Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 12:00:00
""Ana uşağı" ruhundakı kişi müəllimlər orta məktəbdə dərs deyə bilməzlər"

Evdə və məktəbdə "ana uşağı" psixologiyası ilə böyüyən uşaqlar sonradan azad cəmiyyətə atıldıqda, müəyyən qayğılarla üzləşdikdə çətinliklərlə qarşılaşırlar.

Məlumdur ki, Azərbaycan orta məktəblərində müəllimlərin əksəriyyəti qadın olur. Son illər müəllimliyin, pedaqogikanın "qadın peşəsi" olması ilə bağlı təsəvvürlər möhkəmlənib. Məktəblərdə kişi müəllimlərin sayının azalması da bu tendensiyanın möhkəmlənməsinə, xüsusən, ibtidai və orta məktəb sistemində zəif cinsin nümayəndələrinin aşkar dominantlığına səbəb olub.

“Ana uşağı” psixologiyasında böyüyən uşaqlarda hətta fizioloji zəiflik yarana bilir, onlar ağır zəhmətlə məşğul olmur və ya idmandan uzaq qalırlar.

“Uşaqların qadın hökmü  altında böyüməyi düzgün deyil”

Tanınmış pediatr Vaqif Qarayev AzEdu.az-a danışarkən bildirib ki, “ana uşağı” termini təkcə bizə aid deyil, başqa millətlərdə də bu var:

“Lakin bizdə bu, bir qədər aşağılayıcı mənada işlədilir. Əslində, indiki uşaqlar tamam fərqlidirlər. Təcrübəm imkan verir ki, 15 il bundan qabaqkı uşaqlarla indikiləri müqayisə edim. Qabaq valideyn nə deyirdisə, ya qorxudan ya hörmətdən uşaq ona qulaq asırdı. İndi belə deyil. Nadinclik, hiperaktivlik və.s var. Xüsusən oğlan uşaqlarının qadın hökmü  altında böyüməyi düzgün deyil. Baxın, evdə ana, bağçada, məktəbdə müəllimə qadın olur.

Sırf qafqazlı psixologiyası ilə yanaşsaq, bəs, bu oğlan uşaqları kişi sifətini harda görəcək? Sərtlik hələ aqressiya demək deyil. Bir var, ata, müəllim tərəfindən lazımsız aqressiya – lüzumsuz zorakılıq. Bu, qəbulolunmazdır. Bir də var, bir az sərt yanaşma. Tutaq ki, uşaq evdə nadinclik edib, ana qışqırsa da, övladını incitmək istəmir. Amma ata bir az başqa cür yanaşır. Düzdür, son zamanlar bizdə bəzi atalar uşaqların tərbiyəsi, sağlamlığı ilə məşğul olurlar. Əvvəl belə şey yox idi, hər şeyə ana nəzarət etməli idi. Lakin uşaq iki insanın övladıdırsa, buna mütləq ciddi yanaşılmalıdır. Bir fərq var sadəcə - ana süd əmizdirir. Qalan hər şey müştərək olmalıdır. Gərək bu bizim atalar bilsin”.

“Kişi müəllimlərinin çatışmazlığı ciddi sosial problemdir”

Müsahibimiz qeyd edib ki, hər şey ailədən başlayır və məktəbdə davam etdirilir:

“Məktəbdə valideyn iclasında siz tək-tük ata görə bilərsiniz. Harada yazılıb ki, valideyn iclasına ancaq ana getməlidir? Ya da həkimə uşağı ancaq ana gətirməlidir? Heç yerdə belə şey yoxdur. Bu, köhnədənqalma psixoloji durumdur. Ata valideyn olaraq uşağın sağlamlığına, təhsilinə - hər bir şeyinə müdaxilə etməlidir. Qadın müəllimləri pisləmək fikrim yoxdur. Amma onlar pedaqoq olsalar da, uşaqlara qadın psixologiyası ilə yanaşırlar. Çox sərtlik yoxdur, bağışlamağa daha meyllidirlər. Bu baxımdan görürsünüz, məktəblərdə nə hoqqalar çıxır. Hər şey ailədən başlanılır və məktəbdə davam etdirilir. Tədris müəssisələrində kişi müəllimlərinin çatışmazlığı ciddi sosial problemdir”.

“Övladlarımıza müstəqil düşünməyi öyrətməliyik”

Pediatr deyib ki, valideynlərin izafi, lüzumsuz, heç nəyə yaramayan sevgi-məhəbbəti sonra vəziyyəti qəlizləşdirir:

“Ana hökmü müəyyən yaşa çatandan sonra qızlarda da, oğlanlarda da  ailə qurmaqda özünü göstərir – sən hökmən bu oğlana ərə getməlisən və ya sən bu qızı almalısan. Ailə qurandan sonra “uşağın olmalıdır” kimi fikirləri demirəm hələ. Qətiyyən düzgün deyil. Sizə adi misal deyəcəm:  Cavan oğlan öz uşağını gətirir, amma oğlanın anası da yanındadır. Müayinə edirsən və nəticə ilə bağlı qərar verilməlidir. Oğlan qərar verə bilmir və anasından soruşur. Bu, çox ciddi məsələdir. Özü valideyn olsa da, övladı ilə bağlı qərarlar verə bilmir. Çünki qərarı bu günə qədər evdə həmişə ana verib. Burda anaların da günahı var. Biz qorxuruq ki, uşaqlarda müstəqil düşüncəyə çox yer versək, onlar ailədən qopacaq, kimlərəsə qoşulacaq. Yanlış yanaşmadır. Biz uşaq yaşında övladlarımıza öyrətməliyik ki, sərt düşünsə də, özü düşünsün. Sonradan o sərtliyi korreksiya etmək olar. “Sən onu düşünə bilməzsən, bunu edə bilməzsən” tipli fikirləri uşaqlara aşılamaqla onları “ana uşağı” edirik.

Bu barədə mütləq maarifləndirmə işləri aparılmalıdır. Zamanla da ayaqlaşmaq lazımdır. İki əsr bundan öncənin düşüncələri ilə yaşasaq, indiki dövrün tələblərinə cavab verə bilmərik axı... Televiziya çox böyük qüvvədir. Mən burda dediyimə inanmırlar, amma televiziyada gedən kiçik çarxlara inanırlar. Bu baxımdan sosial çarxlar hazırlanmalıdır. Lakin bütün bunlar kompleks şəkildə aparılmalıdır”.

“Belə adamların ibtidai siniflərdə dərs deməsi arzuolunmayan haldır”

Sosioloq-alim Əhməd Qəşəmoğlu isə düşünür ki, indiki vaxtda “ana uşağı” sayılacaq insanlar nisbətən azalıb:

“Yəni 50-60 il bundan qabaq cəmiyyətdə bu tipli insanlar daha çox idi. Çünki o vaxt televiziyalar, sosial şəbəkələr inkişaf etməmişdi, cəmiyyət sadə münasibətlər üzərində qurulmuşdu. Bir ana övladını sevib, əzizləyib istədiyi kimi saxlayırdı.

Düşünürəm ki, məsələyə “ana uşaq”larının gələcəkdə məktəblərdə dərs deməsi tərəfindən baxmağın hansısa aktuallığı yoxdur. Biz ümumiyyətlə, bu gün hansı insanların dərs deməyinin daha məqsədəuyğun olduğunu fikirləşməliyik. Müəllimlik elə bir peşədir ki, xüsusi istedad, qabiliyyət tələb edir. Hər adamdan müəllim olmaz.

“Ana uşağı” olan adamlar bir qədər sosiallaşmamış səviyyədədirlər. Onlarda bir qayda olaraq sosiallaşma prosesi arzuolunan şəkildə deyil.  Belə olduğu halda, təbii ki, dərs zamanı, tədris prosesində də özünü göstərir. Belə adamların ibtidai siniflərdə dərs deməsi daha arzuolunmayan haldır. Adətən, həmin vaxt şagirdlər müəllimi yamsılamağa çalışırlar, onların təsiri altında formalaşırlar”.