraltı da olsa, ifadəedilməli, bununla bağlı kitabda xeyli yanaşmalar olmalıdır”.

“Qiymətləndirmə bizə dərsliklərimizi kifayət qədər keçməyə imkan vermir”

Onun sözlərinə görə, 2006-cı ildən bu günəcən dərsliklərlə bağlı xeyli irəliləyiş olsa da, müəyyən çatışmazlıqar da var:

“Dövlət İmtahan Mərkəzinin keçirdiyi bir “qiymət tərəzisi” var. Həmin  imtahan dərsliyin abu-havasına cavab vermir. Kitablarda sərbəst düşüncə, oxuyub anlama, sərbəst təfəkkür təbliğ olunur. Amma qiymətləndirmədə yenə ortalığa nəzəriyyə çıxır. Uşaqlar yenə o dərslikləri kənara qoyub nəzəriyyəni oxumağa başlayırlar.

Dərsliklərimiz beynəlxalq qiymətləndirmənin tələblərinə cavab verən formatdadır. Amma sondakı qiymətləndirmə bizə dərsliklərimizi kifayət qədər keçməyə imkan vermir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları