Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 11:09:00
Qarabağ Universiteti: “Yeni ixtisaslara yer verilməlidir”

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisasın tədris olunacağını bildirib. Növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq. Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 mindən çox şəxsin təhsil alması nəzərdə tutulur.

 

Bəs,görəsən, Qarabağ Universitetinin sadəcə regionun deyil, Azərbaycanın ali təhsil brendi olması, dünyada tanınması üçün hansı addımlar atılmalıdır? Bu ali təhsil müəssisəsində hansı ixtisasların və fakültələrin yaradılması zəruridir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyevanın sözlərinə görə yeni yaranan universitetlərin brend şəklə gəlməsi, tanınması üçün ən vacib şərtlərdən biri beynəlxalq standartlara cavab verən təhsilin olmasıdır:

 

“Yəni Qarabağ Universitetinin təhsil və tədris proqramları beynəlxalq standartlara uyğun olmalı, eyni zamanda bu universitetin diplomunu xarici ölkələrdə tanınması ilə bağlı müvafiq addımlar atılmalıdır. Məsələn Avropa ölkələrində Türkiyənin bəzi universitetlərinin mavi diplomu birmənalı şəkildə artıq tanınır. Ali məktəbin tanınması üçün həm akademik, həm də tələbə mübadilə proqramlarını davamlı şəkildə həyata keçirmək lazımdır. Yaxşı ali təhsil müəssisəsi təbii ki, yaxşı mütəxəssisləri ilə tanınır. Öz sahəsində həddindən artıq yaxşı akademik göstəriciləri sahib olan, həmçinin həqiqi alim və professorların Qarabağ Universitetində dərs deməsi bu ali məktəbin adının tanınmasına böyük dəstək olacaq.

 

Bununla yanaşı Qarabağ Universitetinin tədqiqat-araşdırma universiteti olması da olduqca önəmlidir. Universitetdə yeni yaradılacaq araşdırma mərkəzləri laboratoriyalar, elmi-araşdırmalar həm ali məktəbin tanınmasına, həm də tələbələrin axınına şərait yaratmaqla yanaşı müvafiq sahədə maraqlı olan alim və professorların da diqqətini cəlb etmiş olacaq.

 

Düşünürəm ki, universitetin bir neçə dildə fəaliyyət göstərməsi olduqca önəmli məqamlardan biri ola bilər. Məsələn xarici vətəndaşların Azərbycan dilində təhsil alması çətindir, ona görə də bunu nəzərə alaraq xarici vətəndaşların da daha rahat və yaxşı təhsil ala bilmələri üçün bu cür şəraitlərin yaradılması zəruridir”.

 

Həmsöhbətimiz yeni yaradılacaq universitetdə yenilik, innovasiya texnologiyalarının olmasının vacib olduğunu vurğulayıb:

 

“Əsasən sağlamlıqla bağlı tibbə maraq dünyada populyardır və araşdırmalar göstərir ki, 100 ilin trendləri arasında həkimlər ümumiyyətlə səhiyyə sahəsi son 100 ildə də populyar olaraq trenddə qalacaq.

 

Həmçinin hazırda texnologiya və mühəndislik, süni intellektlə, data bazayla eyni zamanda kiber təhlükəsizliklə bağlı ixtisaslar da dünyada çox böyük maraqla qarşılanır.

 

Hesab edirəm ki, iqtisadiyyatla bağlı qurulan fakültələr özündə innovasiyaları əks etdirməyi bacarmalıdır. Çünki hazırda dünyada elektron ticarət var. Sadəcə iqtisadiyyat fakültələri deyil, innovasiyaya əsaslanan logistika və s. kimi sahələrin Qarabağ Universitetinə əlavə olunması çox yaxşı nəticə verə biləcəyini düşünürəm. Müəllimlik və s. kimi ixtisasların açılmasını bu universitetə çox da maraq cəlb etməyəcəyini hesab edirəm.

 

Yeni bir universitet varsa, mütləq şəkildə orada yenilik, innovasiya texnologiyaları da olmalıdır. Həmçinin oraya ən yaxşı mütəxəssislər cəlb olunmalıdır”.