Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 16:38:00
Məktəb yeməkxanaları və oradakı aşpazlar sertifikasiya olunacaqlar

“Hazırda Qida Təhlükəsizliyi Agentliyi, Milli Kulinariya Assosiasiyası ilə birgə məktəb aşpazlarının sertifikasiyası üzərində işləyir”

Bunu AzEdu.az-a açıqlamasında Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyib. Onun sözlərinə görə, bununla bağlı iki qurum arasında  müqavilə imzalanacaq:

“Bu yaxınlarda yəqin ki, müqavilə bağlanacaq.  Müqaviləyə əsasən, ilk növbədə məktəb yeməkxanaları və orada işləyən aşpazlar sertifikasiya olunacaqlar.

Çünki aşpaz peşə məktəbində yemək bişirməyi öyrənir. Amma o bilmir ki, bağça və məktəbdə uşaq necə yeməlidir. Ayrı-ayrı istehsalat sahələrində çalışan fəhlənin belə qidalanması fərqlidir. Sertifikasiya zamanı onlara məktəblinin necə qidalanmalı olduğu öyrədiləcək. Məktəb yeməkxanalarının sahiblərinə xüsusi dərslər keçiriləcək. Onlar yalnız həmin sertifikasiyadan sonra işləyə biləcəklər. Bu təklif müzakirə olunur. Artıq müsbət rəy də var. Bu, həm özəl, həm də dövlət məktəblərinə aid olacaq. Bütün dünyada bu sistem tətbiq olunur. QDA yeni yaransa da xeyli iş görüb. İllərlə yığıllıb qalan işlərin üstünə birdən getmək çətindir. Sertifikasiya QDA nə vaxt müvafiq bilsə, o vaxt tətbiq olunacaq. Müqavilənin hər sətri müzakirə olunmalıdır. Bu, 5-10 günün işi deyil”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları