Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 16:27:00
Məktəblərdə şagird  “sirrini” valideynə həmən çatdıra bilən elektron jurnallar  - Onlar niyə işlədilmir?

“Təəssüf  ki, bu gün valideynlərin böyük əksəriyyəti məktəbli kitabçaları, yəni bizim “gündəlik” dediyimiz  vəsaiti  istifadə etmirlər.

Müəllimlərin bir çoxunun da kitabçalardakı qeydləri qənaətbəxş deyil”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti  Kamran Əsədov deyib. O qeyd edib ki, Azərbaycan ümumtəhsil məktəblərində məktəbli kitabçaları ümumiyyətlə, istifadə olunmamalıdır:

“İlk növbədə qeyd edim ki, gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Bu baxımdan, məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır.

Hesab edirəm ki, Azərbaycan ümumtəhsil məktəblərində məktəbli kitabçaları ümumiyyətlə, istifadə olunmamalıdır.

Bu, elektron xidmətlərlə həyata keçirilməlidir. Bu gün Azərbaycanda demək olar, bütün vətəndaşların mobil telefonları, kompüterləri var. Artıq elektron jurnallardan istifadə olunur. Şagirdlərin istər dərsə davamiyyəti, istərsə də dərsə cavab verməsi elektron lövhədə qeyd olunmalı və avtomatik olaraq valideynin mobil telefonuna və yaxud elektron poçtuna digər qaynaqlarla  birbaşa çatdırılmalıdır.

Təəssüf  ki, bu gün valideynlərimizin böyük əksəriyyəti məktəbli kitabçaları, yəni bizim “gündəlik” dediyimiz vəsaiti istifadə etmirlər. Müəllimlərin bir çoxunun da kitabçalardakı qeydləri qənaətbəxş deyil”.

Ekspert qeyd edir ki, sinif jurnalları ilə işləmək əlavə vaxt və kağız itkisidir. Onun sözlərinə görə, artıq bütün məktəblərdə elektron jurnalların yaradılmasının vaxtı gəlib çatıb:

“Biz artıq, şagirdin istər 5, istərsə də 10 ballıq şkalada qiymət aldığına öyrəşmişik. Lakin şagirdlərin dərsə hazırlığı, davamiyyəti, onların biliklərinin qiymətləndirilməsi elektron lövhələr vasitəsilə həyata keçirilməli və bununla bağlı valideynlər xəbərdar edilməlidir.

Bu, eyni zamanda, gündəlik dərsə davamiyyətin və qiymətləndirilmənin əks olunduğu sinif jurnallarına da aiddir. Bu jurnalda işləmək əlavə vaxt və kağız itkisidir. Bilirsiniz, bəzi məktəblərdə elektron lövhələr istifadəyə verilib, amma həyata keçirilmir.

2011-ci ildən bu günə qədər dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə vəsait ayrılıb ki, elektron jurnallar yaradılsın. Bu çox sadə və qısa müddətdə həyata keçirilməsi mümkün olan proqramdır.

Sadəcə,  valideynlər məktəblərdə yaradılmış elektron resurslardan qeydiyyatdan keçmirlər. Halbuki, bu cür sistemin tətbiqi vaxt itkisinin minimuma endirilməsinə, kağız daşıyıcılarına mümkün qədər qənaət edilməsinə səbəb olur.

Sabah da hər hansı hesabat lazım olanda bütün jurnalı və ya kitabçaları götürüb vərəqləməyə ehtiyac yoxdur. Nəticədə, növbəti tədris ilində elektron lövhələrdən Azərbaycanda fəaliyyət göstərən 4472 ümumtəhsil məktəblərinin hamısında tətbiq olunmalıdır. Elektron jurnallardan istifadə təhsilin müasir çağırışlara cavab verməsi deməkdir. Bunun kifayət qədər müsbət tərəfləri var”.