Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 09:20:00
“Yol o qədər uzaqdır ki, şagird IX sinifdən təhsilini məcburən dayandırır” – 3-4 kəndə bir məktəbin düşdüyü rayon

“Qız uşağı IX sinfi bitirdikdə düşünürlər ki, “bunun evdə nə işi var, o, evdə artıq adamdır”.

AzEdu.az ayrı-ayrı bölgələrdə təhsildən yayınma hallarını araşdırmaqda davam edir.

“Belə halla rastlaşmamışıq ki, qarşısını da alaq”

Bu dəfə  Lerik rayonunda yaşanan təhsildən yayınma halları ilə maraqlandıq. Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev sayta açıqlamasında bu bölgədə belə halların olmadığını bildirdi. Bu neqativlərin qarşısının hansı tədbirlərlə alındığını soruşduqda isə belə cavab verdi:

“Belə bir halla rastlaşmamışıq ki, qarşısını da alaq. Maksimum çalışırıq ki, heç kim təhsildən kənar qalmasın. Mən məktəblərə tez-tez baş çəkirəm. Burada təhsilə maraq böyükdür”.

Lerik rayon Vistən kənd orta məktəbinin Riyaziyyat müəllimi  Rusif Məmmədov isə burada şagirdlərin təhsildən yayınmasını bir neçə amillə bağlayıb. İlk amil elə müəllimin özüdür:

“Qonşu kənddən durub dərsə vaxtında gəlmək mümkünsüz olur”

“Şagird  metodunu bəyəndiyi, şəxsiyyətinə hörmətlə yanaşdığı müəllimin dərsində daim iştirak etməyə çalışır. Çox fəal olmayan şagird belə sevdiyi müəllimin dərsinə can atır. Müəllim özünü sevdirə bilmirsə, məktəblinin fikri yayınır. Müəlliminə də önəmsiz şəxs kimi yanaşır.

İkinci amil şagirddi. Onun özününn  də dərsə maraq və diqqəti olmalıdır. Hər şeyi müəllimin boynuna yıxmaq olmaz. Bəzi şagirdlər öyrənmək həvəsindədirlər. Bəziləri isə nə müəllim, nə də dərsi önəmsəmək istəmir, gələcəyinin məsuliyyətini dərs etmirlər”.

Üçüncü amil - üç kəndə bir məktəb...

“Problem yol şəraiti ilə bağlıdır. IX sinfə qədər olan məktəblər kəndin daxilində olur. X-XI sinif məktəblərin sayı isə  3-4 kənd üçün bircə dənədir. X-XI sinif məktəbləri kənddən uzaq olduğuna görə, şagirdlər IX sinfi bitirib təhsildən uzaqlaşırlar. Qonşu kənddən durub gəlmək, dərsin tez başlanması mümkünsüz olur. Yağışlı, palçıqlı şəraitdə davamiyyət ümumiyyətlə aşağı düşür. Valideyn düşünür ki, “yola iki saat vaxt sərf etməliyəm, buna dəyməz, övladımı niyə göndərim ki?” IX sinfi bitirən şagirdlərin 5-10%-i qonşu kəndə məktəbə gedir. Qalanları isə şəhadətnamələrini alıb evdə oturur, və ya kollecə sənəd verirlər”.

Son anda müdaxilə

“Valideyni də tam olaraq günahlandırma olmur. Hər kəs istəyər ki, övladı təhsil alsın. İnanmıram hansısa valideyn uşağını zorla məktəbdən ayırıb desin ki, get, mal-qaraya bax. Bəzən, valideyn müəllimlərin fikrinə əsasən övladının özünü dərsdə yaxşı aparmayıb, oxumadığını görür və bu qərar gəlir. Düşünür ki, IX sinif imtahanında da yaxşı nəticə göstərmədi. Ondansa gəlib bizə evdə kömək etsin. Amma inanmıram ki, hansısa valideyn oxuyan uşağı məcbur təhsildən ayırsın. O, yalnız son anda müdaxilə edir”.

Rusif müəllim rayon məktəblərində şəraitin heç də yaxşı olmadığını bildirib. Onun sözlərinə görə, bu, davamiyyətə təsirsiz ötüşmür:

“Məsələn, mənim dərs dediyim məktəbdə tədris ilinin 80%-i soyuq günlərə təsadüf edir. İndidən məcburən qızdırıcılardan istifadə edirik. Külək əsən kimi işıqlar sönür. Məktəbdəki şərait davamiyyətə təsir edir. Döşəməyə baxanda döşəmənin altı görünür. Pəncərələr sınıqdır, soyuq, külək dərsə imkan vermir. Pəncərə çərçivələri dördtərəfli boşluqdur. Şagird xəstələnir, valideyn məktəbin şəraitini bildiyinə görə, onu sağalanacan dərsə qoymur”.

Qərar nöqtəsi

Xüsusilə də qız uşaqlarının erkən nikah məsələsinə gəldikdə isə müəllim bildirib ki,  dərs dediyim məktəbdə şagirdlərin 80 %-i qızdır:

“Şagirdlərin 80%-i dərsə gəlirsə, onların 65%-i qızlar olur. Burada qızların təhsilinə böyük diqqət ayrılır. Amma bu bölgədə IX sinif qərar nöqtəsidir. Heç görməmişik ki, hansısa qız VIII sinifdən çıxıb nişanlansın. Bu, adətən, doqquzillik kənd məktəbini bitirdikdən sonra olur. Oğlan uşaqlarının valideyni müəllimlərin ona ümidini görür. Tövsiyə edir ki, dərslərinə diqqət et, filan sənətin sahibi ola bilərsən.

Amma qız uşaqlarında vəziyyət başqadır. O IX sinfi bitirdikdə düşünürlər ki, “bunun evdə nə işi var, o, evdə artıq adamdır”.

Valideyn övladının vaxtının boşa getdiyini fikirləşir. Görür ki, qızı universitet oxumayıb, işləməyəcək, sırada ailə həyatı gəlir. Valideyn baxır ki, bu iki mərhələni övladı keçməyəcək və onun ailə qurmasına razılaşır.

Kənddə belə uşaqları hansısa işə cəlb etmək üçün şərait yoxdur. Şəhərdə məktəbi bitirib universitet oxumayan qız sənət öyrənərək ən azından gözəllik salonunda işləyə bilir. Amma kənddə belə bir imkan yoxdur. Burada iki iş yeri var: məktəb və bağça. Rayon mərkəzinə getmək üçün 5-10 manatından keçməlisən. İş tapanda da ən azından rayon mərkəzinə getməli olursan. Belə olduqda valideynin, hamının hədəfi qızı nişanlanmaq olur. Amma özü oxumaq istəyib valideyn təkidi səbəbindən  nişanlanan qız görməmişəm. Belə halın olduğunu bilsəm, gedib valideynlə danışaram. Əksinə, valideynlər gəlib uşaqla əlavə məşğul olmağımı istəyirlər. Valideynlər pul təklif etsə də, maddi durumlarını nəzərə alıb bu işi pulsuz görürəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları